Çörəyin bahalaşması gözlənilmir

Qazaxıstanda taxılın qiyməti artmayıb, yalnız yol xərclərində dəyişiklik var


Yanacağın qiymətinin bahalaşmasından sonra qiymət artımı Azərbaycanın Qazaxıstandan ixrac etdiyi taxılda da müşahidə olunmağa başlayıb. Gəncədə un istehsalı ilə məşğul olan sahibkar Arif Həsənov "APA”ya bildirib ki, ötən ilin sonlarında Qazaxıstandan alınan taxılın bir tonu 250 dollar idisə də, son bir ayda bu qiymət 30 dollar artaraq 280-ə çatıb.

Sahibkar bildirib ki, respublika daxilində dəmiryolu ilə taxılın daşınma qiymətlərinin qalxması unun qiymətinə təsir edəcək. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov da qeyd edib ki, bu ildən daşınmalarda cüzi fərq, yəni hər tonda 8 dollar artım var. Lakin qurum rəsmisi bunu çox ciddi artım hesab etmir. Əhalinin narahatlığına səbəb olan qiymət artımı məsələsinə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov çörəyin qiymətinin qısa zaman ərzində bahalaşacağını proqnozlaşdırmır: "Azərbaycan hər il 2.8 milyon ton taxıl istehsal edir. 2013-cü ildə isə bu rəqəm 2.9 milyon tona qədər yüksəldi. Bunun təxminən 1.7 milyon tona qədəri buğda məhsullarıdır. Bütövlükdə istehsal olunan taxıl məhsulları ölkə tələbatının təxminən 75 faizini ödəyir. Ehtiyacın 25 faizi isə kənar mənbələrdən, xüsusən Qazaxıstan, Rusiya və İrandan idxal olunur”. İqtisadçı qeyd edir ki, bu gün Azərbaycanın idxal etdiyi taxıl məhsulunun heç də hamısı Taxıl Fondu tərəfindən alınmır. Onların bir hissəsi keyfiyyətsiz olduğu üçün çörək bişirilməsində istifadə olunmur: "Qazaxıstandan idxal olunan taxıl məhsullarının qiymətinin bir qədər artması insanlarda birmənalı şəkildə çörəyin qiymətinin də bahalaşması narahatlığını yaradıb. Amma ölkədə taxıl ehtiyatı kifayət qədərdir. Bu baxımdan biz qısa zamanda qiymət artımının olacağını proqnozlaşdırmırıq. Hələlik müşahidələr də onu göstərir ki, taxıl idxalında da azalmalar yoxdur”.

V.Bayramov ölkədə çörəyin qiymətinin hansı şəraitdə arta biləcəyini də vurğulayıb: "Qazaxıstan taxıl idxalında aparıcıdır. Əgər bu ölkədən idxal olunan taxılın qiymətindəki artım davam edərsə, bu hal sözsüz ki, növbəti mərhələdə ölkədaxili məhsulların, xüsusən də çörəyin qiymətinin artmasına gətirib çıxara bilər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə çörəyin qiymətinin qaldırılıb-endirilməsinin istehlakçı hüquqlarına zidd olduğunu söyləyib: "Çörək strateji məhsuldur. Əgər çörəyin çəkisi azalırsa, qiymət dəyişmirsə, bu o deməkdir ki, çörək bahalaşıb. Çəkini aşağı salırlar, amma qiyməti sabit saxlayıb əhalini aldadırlar”. Ekspertin sözlərinə görə, çörəyin çəkisindəki dəyişiklik benzinin qiyməti ilə bağlı deyil. Bunun yeganə səbəbi sahələrin monopoliyaya alınmasıdır”.

İsmayıl