Əvvəl-axır Suriyada müharibə bitəcək

Ancaq indiki məsələ Əsədlə bağlı deyil, ortada daha ciddi problemlər var


Xəbər verdiyimiz kimi, mayın 3-də Soçidə Rusiya Prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Görüş zamanı Putin iki ölkə arasındakı münasibətlərin xüsusi status əldə etdiyini və tam bərpa olunduğunu bildirib. Ərdoğan isə rəsmi Moskva və Ankaranın birgə səylərinin Yaxın Şərqdəki vəziyyətə təsir edə biləcəyini açıqlayıb: "Rusiya Prezidenti ilə aparılan danışıqların nəticələri bir neçə gündən sonra görünəcək”.

Görüşlə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, Türkiyə və Rusiyanın münasibətlərinin pozulması məhz Suriya böhranına görə olub. Ekspertin sözlərinə görə, iki dövlət arasında gərginlik hələ də qalmaqdadır: 

"Bilirsiz ki, Türkiyə Əsədin getməsini, Rusiya isə qalmasını istəyir. Ancaq indiki məsələ Əsədlə bağlı deyil, ortada daha ciddi problemlər var. Əsas razılaşma məqamları Suriyadakı müharibənin başa çatmasından sonradır. Onsuz da əvvəl-axır regionda müharibə bitəcək. Müharibədən sonra bölgə uğrunda mübarizə aparan dövlətlərin maraqları necə təmin olunacaq? Əsas məsələ budur. Hər ölkənin öz maraqları var və heç kim ərazini əliboş tərk etmək istəmir. Xüsusən, Rusiya Tarsusda qalmaq uğrunda gərgin mübarizə aparır. Çünki strateji baxımdan həmin ərazi Rusiya üçün önəmlidir. Türkiyə də çalışır ki, öz cənub sərhədlərini möhkəmləndirsin və Suriyadakı tarixi mövqeyini bərpa etsin. Bilirsiz ki, Suriya və İraqda illərdir davam edən türkmən problemi mövcuddur. Ancaq Türkiyə və Rusiya anlaşması ilə iş bitmiş sayılmır. Bölgədə İran, ABŞ və digər ölkələrin də maraqları toqquşur. O baxımdan müzakirələr uzun müddət davam edəcək”.

İsmayıl