Nizami Cəfərov: "AYB sədrliyinə namizədlər yazsam, Anardan sonrakı yerləri boş saxlayaram..."

“Kimsə sədr olacaqsa, gərək Anar səviyyəsində olsun”


Azərbaycan Yazıçılar Birliyinin illərdir gözlənən qurultayının vaxtı, nəhayət ki, bəlli olub. AYB katibi Rəşad Məcid Gənclər Şurası üzvləri ilə görüşündə qurultayın aprel ayının ilk ongünlüyündə keçiriləcəyi xəbərini verib. Təbii ki, nəzərlər yenə də AYB sədri, Xalq yazıçısı Anara tuşlanıb. "Anarın namizədliyi təkrar irəli sürüləcəkmi?”, "AYB-nin sədri yenə də Anar olacaqmı” kimi suallar artıq bir neçə ildir gündəmdən düşmür.

Sədrlik məsələsinə Xalq yazıçısı özü də dəfələrlə münasibət bildirib. Bəzən loyal, bəzən kəskin, bəzən sakit, bəzən də əsəbi. Hətta hədsiz öfkəli bəyanatları da olub, "məni çox tənqid etsələr, sədrlikdə qalacam, yox, mənimlə uğraşmaqdan əl çəksələr, postumu təhvil verə bilərəm” kimi açıqlamaları da. AYB sədri sanki acığa düşür. "Nə qədər çox yazsanız, bir o qədər çox sədrlikdə qalacam” mesajı verir. Biz də Anarın əsəbi yanaşdığı sədrlik məsələsinə AYB-dən kənar münasibət almaq qərarına gəldik və millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərovu sorğu-suala tutduq. Danışılası mövzu çox idi, çünki qurultayın da vaxtı artıq demək olar, müəyyənləşib.

- Azərbaycan Yazıçılar Birliyi çox nizam-intizamlı işləyən ictimai birlikdir. Yazıçıların yubileyləri, kitab təqdimatları keçirilir, son illərdə çoxlu yaradıcı təşkilatlarla əlaqələrini genişləndirib, beynəlxalq əlaqələr yaradılıb, yəni işləyən bir qurumdur. Yazıçılara təqaüdlər verilir, bina tikilib... Amma Yazıçılar Birliyinin xüsusiyyətindəndir, tarixi bir ənənədir, nədirsə, orada həmişə mübahisələr, münaqişələr olub. Yazıçılar Birliyi yaranan gündən bu münaqişələr var. Mübahisələrin olması normaldır, təki xırdaçılığa gedilməsin, sənətə, ədəbiyyata xidmət edən mübahisələr olsun. Amma bəzən o qədər xırdaçılığa gedilir ki, məişət səviyyəsinə enir. Dedi-qodu səviyyəsində olur. AYB-nin iş prinsipinə, şəxsən Anar müəllimin keyfiyyətlərinə bələd adam kimi, bilirəm ki, bu dedi-qoduların heç biri əsaslı deyil, yalandır, şayiədir. AYB ətrafında iddialar, maraqlar həddindən artıq çoxdu. Belə vəziyyətdə Anar kifayət qədər ziyalılıq göstərir.

- Sizcə, qurultayın vaxtı niyə bu qədər uzandı? İndiyədək bir neçə dəfə müddət göstərilib, qurultay keçiriləcəyi bildirilib, lakin təxirə salınıb...

- Qurultaydan qaçmaq lazım deyil. Anar da qaçan adamlardan deyil. Amma tez-tələsik keçirilən qurultayların da bir əhəmiyyəti olmur. Gərək qurultayın keçirilməsi üçün əsaslı səbəblər olsun. Qurultayların tez-tez keçirilməsini istəyənlərin fikirlərində müəyyən avantürizm meylləri var. Onlara qalsa, deyərlər, ildə bir dəfə qurultay keçirilsin, öz avantürist planlarını icra etmək üçün fürsət əldə etsinlər.

- Özünüz dediniz ki, Yazıçılar Birliyində həmişə münaqişələr olub. Nə dururdu bu münaqişələrin kökündə?

- Sovet dövründə bu, daha çox idi. Rəhbərlik iddiasında, sədrlik arzusunda olanlar həmişə olub. Bəlli bir ideologiya vardı, Yazıçılar İttifaqına da, (o zaman qurum belə adlanırdı), daha çox həmin bəlli ideologiya rəhbərlik edirdi, sədrləri də ideoloji mövqedən çıxış edərək təyin edirdilər. İndi demokratik dövrdür, ideoloji təzyiq yoxdur. Bununla belə Yazıçılar Birliyi həm də bir idarədir. Və əlbəttə ki, ora dövlət nəzarəti də lazımdır. AYB üzvü o adam olmalıdır ki, xalqın, dövlətinin təəssübünü çəksin. Əks halda, AYB-nin üzvü ola bilməz, nəinki rəhbərlikdə təmsil olunmaq. Dövlətin də ədəbiyyata qayğısı var. Təkcə ədəbiyyata da yox, ümumiyyətlə, mədəniyyətə, incəsənətə. Yaradıcı şəxslərə fəxri adlar verilir, təqaüd verilir. Yəni, burada dövlətin demokratik nəzarətindən söhbət gedə bilər. Dövlət AYB üzvlərinə necə, nədən yazmağı diktə etmir, sadəcə, milli və dövlətçilik maraqlarının qorunması istənilir ki, bu da təbiidir. Anar müəllim də həm xalq, həm də dövlət tərəfindən sayılıb-seçilən adamdı, nüfuzlu ziyalıdır. Sabah, birigün kimsə sədr olacaqsa, gərək Anar səviyyəsində olsun. Burda məsuliyyət məsələsi var. İndi, proses normal axarında gedir.

- Qurultayın vaxtı açıqlanıb. Məlumdur ki, yenə sədrlik məsələsi gündəmə gələcək. Artıq yaşlaşmağa doğru gedən "gənc yazarlar” "niyə yenə Anar” sualı ətrafında qızğın polemikalara başlayacaqlar. İstər-istəməz bu sual doğur ki, niyə axı yenə Anar?.. Bir tərəfdən də ha fikirləşirsən, başqa namizəd tapa bilmirsən... Yaxşı, kim ola bilər Anarın yerində?

- İnanın, mən də sizin kimiyəm. Kimsə düşünə bilər ki, daha bəsdi. Amma Anar işlədikcə, deyirsən, qoy işləsin. Həm istedadlıdır, ədəbiyyatı, ədəbi prosesləri bilir, həm nüfuzu, hörməti var, idaraetməni də yaxşı bacarır. Ona görə başqa namizədlərin üzərində dayanmaq olmur. Baxırsan ki, yox, bu, Anar deyil...

- Deyirsiz, Anardan başqa heç kim AYB-yə sədrliyə layiq deyil?

- Söhbət layiq olub-olmamaqdan getmir. Kimsə Anar müəllimdən yaxşı idarə edə bilər, amma bir təsərrüfat kimi. Mən bunu iddialardan görürəm. Daha da administrativ, daha da sərt. Elə qayda-qanun qoyacaqlar ki, Yazıçılar Birliyi bir nazirlik səviyyəsinə gələcək. Ancaq bu məsələdə Anarı "ötmək” olar. Anarın yerinə gəlmək üçün hələ o səviyyəyə çatmaq lazımdı.

- Yəni, siz sədrlik vəzifəsində Anar müəllimi əvəz edəcək adam görmürsünüz?

- Fikirləşirəm, yoxdu... Elə bir adam yoxdu.

- 80-ci illərin sonunda Anar müəllim alternativsiz sədr seçilmişdi, təkcə onun namizədliyi vardı?

- Yox, mən bilən, alternativsiz deyildi. Bir neçə adamın namizədliyi irəli sürülmüşdü.

- Məsələn, kimlərin?

- Dəqiq bilmirəm...

- Əkrəm Əylisli vardı?

- Mən onun məsuliyyətini götürmək istəmirəm. Həmin vaxt çox da proseslərin içində olmamışam. Amma bunu dəqiq bilirəm ki, Anar o vaxt da nüfuzlu idi. Milli, xalqa yaxın şəxsiyyət kimi tanınırdı artıq. Anarın elmi təfəkkürü, nüfuzu, milliliyi onun sədr seçilməsində böyük rol oynadı. Anar Azərbaycan xalqına "Dədə Qorqud”u tanıtdırmış bir adamdı. Dövlət də onu qəbul edirdi, xalq da. Həm kökə bağlı adam idi, həm də modernist. Axı ədəbi nüfuz da lazımdı. Bunların hamısı Anarda vardı.

- Yəqin, siz də bu yaxınlarda yazıçı Əkrəm Əylislinin o zamanlar Yazıçılar İttifaqında sədr təyinatı ilə bağlı dediklərindən xəbərdarsınız. Bu açıqlamalar da böyük rezonans doğurdu. Əkrəm Əylisli Anarın Mərkəzi Komitənin diktəsi ilə seçildiyini demişdi.

- Bayaq dedim ki, sovet vaxtı Yazıçılar Birliyinə ideoloji təzyiq olub. Amma 80-ci illərin sonlarında ölkədəki vəziyyət bəllidir. Məncə, o zaman Anarın sədr seçilməsi 80-ci illərin sonu üçün səciyyəvi hadisə idi. Və bu seçimin nə dərəcədə doğru olduğu sonrakı proseslər zamanı bəlli oldu. Yazıçılar Birliyinin sədri iddiasında olanlar vəziyyət gərginləşən kimi aradan çıxdılar, qaçdılar, amma Anar dayandı, milli və dövlətçilik maraqlarımızı müdafiə etdi, Yazıçılar Birliyini də dağılmağa qoymadı, taki ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnədək bu gərgin vəziyyət davam etdi. Bu mənada o zamankı seçkilərdə ziyalılarımız Anarın sədrliyi üzərində dayanmaqda haqlıydılar. Hətta, əgər bu seçim, Mərkəzdən gəlmişdisə də, Mərkəz də haqlıydı.

- Deyirsiniz ki, Anar müəllimə alternativ görmürsünüz. Yaxşı, sualı bir qədər fərqli formada qoyaq; tutalım, sizə AYB sədrliyinə namizəd seçkiləri ilə bağlı anket təqdim olunsa və orada 3 adamın adını göstərmək istənilsə, kimlərin adını yazarsınız, Anardan sonra...

- Sonrakı yerləri boş saxlayaram...

Məlahət Rzayeva