Əli Əliyev-Eldəniz Quliyev münaqişəsi etikanı aşdı

Eldəniz Quliyev: “Fahişədən, dilənçidən başlayıb, Amerika casusu, Rusiyanın adamı, İrana işləməyimə qədər gedib çıxdılar”


"El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev "Yeni Müsavat”ın 2 fevral tarixli sayında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev haqda "qədim peşə sahibi” ifadəsini işlətmişdi. Əli Əliyevin müavini Ramin Hüseynov isə buna cavab olaraq Eldəniz Quliyevi "siyasi fahişə” adlandırmışdı. Ramin Hüseynovun bu cavabı artıq tərəflər arasında münasibətləri biri-birinə qarşı açıq ifadələr, daha ağır təhqirlər müstəvisinə keçirib. VİP-lə "El” Hərəkatı arasındakı münaqişənin niyə və nədən qaynaqlandığını öyrənmək üçün hər iki tərəflə əlaqə saxladıq. Tərəflər yenə də biri- birini suçladı və hər iki müsahibim birinci olaraq qarşıdurmanı qarşı tərəfin başlatdığını iddia etdi.

- Məni azdan-çoxdan tanıyanlar bilir ki, bu günə qədər heç kimin bostanına daş atmamışam. Sadəcə, ünvanıma atılan sözlərə cavab vermişəm. Bəzi tərbiyəsiz saytlar var ki, mənim adımdan həqiqəti əks etdirməyən tənqidlər yayaraq ara qızışdırırlar. Necə ki, bir neçə ay bundan əvvəl də mənim Arif Hacılı, Sərdar Cəlaloğlu və Əli Əliyevi tənqid etməyimlə bağlı məlumat yaymışdılar. O vaxt Arif Hacılı və Sərdar Cəlalolu bu məlumatların mənə qarşı kompromat olduğunu başa düşdü. Çəkişmələrə gəldikdə isə hər şeyi onlar başlatdı. Heç gözləmədiyim halda

Əli Əliyevin müavini təhqiramiz ifadələrlə mənə cavab verdi. Cavabdan sonra bildim ki, mənim adımdan yenə hansısa sayt məlumat yayıb. Mən də adekvat cavab verdim. Xeyli vaxtdır bu gərginlik səngisə də, VİP sədrinin Milli Şura haqqında təlxəyə yaraşar şəkildə danışması məni ona cavab verməyə məcbur etdi. Cavabım isə hər nə qədər sərt olsa da, ictimai rəydə adıma utanc gətirən ifadələr deyildi. Əvəzində isə qarşı tərəf haqqımda ağıllarına gələni danışdılar. Fahişədən, dilənçidən başlayıb, Amerika casusu, Rusiyanın adamı, İrana işləməyimə qədər gedib çıxdılar. Sən demə mən Ceyms Bond olmuşam. Buna paralel olaraq şəxsi təhqirlər yağdırmağa başladılar. Onların dilində danışıb, onlar səviyyəsinə düşmək istəmirəm. Allah hər şeyi əməllərinə görə versin! Birmənalı olaraq, deyirəm ki, Azərbaycan ictimaiyyəti heç vaxt VİP kimi partiyanı qəbul edə bilməz. Çünki onların lideri hər ağzını açanda özünü biabır edir. Bu da təbiidir. Əli Əliyev siyasətçi olmadığı üçün siyasətdə nə baş verdiyini də görmür. Əslində o adam həmişə qərəzli olub. Milli Şura yarananda, siyasi partiyaların fəaliyyətində bir aktivlik olanda, Əli Əliyev kimi adamları buraxırlar qabağa.

- Eldəniz bəy, eyni düşərgədə təmsil olunan partiyalar, birliklər arasındakı çəkişmələr cəmiyyət, ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Bəlkə, bu münaqişəyə son qoyasınız?

- Sizinlə tamamilə razıyam ki, eyni əqidəyə sahib olan, eyni düşərgədə təmsil olunan partiyalar arasında qarşıdurma heç də arzuolunan deyil. Hətta iki müxalifət partiyası arasındakı qarşıdurmaya da öz münasibətimi bildirmişəm. Onlara məsləhət gördüm ki, biri-biriniz haqqında danışmaqdansa, biri-birinizlə danışmalısınız. Bununla da, öz missiyamı yerinə yetirdim. Amma bu dediyim məsələ yalnız eyni düşərgədən olan partiyalar arasında mümkündür. Əli Əliyev nə vaxtdan bizimlə eyni düşərgədə təmsil olunur? Hətta VİP müxalifyönlü partiya kimi tanınan zamanlarda da müxalifət olmayıb. Obrazlı desəm, Əli Əliyev müxalifətçilərin arasında Gülüstanda "tikan” olub. Diqqət yetirsəniz, VİP funksionerlərinin müxalifət haqqında açıqlamaları ilə iqtidarın bəzi punksionerlərinin fikirləri arasında heç bir fərq yoxdur. Ona görə də Əli Əliyevin bizimlə eyni düşərgədə təmsil olunan adam kimi təqdim olunmasını qəbul etmirəm. Əli Əliyev həmişə Milli Şuraya qarşı kampaniya aparıb. Onun çıxışları, fəaliyyəti, Milli Şura yarananda Əli Əliyevin ona münasibəti, Rüstəm İbrahimbəyova qarşı mövqeyi bunu deməyə əsas verir ki, bu adam Milli Şuraya qarşıdır.

- Hər şey Eldəniz Quliyevin VİP haqqında təhqiredici ifadələrindən sonra başladı. O hələ Milli Şura yeni yaranan zaman Vətəndaş və İnkişaf Partiyasının iqtidara işləməsi barədə əsassız ittiham irəli sürmüşdü. Biz də adekvat olaraq Milli Şuranın Rusiya layihəsi olduğunu bildirmişdik. Sonradan E.Quliyev mətbuatda şəxsən mənim haqqımda tərbiyəsiz ifadələrlə çıxış etməyə başladı. Öz layiqli cavabını aldıqdan sonra isə ittihamlarına ara verdi. Lakin keçən həftə Əli müəllim "El” Hərəkatı ilə bağlı ona ünvanlanan suala cavab olaraq bildirib ki, bu təşkilatı bu qədər şişirtmək lazım deyil. "El” Hərəkatı yalnız Eldar Namazovdan ibarətdir. Bundan sonra isə Eldəniz Quliyev "Yeni Müsavat” qəzetində çıxış edərək Əli Əliyev barəsində təhqiramiz ifadələr işlədib. ABŞ-ın sabiq prezidenti Ronald Reyqandan sitat gətirib: "Reyqan deyirdi ki, elə siyasətçilər var, ikinci qədim peşə sahiblərinə çevriliblər. Bax, Əli Əliyev də Reyqanın dediyi siyasətçilərdən biridir”. Mən onun dediklərinə, özünü belə qeyri-adekvat aparmasına başqa izah tapa bilmirəm. Çünki onun bu hərəkətləri normal səviyyəli insan üçün xarakterik deyil. Bu adam bizə qarşı işlətdiyi son ifadələri ilə ən aşağılayıcı cavabı haqq edir. Lakin biz çoxlarından fərqli olaraq, ailə tərbiyəsi görmüşük. Ona görə də Eldəniz Quliyevin bu tərbiyəsizliyinə onun tərzində cavab verməyi, onun səviyyəsinə enməyi özümüzə rəva görmürük. Normal siyasi polemika aparmaq qabiliyyəti olmayan şəxslərə deyilməsi gərəkən çox sözlər olsa da, buna ehtiyac görmürük. "El” Hərəkatı Eldar Namazovdan ibarətdir” sözünə qarşı arqumentləşdirilmiş cavab vermək əvəzinə, söyüş leksikonuna əl atan şəxsə nə deyəsən? Bir daha deyirəm, biz artıq mətbuatda danışıb, onun səviyyəsinə düşmək istəmirik. Ancaq əmin olsun ki, VİP siyasi müstəvidə onun layiqli cavabını verəcək. Eldəniz Quliyevdən fərqli olaraq, biz söyüş söymürük, normal qaydada sözümüzü deyib, arxasında da dayanırıq”.

Qeyd edək ki, barışıq təklifimizə VİP-də müsbət yanaşmadı:

- "El” Hərəkatı müxalifət düşərgəsində heç bir çəkisi olmayan, yalnız bir-iki nəfərdən ibarət bir qurumdur. Onlar kimdir ki, biz onlarla dalaşaq, yaxud da barışaq. Sadəcə, Eldəniz Quliyevin bizə qarşı təhqirlərinə öz səviyyəsinə layiq cavab vermişik. Digər müxalifət partiyaları ilə isə heç bir problemimiz yoxdur. Yalnız vaxtı ilə Milli Şura ilə bağlı müəyyən iradlarımız olub ki, hamısı da bu gün öz əksini tapıb.