"MilliÖn" ödəmə aparatları insanları "soyur" - Pulu alır, amma yükləmir




"Paytaxt ərazisindəki yükləmə aparatlarında problem varsa, istifadəçilər dərhal şikayət etməlidirlər”.

Bunu Sherg.az-a dayanacaqlardakı ödəniş terminallarının, konkret olaraq "MilliÖn" ödəmə aparatlarının düzgün işləməməsinə münasibət bildirərkən hüquqşünas Ələsgər Məmmədli deyib. O bildirib ki, əgər sərnişinlər həmin aparata pul atıbsa və karta pul yüklənməyibsə məbləğ qaytarılmalıdır və ya kompensasiya olunmalıdır:

"Həmin aparatda olan pulun miqdarı ilə kəsilən qəbzlər qarşılaşdırılmalıdır. Dərhal şikayət etməklə pulunuzu geri qaytara bilərsiniz.

Ümumilikdə isə bu aparatların texniki hissələri ilə məşğul olan şəxslər və ya qurumlar məsələnin aktuallığını nəzərə alıb, belə halların yaşanmasını mümkün qədər minimuma endirməlidir. Bu, çox vacibdir. Həmin aparatlar geniş kütləyə xidmət edir və həmin sistemə olan etibarın azalmasına gətirib çıxara bilər”.

Yükləmə terminallarının əhalinin sıx yaşadığı hissələrdə az sayda quraşdırılması probleminə də toxunan Ə.Məmmədli deyib ki, bununla bağlı prosesi həyata keçirən şirkətlərin müəyyən öhdəliyi də olmalıdır:

"Onlar nə qədər əhali sayına neçə aparat quraşdırılmalı olduğunu bilməlidir. Əgər şirkət bunu təmin etmirsə, onlara bu hüququ verən tərəf hüququnu ya geri almalı, ya da ciddi nəzarət etməklə öhdəliklərinin icrasını təmin etməlidir”.

Qeyd edək ki, son günlərdə paytaxt sakinləri dayanacaqlarda quraşdırılan ödəmə terminallarının işləməməsindən şikayətlənir. Sakinlərin sözlərinə görə, xarab aparatlar bəzən pulu qəbul etmir, bəzən isə hətta daxil etdikdən sonra lazım olan məbləği karta köçürüb, çeki vermir.

Aysel Aslan