İsa Hüseynovun xanımı maddi imkansızlıqdan gileylənir

Xəyal Rza: “Yazıçının ailəsi bununla bağlı ölkə başçısına da müraciət ünvanlaya bilər”
Elnur Astanbəyli: “Ədəbiyyat adamlarının kölgədə qalmasında Azərbaycan şairinin və yazıçısının özü günahkardır”

Müasir Azərbaycan ədəbiyyatının klassiki sayılan, biri-birindən dərin, maraqlı əsərləri ilə ədəbiyyatımızı işıqlandıran, "İdeal” kimi nəhəng tarixi-fəlsəfi romanı ilə böyük dönüş yaradan, hamının İsa Muğanna (Hüseynov) kimi tanıdığı qocaman Xalq yazıçısı bir müddətdir ki, səhhəti ilə bağlı problem yaşamaqdadır. Maddi imkansızlıq ucbatından, müalicə almaq və ya müayinə olunmaq üçün xarici ölkələrə yollana bilmir.

Uzun zamandır xəstəlikdən əziyyət çəksə də, təmsil olunduğu Azərbaycan Yazıçılar Birliyi və heç bir dövlət orqanından yazıçıya yardım əli uzadılmır. Azərbaycan ədəbi mühitinin zənginləşməsində müstəsna xidmətləri olmuş yazıçının həyat yoldaşı Firuzə xanım da mətbuata açıqlamasında vəziyyətlərinin mürəkkəb olduğunu söyləyib: "İsa məndən betər, mən də İsadan betər. O qədər problemlərimiz var ki”. Firuzə xanım İ.Muğannaya yalnız deputat Nizami Cəfərovun baş çəkdiyini deyib: "Ondan başqa heç bir millət vəkili və məmur yazıçının səhhəti ilə maraqlanmır. Bircə N.Cəfərovdur qapımızı açan. Çox sağ olsun”. İ.Hüseynovun əsərlərinin ilk oxucusu və redaktoru kimi tanınan xanımı onu da əlavə edib ki, yazıçıya Azərbaycan ədəbiyyatındakı xidmətinə uyğun dəyər verilmir: "Belə adamlar məhrumiyyət görməli deyil. Niyə görməlidilər ki?! Onlara dəyər vermək lazımdır. İsa hərdən çox narazılıq edir, amma onu susdururam. Deyirəm ki, keçmiş yazıçıları gətir gözünün qabağına, gör nələr çəkiblər. Mirzə Ələkbər Sabirin, Mikayıl Müşfiqin, Hüseyn Cavidin özləri ilə bərabər ailələri də əzab çəkirdi. Ailələrini də türməyə salırdılar. İndi heç olmasa, türmə yoxdur, oturmuşuq rahat. Nə yaxşı ki, türmədə deyilik”. Xatırladaq ki, ötən il ölkənin bir neçə tanınmış ədəbiyyat xadimlərinin də səhhətində problem yaranmışdı. Onlardan bəzilərini müalicə almaları üçün xarici ölkələrə göndərdilər. Bu işdə təmsil olunduğu qurumun, AYB-nin rolu böyük olub. Ona görə də İ.Hüseynovun hazırkı durumu ilə maraqlanmalarını və xaricə göndərilməsi barədə hər hansı işlər görüb-görmədiklərini öyrənmək üçün sözügedən qurumla əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza "Şərq”ə açıqlamasında bildirib ki, yazıçının ailəsindən onlara heç bir müraciət daxil olmayıb: "AYB-nin maliyyə imkanları çox aşağıdır. Amma ötən il İsa müəllim "Nəsimi” mükafatı ilə təltif olundu. AYB ona 5 min manat məbləğində pul mükafatı verdi”.

Həmsöhbətimiz qeyd edib ki, ailə müraciət edərsə, həmin müraciət müvafiq dairələrə yönləndirilə bilər: "Aidiyyəti nazirliyə müraciət edib, xaricə göndərilməsi məsələsinə baxılmasını xahiş edə bilərik”.

X.Rza söyləyib ki, yazıçının ailəsi bununla bağlı ölkə başçısına da müraciət ünvanlaya bilər: "İsa müəllim kifayət qədər sanballı şəxsdir. Özləri prezidentə müraciət etmək istəməsələr, bizə yazılı müraciət etsələr, lazımi yerlərə bildirərik”.

Şair, publisist Elnur Astanbəyli isə ədəbiyyat adamlarına ögey münasibətin sərgilənməsi barədə bunları deyib: "Yazıçılar və şairlər niyə başqasının əlinə baxmalıdırlar? Səhhətlərində problem yaranan kimi başqasından yardım gözləyirlər. Niyə ədəbi xadimlərin gözü başqalarının əlinə baxmalıdır? Ölkənin sürətli iqtisadi inkişafından və iqtisadi potensialından danışılır. Necə olur ki, ömrünü Azərbaycan ədəbiyyatına, azərbaycançılıq və dövlətçilik ideyasına həsr etmiş şəxsiyyətlərin problemi çıxanda inkişaf gözə dəymir?”. E.Astanbəylinin sözlərinə görə, ədəbiyyat adamlarının kölgədə qalmasında Azərbaycan şairinin və yazıçısının özü günahkardır: "Çünki yalnız özlərinin problemi olanda, əlləri daş arasında qalanda danışmağa başlayırlar. Azərbaycan yazıçısının və şairinin vəziyyəti çətinə düşəndə məlum olur. İllərdir bu problemləri qabardırıq. Səsimizə səs verən yoxdur. Səsimizi çıxarıb haqq tələb edəndə də daş-qalaq edirlər. Bu ölkədə yazıçı, şair, mədəniyyət, tarix və ədəbiyyat gərəksiz sahələrə çevrilib. Təəssüf ki, buna çox az sayda insanlar reaksiya verir. Əksəriyyət hər şeydən razı kimi görünür”.

Yazar hesab edir ki, Azərbaycanda maddiyyat mənəviyyatın önünə keçib: "Bəzi məmurların cəmiyyət və ölkə qarşısında heç bir mənəvi öhdəliyi yoxdur. Onlar özlərini ədəbiyyat və tarix qarşısında öhdəlik götürmüş hesab etmirlər. Düşünürlər ki, yeganə öhdəlikləri övladlarının qarşısındadır. Övladlarına münbit şərait qurmaqla məşğuldurlar. Maddiyyatla maraqlanan insanlardır. Onların hesablamaları bundan ibarətdir ki, bu gün şirkətimin və restoranımın gəliri nə qədər olub. Nə qədər obyekt aça bildim. Məmurlarımız arasında sorğu keçirilsə, məlum olacaq ki, nə Sabirdən, nə Hüseyn Cavviddən, nə də İsa Hüseynovdan xəbərləri var. İ.Muğanna onlar üçün niyə maraqlı olmalıdır? Onlara pulmu qazandırır? Ölkədə mədəni dəyərlər arxa plana keçib. Ədəbiyyata maraq ölüb gedir. Bu işdə ədəbiyyat adamlarının özləri günahkardır”.

Ayyət Əhməd