Ziya Məmmədov 3 müfəttişi işdən qovdu

“Hər şey nəqliyyat nazirinin səmimiyyətindən asılıdır”



Deyəsən, nəqliyyat müfəttişlərinin özbaşınalığı artıq nəqliyyat naziri Ziya Məmmədovun səbir kasasını daşdırıb. Əks halda, ilin-günün bu çağında Z.Məmmədov birdən-birə 3 müfəttişi vəzifəsindən atmazdı. Qeyd edək ki, bir müddət əvvəl 20-yə yaxın yük maşınının dövlət nişanlarını sökən müfəttişlərin atdığı addımın qanun pozuntusu olduğu öz təsdiqini tapıb və 3 nəfər rəhbərlik tərəfindən işdən qovulma ilə cəzalandırılıb.

Həmçinin nazirlik bu sahəyə ciddi nəzarət edilməsi barədə tapşırıq da verib: "Bundan sonra kimsə bu hərəkəti edərsə, ən azı işdən azad olunacaq”. Onu da nəzərinizə çatdıraq ki, nömrələr geri qaytarılıb və sürücülərə qeyri-qanuni fəaliyyət göstərdikləri üçün xəbərdarlıq edilib.

"Deməli, nəqliyyat müfəttişlərinin qanunsuz hərəkətləri o qədər geniş vüsət alıb ki, nazir qəti şəkildə hərəkətə keçib” bu sözləri nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov 3 nəfər nəqliyyat müfəttişinin işdən qovulması məsələsinə münasibət bildirərkən deyib. Nazirlik tərəfindən müfəttişlərə edilən xəbərdarlıqların nə dərəcədə perspektivli olacağına gəldikdə isə ekspert qeyd edib ki, hər şey nazirin səmimiyyətindən asılıdır: "Nazir göstəriş verdiyi halda Nəqliyyat Nazirliyinin tabeliyində olan bütün qurumlar da həmin tapşırığı icra etməlidirlər. Əgər nazirin xəbərdarlığının icrasında səmimiyyət olsa, effektli nəticələr əldə etmək olar. Nazirin bu addımı sadəcə görüntüyə hesablanıbsa, onda müsbətə doğru heç nə gözləməyə dəyməz. Ola bilsin ki, nazirin bu xəbərdarlığından sonra müvəqqəti olaraq, nəqliyyat müfəttişlərinin qanunsuz fəaliyyətlərində müəyyən "geriçəkilmələr” olsun. Lakin nazirlik bu problemi aradan qaldırmaq üçün ciddi tədbirlər aparmadıqca, onların özbaşınalığı daha da geniş vüsət ala bilər”.

Nəqliyyat sahəsində çox ciddi problemlərin olduğunu deyən Ə.Hüseynovun sözlərinə görə, çatışmazlıqlar qanunvericilikdə və praktikada açıq-aydın görünür. "Qanunvericiliklə bağlı problem odur ki, nəqliyyat müfəttişlərinin fəaliyyəti, nəzarət mexanizmi, xüsusən də departament işçilərinin yükdaşıma və sərnişindaşıma qaydalarını pozan sürücüləri məsuliyyətə cəlb etməsi ilə bağlı qanunvericilik təkmilləşdirilməlidir. Eyni zamanda, onları yüksək səviyyədə təlimatlandırmaq lazımdır ki, qanun adı altında özbaşınalıq etməklə vətəndaşların hüquqlarını pozmaq olmaz. Hər hansı bir dövlət məmurunun qanun çərçivəsindən kənara çıxmasının özü artıq cinayət sayılır. O ki qaldı nəqliyyat müfəttişlərinin sürücünün sənədlərini almaq, hələ bu azmış kimi onu döymək. Hesab edirəm ki, qanunvericilikdəki boşluğu aradan qaldırmaq və müfəttişləri təlimatlandırmaqla bu problemi aradan qaldırmaq olar. Əgər doğrudan da aidiyyəti qurum problemin həllində maraqlıdırsa?”

Şəymən