Zəlzələnin səbəbi məlum oldu

"Hətta deyərdim ki, Bakı köçürülməlidir"


Azərbaycan ərazisindəki zəlzələ dağıntılarsız ötüşdü. Təkanlarsa paytaxtda da hiss edildi və əhali təşvişə düşdü. Qınanmalı deyil. Paytaxt sakinləri 2000-ci il zəlzələsini yaddan çıxarmayıb. Zəlzələdən sonra kiçik təkanların davam edəcəyi ehtimalları daim səsləndiyindən əhali hələ də narahatdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli kiçik təkanların ola biləcəyi xəbərdarlığını edib, bununla yanaşı qorxulu bir şey olmadığını da deyib.

Dünən redaksiyamızla əlaqə yaradan mühəndis-hidrotexnik, ixtiraçı Nəbi Həmidov zəlzələ ilə bağlı bir sıra müəmmalara aydınlıq gətirdi:

- Fevralın 10-da baş vermiş zəlzələ məğzinə görə unikal hadisədir. Bu, kiçik mənbənin böyük ərazini titrətməsidir. Bu da ondandır ki, titrəmə ana mənbənin yaxınlığında baş verib. Yeri tərpədən mənbələrin mühafizə sistemi olur. Təkanlar güclü olub ki, mühafizə sistemi bu qədər geniş ərazini silkələyib. Xırda mənbələr bu boyda sinirlər yarada bilməz. Bu xırda mənbələr ana mənbəyə yaxın olub ki, böyük bir ərazidə hiss edilib. Bu dəqiqə lazımdır ki, harada, hansı kənddə silkələnmə hiss edilibsə, orada əhalidən sorğu keçirilsin, ərazidə texniki işlər görülsün. Həmin mənbənin koordinatları müəyyən edilsin və gərginlik azaldılsın. Bunu etmək tamamilə mümkündür. Biz 3-4 ay əvvəldən bilirdik ki, gərginlik toplanıb və titrəyişlər olacaq. Hətta bu barədə Milli Təhlükəsizlik Nazirliyinə xəbərdarlıq da etmişdik. Təhlükə hər an gözləniləndi. Xəzərdən Şəmkirə qədər titrəyişlər ola bilər. Xəzər dənizinin özü böyük bir mənbənin dağılmasından yaranıb. Qarabağ düzənliyi də zəlzələnin nəticəsidir. Bakı özü ana mənbənin qucağında yerləşir. Bakının içində Bayıl yamacı, Biləcəri, Xocasən, Böyük Şor... zəlzələ ocaqlarının izidir. Bakı təhlükəli zonada yerləşdiyindən şəhər bu qədər yüklənməməlidir. Hətta deyərdim ki, Bakı köçürülməlidir. Mütəxəssislər bu zəlzələni ciddi araşdırmalıdır. Mən əminəm ki, mənbə harada dağılıbsa, orada çökəklik yaranıb. Belə zəlzələlər zamanı relyef dəyişikliyi baş verir. Baş verib də. Gedib axtarsınlar, tapacaqlar. Bundan sonra zəif silkələnmələr olacaq. Amma buna da hazırlıqlı olmaq lazımdır. Dağlıq ərazilərdə zəlzələnin gücü, silkələnmə effekti daha artıq olur.

Əhalinin öncədən xəbərdar edilməsinə gəlincə, N.Həmidov seysmik ərazilərdə yaşayan insanlara zəlzələnin əlamətləri barədə məlumat verilməsini vacib saydığını bildirdi:

- İnsanlara zəlzələnin əlamətləri başa salınmalıdır ki, ehtiyatlı və hazırlıqlı olsunlar. Məsələn, kənd yerlərində, heyvan sürüsü olanlar bunu heyvanların hərəkətlərindən anlaya bilər. Zəlzələ öncəsi heyvanlar periodik olaraq hürkür. Kükürd qoxusu ilanların həmin ərazini tərk etməsinə səbəb olur. Relyef dəyişməsi baş verəcək ərazidə cütdırnaqlı heyvanlar ayaqlarını yerə vurur, bağlıdırlarsa açılmaq üçün dartınırlar. Çünki cütdırnaqlı heyvanlar cüzi rezonansı da hiss edir.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə hazırda respublika ərazisində, o cümlədən dünən baş vermiş zəlzələnin episentrində seysmoloji baxımdan vəziyyətin sakit olduğunu deyib. "Trend”ə açıqlamasında mərkəzin baş direktoru bildirib ki, fevralın 10-dan sonra təkrar təkanlar qeydə alınmayıb:

- Hazırda sakitlikdir. Zəlzələ yerin 55 km dərinliyində olduğundan müəyyən vaxtdan sonra zəif təkanlar ola bilər. Güclü zəlzələdən sonra adətən afterşoklar olur. Məsələn, Zaqatalada baş verən zəlzələdən sonra yüzlərlə zəif təkanlar oldu. Çünki o, dayaz yerdə baş vermiş zəlzələ idi. Həmin zəlzələ 8 km dərinlikdə baş vermişdi.

Q.Yetirmişli bildirib ki, praktika zəlzəldən sonra təkanların qeydə alınmadığı halların olduğunu da göstərir: "Praktika göstərir ki, zəlzələ baş verdikdən sonra yeni təkanlar da baş verir, vəziyyət sakit də qalır və fon səviyyəsinə düşür. Hesab edirəm ki, yenidən zəlzələ olsa da, dünənki gücdə ola bilməz. Zəlzələ özünün maksimal gücünü dünən göstərib”.

Onun sözlərinə görə, dünəndən sonra təkrar təkanların baş verməməsi enerjinin çox toplanmasına səbəb ola bilməz. Çünki ocaqdakı hərəkət tipi qırılıb-düşmədir:

"Yəni 55 km dərinlikdə laylar dəstəsi ki qırılıb, ocaqda hansı prosesin baş verməsini araşdırırıq. Görürsən ki, burada hərəkət tipi yalnız qırılıb-düşmədir. O düşmənin nəticəsində də sakitlikdir.

Ola bilər ki, müəyyən vaxtdan sonra - bu, bir neçə gündən sonra da, lap bu gün də ola bilər - layın hansısa qalan hissəsi qırılıb düşsün. Zəif təkanlar da onda ola bilər. Bunun da heç bir qorxusu yoxdur”.

Q.Yetirmişli ABŞ mütəxəssisləri tərəfindən aparılmış tədqiqatların nəticələrinə əsasən, dünən baş vermiş zəlzələnin gözlənilən olması ilə bağlı söylənilən fikirləri də əsassız sayıb: "Amerikalılar heç yerdə deməyiblər ki, Bakıda, yaxud Şamaxıda güclü zəlzələ olacaq, 100 minlərlə adam öləcək. Bu barədə hansı mənbənin fikir deməsi dəqiq açıqlanmır. Əgər belə olubsa, niyə zəlzələ Bakıda olmadı, Hacıqabulda oldu? Zəlzələ nəticəsində heç bir dağıntı da olmayıb. Bunlar hamısı əsassız söhbətlərdir. Birincisi, dünyanın heç yerində zəlzələnin proqnozu verilmir. Əgər belədirsə, onda amerikalı öz proqnozunu versin. Çünki Amerika seysmoloji baxımdan ən təhlükəli zonalardandır”.

Məlahət Rzayeva