“Dini qruplaşmalar çox şişirdilir, amma...”

Ərəstun Oruclu: “Azərbaycanlıların Suriyadakı döyüşlərə cəlb olunması, gələcək üçün çox pis proqnozlardan xəbər verir”



Son günlər ölkədə radikal dini qruplaşmalar xeyli aktivləşib. Radikal dini qruplaşmalar olan "Meşə qardaşları” və "Ceyşullah”ın Azərbaycanda qarışıqlıq salacaqları, hərbi əməliyyatlara start vermələri ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayıblar. Bu xəbərlər ölkədə ciddi narahatlığa səbəb olub. Bəs, bu narahatlığın əsası varmı? Azərbaycanı doğrudan da, ciddi təhlükə gözləyirmi?

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə Azərbaycanda narahatlıq doğuracaq qədər dini təhlükə gözlənilmədiyi qənaətindədir:

- Konkret olaraq, böyük təhlükələrin bu günümüz üçün real olmadığını düşünürəm. Məncə, dini qruplaşmaların Azərbaycanda aktivləşməsi və onların terror törətmə ehtimalları daha çox şişirdilir və təbliğat məqsədi ilə istifadə olunur. Çox güman ki, kimlərsə, ölkədə gərginliyin artmasında maraqlıdır. Məhz, bu məqsədlə də Azərbaycanda dini qruplaşmaların terror törədəcəyi şayiələrini yayaraq, cəmiyyətdə narahatlıq yaradır. Ancaq perspektiv üçün Azərbaycanı böyük təhlükələr gözləyir. Çünki bu gün Suriyada döyüşən azərbaycanlılar yaxın gələcəkdə Azərbaycan üçün çox ciddi təhdiddir. Azərbaycanın milli təhlükəsizliyi üçün siqnaldır. Dediyim kimi, hazırda elə bir təhlükə yoxdur. Sadəcə, hansısa dini qruplaşmaların liderləri arasında mübarizə gedir. Bunu isə cəmiyyətə az qala mənsəblərarası qarşıdurma kimi təqdim edirlər. Reallıq isə belə deyil.

- "Meşə qardaşları” və "Ceyşullah”ın məlum mesajları barəsində nə düşünürsünüz?

- Onların hər biri müəyyən provakativ fəaliyyətlə məşğul olan kiçik qruplaşmalardır. Böyük ehtimalla onların arxasında ciddi siyasi maraqlar dayanıb. Onların törədə biləcəyi fəsadlara gəldikdə isə bunun o qədər də böyük miqyaslı olacağını düşünmürəm. Təbii ki, "Meşə qardaşları” və "Ceyşullah” ölkədə müəyyən təxribatlar törədə bilərlər, amma onun miqyası bizim üçün ciddi təhlükə hesab olunmamalıdır.

- Suriyada cihad adı altında döyüşə gedənlərin qayıtdıqdan sonra bizim üçün təhdid olacağını vurğuladınız. Sizcə, bu problemin qarşısı necə alınmalıdır? Burada əsas iş hansı qurumun üzərinə düşür?

- Bu məsələ ümumilikdə cəmiyyətin problemidir. Ona görə də, onların qarşısının alınması üçün bütün dövlət orqanları bu problemə diqqət ayırmalıdır. Xüsusən də Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq bu məsələ ilə ciddi məşğul olmalıdır. Öz növbəsində, Dini Qurumlarla İş üzrə Komitə və Qafqaz Müsəlmanları İdarəsi də prosesin qarşısını almağa çalışmalıdır. Ölkədə kompleks tədbirlər planı hazırlanmalıdır ki, gənclərimizin Suriyaya axın etməsinin qarşısını ala bilək. Dediyim kimi, azərbaycanlıların gedib Suriyada döyüşməsi çox ciddi hadisədir. Bu məsələyə laqeyd qalmaq olmaz. Çünki Azərbaycanın bu proseslərə cəlb olunması gələcək üçün çox pis proqnozlardan xəbər verir. Mötəbər qərb mənbələrinə əsasən Suriyada döyüşən muzdluların sayı təxminən 5500 nəfər civarındadır. Bizim yerli mənbələr isə göstərir ki, Azad Suriya Ordusuna qoşulan azərbaycanlıların sayı 250-500 arasındadır. Hətta ən azı 250 nəfəri belə götürsək, bu, muzdluların 5 faizi deməkdir. Bu çox böyük bir rəqəmdir. Hələ ən aşağısı 5 faizdir. Bu təhlükənin qarşısı indidən alınmazsa, sonra başımız çox ağrıyacaq. Ona görə də gəncləri bu prosesə cəlb edib aparan qurumlar, təşkilatlar zərərsizləşdirilməlidir. Faktiki olaraq, onların fəaliyyəti qanunazidd və cinayətkarlıqdır. Onlar Azərbaycan vətəndaşlarını qeyri-qanuni yollarla silahlı birləşmələrə təhrik edirlər. Hansı ki, həmin silahlı birləşmələrin mütləq əksəriyyəti beynəlxalq terrorizmin subyekti hesab olunur.

- Deməli, MM-də Suriyaya gedənlərə qarşı cinayət işinin açılması təklifi ilə razılaşırsınız. Bəs, bu, çıxış yoludurmu?

- Ən doğru yol budur və onların cinayət məsuliyyətinə cəlb olunması mümkündür. Çünki onların hər biri qanunsuz silahlı birləşmələrdə iştirak edirlər. Görülməsi zəruri olan kompleks tədbirlərin bir hissəsi də elə bu yoldur.

- İddialara görə, Suriyanın xüsusi xidmət orqanları Bəşər Əsəd hakimiyyətinə qarşı döyüşən qüvvələrin sırasında niyə azərbaycanlıların çoxluq təşkil etməsi və ən qaynar nöqtələrdə keçirilən əməliyyatlarda fəallıqları ilə fərqlənməsi yönündə bəzi məsələləri araşdırıb. Bu səbəbdən də, Suriya xüsusi xidmət orqanlarının Azərbaycanı qarışdıracağı ilə bağlı söyləntilər dolaşır. Sizcə, Bəşər Əsədin Azərbaycanı qarışdıracağı ilə bağlı ehtimallar nə dərəcədə realdır?

- Əlbəttə, belə bir təhlükə istisna deyil. İstənilən halda, azərbaycanlıların Suriyada döyüşməsi cinayət tərkibli hadisədir. Əsəd rejiminin də azərbaycanlıların orada fərqlənməsinə sərt təpki verməsi gözləniləndir. Gördüyünüz kimi, azərbaycanlıların Suriyada döyüşməsi hərtərəfli bizim üçün təhdiddir. Aydındır ki, bu gün Suriyada döyüşən azərbaycanlıların hamısı orada ölməyəcək. Onların bir hissəsi ara sakitləşəndən sonra vətənə qayıdacaqlar. Həm də bir terrorçu olaraq.

Orada qurduqları əlaqələr, silah əldə etmək imkanları, terror şəbəkəsi qurmaq istəkləri bizim üçün heç də xoş olmayan hadisələrlə nəticələnə bilər.

Şəymən