“Sovetski”nin sökülməsi plandadır

Ramil Osmanlı: “Ərazi üzrə qiymətqoyma siyasəti düzgün həyata keçirilməlidir”
Zemfira Budaqova: “Bir az imkanı olan heç bir ailə, orada qalmağı özünə rəva bilmir”


Buldozerlərin növbəti hədəfi Bakının qədim məhəllələrindən sayılan "Sovetski”dir. Nəhayət ki, onların da arzuları çin çıxdı. Bu yaxınlarda ərazidə söküntüyə başlanılacaq. Qeyd edək ki, paytaxtın mərkəzinin yeni planına uyğun olaraq, hazırkı Qış parkından Nərimanov prospektinə kimi olan ərazilər tamamilə sökülərək yerinə park salınacaq.

Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatovun verdiyi məlumata görə, Mirzağa Əliyev küçəsindən - yəni Dövlət Dram Teatrının arxa hissəsindən başlayaraq, Təzəpir məscidinə kimi olan ərazi tamamilə söküləcək. Təxminən 40 hektar ərazidə yeni standartlara uyğun park salınması nəzərdə tutulub. Eyni zamanda, ikinci mərhələdə Nərimanov prospekti ətrafındakı Hüseyn Cavid bağına kimi ərazinin də sökülərək yenidən qurulması planlaşdırılıb. Artıq söküntü işləri ilə bağlı sakinlər məlumatlandırılıb. Hətta evlərini nə zaman boşaltmalı olduqları barədə xəbərdarlıq da edilib. Maraqlıdır, evləri plana düşən sakinlərə kompensasiya hansı formada veriləcək. Yoxsa, tarix təkrar olunur. Yəni "Sovetski” sakinlərini də "Qış bulvarı”nın, Sulutəpə sakinlərinin taleyi gözləyir. "Əmlak Bazarı İştirakçıları” İB-nin icraçı direktoru Ramil Osmanlının sözlərinə görə, "Sovetski” sakinlərinə də kompensasiya əvvəlki söküntü ərazilərində olduğu kimi qanunsuz və ədalətsiz şəkildə veriləcəksə, narazılıqlar və etirazlar qaçılmazdır. İcraçı direktor deyib ki, hər hansı bir ərazidə söküntü işləri aparmazdan əvvəl xüsusi tədbirlər görməyə ehtiyac yoxdur. Sadəcə, ərazi üzrə qiymətqoyma siyasəti düzgün həyata keçirilməlidir. Bizdə bu siyasətin tamamilə yanlış aparıldığını vurğulayan R.Osmanlı bildirib ki, "inkupasiya” tipli qiymətqoyma siyasətindən uzaqlaşmaq lazımdır: "Məsələ ilə bağlı Nazirlər Kabinetinin qərarı da var. Amma qərar hələ də icrasını tapmayıb. Şəhərin mərkəzi hissəsi sayılan "28 May” metrostansiyasının ətrafı və "20-ci sahə” ilə Sulutəpə ərazisində yerləşən obyektlərə bir kvadratmetrinə görə 1500 manat ödənilməsi düzgün yanaşma deyil. Eləcə də, "Sovetski”. Bu, heç bir qanunvericiliyin tələblərinə uyğun gəlmir. Sözsüz ki, bu cür kompensasiya haqlı olaraq, sakinlərin narazılığına səbəb olur. Ancaq vətəndaşların obyektlərinə ödənilən məbləğ real bazar siyasəti ilə həyata keçirilsə, heç bir narazılıq olmaz”. Artıq "Sovetski” sakinlərinin də orada yaşamaqdan bezdiyini vurğulayan icraçı direktorun sözlərinə görə, sakinlər oradan çıxmağı hamıdan çox istəyir. Sakinlər oradakı mövcud infrastruktur, birmərtəbəli, giriş-çıxış imkanları məhdud olan evlər, darısqal məhəllələrdən artıq "cana doyub”. Təbii ki, "Sovetski” sakinləri də avtonəqliyyat vasitələrinin girişi məhdud olan ərazidə yaşamaqdansa, daha rahat və yeni mənzillərdə yaşamağa üstünlük verərlər.

O bildirib ki, hər hansı bir ərazinin sökülmə məsələsi aktuallaşarkən evlərin dəyəri ilə bağlı vətəndaşlara müraciət göndərilməli və bundan sonra həmin sakinlərə veriləcək kompensasiyanın dəyəri müəyyən edilməlidir: "Əslində, bu, kompensasiya da deyil. Kompensasiya ilə bağlı prezidentin fərmanı var ki, mənzili alınan vətəndaşa evin bazar dəyərindən əlavə 20 faiz kompensasiya verilməlidir. Amma bizdə bu vaxta qədər aparılan kompensasiya ödənilməsi prosesi yanlış olub və heç bir halda bunu müdafiə etmirəm”.

"Sovetski”də söküntünün başlanılmasından çox böyük məmnunluq duyduğunu dilə gətirən Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova hesab edir ki, bu məhəllələr çoxdan sökülməli idi: "Həmin məhəllə şəhərin bütün landşaftını korlayırdı. Həm də ki, oradakı evlər artıq yaşanmaz hala gəlmişdi. "Sovetski”yə baxanda bilirdin ki, burada ancaq şəhərin kasıb camaatı məskunlaşa bilər. Çünki bir az imkanı olan heç bir ailə orada qalmağı özünə rəva bilmir, köçüb gedirdi. "Sovetski”nin sökülməsi infrastruktur baxımdan Bakıya gözəllik verəcək, ona görə ki, orada bir dənə olsun baxımlı bina qalmayıb”.

Memar hesab edir ki, sökülən məhəllələrin əvəzində paytaxtın landşaftına uyğun tikililər olmalıdır. Həmin ərazinin şəhərin hündür hissələrindən olduğunu vurğulayan Z.Budaqova deyib ki, tikilən binalar relyefə uyğun olmalıdır. Çox hündür binalar tikmək düzgün deyil, çünki həmin ərazi sürüşmə zonasıdır: "Ərazinin bir hissəsində yeraltı dayanacağı olan parkın salınması ideyası çox gözəldir. Şəhərdə maşınların əlindən tərpənmək olmur, artıq vəziyyət o həddə çatıb ki, onları saxlamağa yer də tapılmır. Evdə 3-4 maşını olan ailələr var. Həmin ərazidə yaşıllıq çox az olduğu üçün parkların da salınması təqdirəlayiqdir. Həyətlərdə olan bir-iki ağacdan başqa orada yaşıllıq yoxdur. Eyni zamanda "Sovetski”də yeni məktəblər, uşaq bağçaları tikmək lazımdır. Əslində şəhərsalmanın qanunu belədir”.

Şəymən