Cəmiyyətə “toy tutan”lar

İnsanlarda biganəlik, etinasızlıq hissi artıb



Şəhərdə qəribə hadisələr baş verir. Bir iş adamı şadlıq sarayının qarşısında çadır qurub həm oğluna toy edir, həm də ətrafdakılara "toy tutur”. Şəhərimizin başqa bir yerində isə əcnəbi turist dilənçi uşağını yerlə sürüyür və bizimkilər də bu mənzərəni kənardan seyr edir. Müsbət olan budur ki, hər iki hadisəyə rəsmi səviyyədə reaksiya verilib.

Toy hadisəsində Sabunçu Rayon Polis İdarəsi tədbir görüb. Rayonun 13-cü polis bölməsinin rəisi İltimas Yusifli açıqlamasında bildirib ki, ictimai asayişin pozulmasına polis müdaxilə edərək tədbir görüb:

"Toy dayandırılıb, restoran və toy sahibinə protokol tərtib olunub. Mənim üçün vətəndaşın hüququ biznesmendən daha artıqdır. Özümü də o vətəndaşın yerinə qoyuram, kimisə narahat etmək olmaz. Polis vətəndaşın ümid yeridir. Bu gün vətəndaşın ümidini sındırsam, sabah yaxınımız hansısa cinayətin və hüquq pozuntusunun qurbanı olacaq”.

Rəisin sözlərinə görə, əgər saat 12-dən sonra səs-küy salınarsa, İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq şəxs 30-50 manat məbləğində cərimələnir.

Qeyd edək ki, Milli.az-a daxil olmuş şikayət məktubunda toy sahibinin "Sərham” MMC-nin (Bakıxanov Çörək Zavodu) baş direktoru Rasim Nəbiyev olduğu göstərilib. Toy çadırı "Ülvi” şadlıq sarayının qarşısında, Y.Əliyev küçəsində yaşayış binalarının qarşısında qurulubmuş. Sakinləri hövsələdən çıxaran da iş adamının ətrafda yaşayanlara qarşı etinasızlığı, vətəndaşların rahatlığını pozması olub. Vətəndaşlar haqlı olaraq sual edir ki, ictimai yerdə, minlərlə insanın yaşadığı yerdə toy çaldırmaq, səs-küy salmaq icazəsini zavod direktoruna kim verib?

Turistin dilənçi uşağı yerlə sürüməsi hadisəsinə isə millət vəkili Aydın Mirzəzadə şəxsi "facebook” səhifəsində yer ayırıb və bunu "vəhşilik” adlandırıb.

Bu hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsindən hələ ki, heç bir açıqlama verilməyib.

Paytaxtımızda iki günün içində yaşanan qeyri-adi olaylara münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu məsələyə bir neçə tərəfdən yanaşılmalı olduğunu dedi:

- 1977-ci ildə amerikalı sosioloq Bakıda səfərdə olub. Bakıdan sonra Riqaya gedib. Və bu iki şəhərin müqayisəsini aparıb. Sosioloq yazırdı ki, Bakıda insanlar istiqanlı, mehriban, yardım edəndirlər. Bakıda vağzala necə gedəcəyimi soruşdum, mənə yol göstərdilər, qonaq olduğumu biləndə bir çoxları məni evinə dəvət etdi, nəyə ehtiyacım olduğunu soruşdular. Hiss olunurdu ki, bu insanlar istənilən yardımı etməyə hazırdırlar. Riqada isə vağzalı soruşdum, mənə cavab verən olmadı. Bir adam mənə kömək etmədi. Tez-tez düşünürəm ki, həmin sosioloq indi Bakıya gəlsəydi, görəsən, ona yenə də kömək edənlər tapılar?.. İnanın ki, bu suala özlüyümdə cavab verməkdən çəkinirəm. Çünki camaatımız indi çox dəyişib. İnsanlarda biri-birinə biganəlik, etinasızlıq hissi artıb. İnsanlar ətrafdakıları düşünmürlər artıq. İctimai asayişin pozulması halları çox ağrılı vəziyyətdədir. Nə qədər şahid oluruq ki, avtomobili idarə edən mahnını yüksək səsləndirir, maşının pəncərəsini də açıq qoyub səsi ətrafa yayır. Birisi gecəyarısı meyxana oxutdurur, həyətdə avtomobilini yuyur, maqnitofonu da qurub, kefi istədiyi mahnını çaldırır, daha düşünmür ki, bəlkə kimsə istirahət edir, bəlkə birinin başı ağrıyır, yatır. Lap adi bir şey, kiminsə bu mahnıdan xoşu gəlmir, yüksək səs əsəblərini oyadır, qıcıqlandırır onu. İnsan cəmiyyət içindədirsə, ictimai bir yerdədirsə, ictimaiyyəti, ətrafdakıları nəzərə almalıdır.

Dəfələrlə şadlıq saraylarına xəbərdarlıq edilib ki, uca səsli audiotexnikadan istifadə edilməsin. Yol polisi avtomobillərdə uca siqnal verənlərə, avtomobilinə eybəcər siqnal səsləri quraşdıranlara xəbərdarlıq edib. Amma faydası yoxdu. İctimai qaydalara saymazyanalıq, ətrafdakılara etinasızlıq baş alıb gedir.

Problemlərdən biri də şadlıq saraylarının yaşayış binalarına çox yaxın, hətta bəzən binaların həyətində, istirahət üçün nəzərdə tutulmuş yaşıllıqların, parkların ərazisində tikilməsidir. Gərək belə tikintilərə icazə verilməyəydi. Deyək ki, əvvəlki illərdə tikintilər aparılıb, amma ictimai qaydaları pozan tikintilər bu gün də aparılır.

İnsanlarda biri-birinə hörmət, diqqət itib. Adi bir misal çəkim. Ötən illərdə qonşu həyətində kabab çəkməkdən çəkinərdi ki, ətri ətrafa yayılacaq, ayıbdı, bəlkə kiminsə imkanı yoxdu, kasıbdı.

Onu da deyim ki, bu məsələlərlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də məşğul olur. Məsələn, restoran və şadlıq sarayındakı səs-küylə bağlı şikayət olarsa, araşdırma aparıla bilər. Bu zaman şikayətçinin öz iştirakı ilə həmin əraziyə gedib ölçmə aparılır. Səs və titrəmə normadan artıq olarsa, inzibati tədbir görülür. Amma təəssüf ki, bizim əhali çox zaman rəsmi strukturlara müraciət etmək istəmir.

Şadlıq sarayları ilə bağlı bir əsas problem də bu iaşə obyektlərində insanların göz görəsi soyulmasıdır. Şadlıq sarayı öz menyusunu hamıya diktə edir, süfrəyə 50 cür təam qoyulacağında, masaya mütləq içki veriləcəyində israr edirlər, razılaşmayanlara isə sadəcə, qapını göstərirlər. Yas məclisləri də belədir. Masaya 10 növdə şirniyyat düzürlər. Bunu həm qadın məclisində masaya qoyurlar, həm də kişi məclisində. 1 kiloqram şirninin qiyməti 2 manatdırsa, ondan 200 manat pul qazanırlar. Bəzən insanlar məcbur olub, yas və ya toy məclisini evinin qarşısında, çadır qurmaqla yola verir. Təbii ki, bu deyilənlərin çörək zavodunun direktoruna aidiyyəti yoxdur.

Dilənçi uşağın bir turist tərəfindən yerlə sürüdülməsi halında isə sosioloq birbaşa ictimaiyyəti günahlandırdı:

- Gəlin, kompleks yanaşaq və turistin vəziyyətini də nəzərə alaq. Yad bir ölkəyə gəlmiş adamın pulu oğurlanırsa, o hansı reaksiyanı verə bilər? Onun yerinə özümüzü təsəvvür edək. Biz o halda nə edərdik? Bu turistə dilənçi uşağı nişan veriblər, o da uşağın yaxasından yapışıb. Burada əsas personaj turist deyil, bizimkilərdir. Birincisi, turistə dilənçi uşağı nişan verən bizimkilərdir. Uşağın yerlə sürüdülməsinə seyrçi qalan da bizimkilərdir. Burada məsuliyyət birbaşa mühitin, ətrafdakıların üzərinə düşür. Həmin vaxt orada bulunanlar mədəni bir şəkildə turistə yaxınlaşıb, nə baş verdiyini soruşmalıydılar, uşağı dindirməliydilər, əgər pulu məhz onun oğurladığı ehtimalı varsa, uşağın polis məntəqəsinə aparılmasında turistə yardım etməliydilər. Şəxsən mən orada olsaydım, uşağın bir qolundan da mən yapışardım. Həmin vaxt bizim insanlar turistə kömək etməliydilər. Daha kənarda dayanıb onun uşağı necə sürüdüyünə seyrçi qalmamalıydılar. Belə dilənən uşaqları hər gün hamımız görürük. "Qaraçı” dəstələrinin nəyə qadir olduqlarını da az-çox bilirik. Bununla, "turistin pulunu məhz dilənçi uşaq oğurlayıb” qənaətinə gəlmək doğru deyil. Nə biz, nə də orada olanlar bunu bilmir. Sadəcə, həmin vaxt insanlarımız turistə yardım edib məsələnin polis məntəqəsində həllinə yardımçı olmalıydılar. Bəlkə o turist jurnalistdir, ölkəmiz haqqında təəssürat toplamağa gəlmiş birisidir. O barəmizdə nə düşünəcək? Əgər istəyiriksə ki, ölkəmiz və xalqımız haqqında müsbət imic formalaşsın, mədəni davranmalıyıq və qanunlara riayət etməliyik.

Məlahət Rzayeva