Yasamal qəbiristanlığının məşhur sakinləri...

Məzarlarda rahat uyuyanların ruhu yol çəkilişi səbəbindən perik düşəcək



Paytaxtda məşhur olan Yasamal qəbiristanlığı yolun genişləndirilməsi məqsədi ilə köçürüləcək. Məlumdur ki, həmin qəbiristanlıqda bir sıra tanınmış, ictimai-tarixi, mədəniyyət və incəsənət xadimləri dəfn edilib. Onların arasında hətta ailə üzvləri həyatda olmayan, yaxud nəsil davamçısı qalmamış şəxslər də var. Biz də "Şərq” qəzeti olaraq kimlərin dəfn olduğunu öyrənmək üçün qəbiristanlığa yollandıq.

Qəbiristanlığın girişinin sağ tərəfində postsovet məkanında ilk azərbaycanlı milyonçu Yelmar Məmmədovun məzarıdır. Biznesmen həyat yoldaşı Nəzakət Qocayeva ilə birlikdə dəfn edilib. O,

yaddaşlarda təkcə milyonçu kimi yox, həm də xeyirxah, səxavətli adam kimi qalıb. Həyat yoldaşı ilə birgə Daşkənddə olan Yelmar Məmmədov 12 aprel 1995-ci il tarixində çox müəmmalı şəkildə ölür. O vaxt rəsmi məlumatlarda bildirilirdi ki, onların yatdıqları otağa qaz sızması olub və tanınmış iş adamı xanımı ilə birgə qazdan boğularaq dünyasını dəyişiblər. Yelmar Məmmədovdan yadigar dörd övlad, iki qız, iki oğul qalıb.

Digər yuxarıda qeyd etdiyimiz məzarla üzbəüz Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi Vaqif Mustafazadənin məzarıdır. V.Mustafazadənin qəbrinin yanında anası, musiqiçi Zivərxanım Əliyeva torpağa tapşırılıb. Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, tamamlanmamış "Muğam” simfoniyasının bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. O, Daşkənddə ürək tutmasından dünyasını dəyişib.

Qəbiristanlıqdakı şəxslərdən birinin dediyinə görə, Azərbaycanın məşhur müğənnisi mərhum Nəzakət Məmmədovanın nəşi isə 1990-cı illərdə bacısı Səkinə Məmmədova tərəfindən buradan Gəncəyə aparılaraq orada dəfn olunub.

Qeyd edək ki, Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyib. Lakin əməliyyat zamanı Karol Anatoli İvanoviç adlı həkim-dermatoloqun səhvi nəticəsində bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilib.

Sumqayıt Teatrında çalışan, amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirən, 41 yaşında vəfat edən aktyor Səməndər Rzayev də bu məşhur qəbiristanlığın əbədi "sakinidir”.

Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr, kino televiziya və radio da var. Səməndərin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev bizim kinoda dublyaj sənətinin karifeylərindən idi. "Həyatın dibində”, "Hamlet”, "Yağışdan sonra”, "Sən yanmasan”, "Cehizsiz qız”, "Qəribə oğlan”, "Dəli yığıncağı...” Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu. Səməndər Rzayev yaradıcı sənətkar idi. O heç vaxt pyesə doğma kimi baxmazdı. Özü obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu "ixtiralar”ın sərfəli olduğuna inandıra bilirdi.

Səməndər Rzayev çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi. Teatrda işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, "Bulaq” verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç ("Evləri köndələn yar”) hər dəfə televiziya ekranında görünəndə, qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, "Bulaq” verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.

Günlərin birində "Həyatın dibində” tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşayırdı. Bu soyuq səhnədə xəstə aktyorun son oyunu idi.

Aktyor 1986-cı ildə aramızdan fiziki baxımdan əbədi olaraq getsə də, ruhən bizimlə qəlblərimizdə yaşayacaq. Məzarlıqdakı axundlardan biri söylədi ki, tanınmışlar içərisində ən çox Səməndər Rzayevin həyat yoldaşı məzarlığa gələrək yoldaşının qəbrini ziyarət edir. Müəyyən vaxtlarda isə oğlu da məzarlığa baş çəkir.

Məzarının üstünə yağan qar qəbirüstü daş üzərindəki sözləri sanki muncuq kimi tamamlayırdı: Sevdim dağda qar, Vətəni də yarı da, Sənətdə yaşa da Ömrüm qaldı yarı da.

Rübabə Muradova isə qəbrində tək uyumur, o, bacısı Mahrux Muradova ilə birlikdədir. Onlar bir yerdə dəfn olunublar. Sanki o məlahətli səsləri, gözəl simaları ilə bir vaxtlar pərəstişkarlarını heyran qoyan şəxslər indi də pərəstişkarlarının onları ziyarət etmələrini gözləyirlər. Verilən məlumata görə, qəbirlərin üstünü Mahrux Muradovanın kürəkəni götürüb. Əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindəndirlər. Sonradan ailəsi ilə birlikdə müəyyən səbəblərdən Azərbaycana köçüblər. R.Muradova "Şərəf nişanı” ordeni ilə təltif edilib. Rübabə xanım 28 avqust 1983-cü ildə Bakıda rəhmətə gedib.

Məzarının başdaşındakı şəkil kimi yaşadığı anlarda da daim üzündəki təbəssümlə insanlara sevinc bəxş edən Xalq artisti Gülşən Qurbanovanın qəbrini ziyarət etməyi də unutmadıq. Xalq artisti 55 yaşında beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

(ardı gələn

sayımızda)

Vüqar Şahinoğlu