“O mənim qızım deyil”

Xalq artisti Kəmalə Quliyevadan imtina etdi



Xalq artisti Nurəddin Mehdixanlı, qızı Kəmalə Quliyeva haqqında verdiyi şok açıqlama ölkə mətbuatının ən çox marağında olan mövzulardan birinə çevrildi. Xalq artisti bildirdi ki, onun belə qızı yoxdur: "Kəmalə Quliyevanın mənim qızım olması ilə bağlı məlumat tamamilə yanlışdır. Onunla heç bir qohumluq əlaqəm belə yoxdur”.

Kimin haqlı olub olmadığını yəqin ki, iki tərəf daha düzgün bilir. Doğrudanmı Kəmalə xanım onun qızı deyil? Ya qızı olduğunu iddia edən Kəmalə xanım Xalq artistinin qeyri-rəsmi nikahından olduğu üçün Nurəddin Mehdixanlı ondan imtina etməyə üstünlük verib? Bir məqam da diqqətlərdən qaçmadı. Kəmalə Quliyevanın soyadı növbəti sual yaratdı. Bütün bu suallara cavab tapmaq üçün gün ərzində Xalq artisti ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Nurəddin Mehdixanlı suallara cavab verməkdən imtina etdi.

Bir neçə gündür fotossesiyaları, aparıcılığı, seriallarda aktrisa kimi fəaliyyəti ilə gündəmdə olan Kəmalə xanımla bu gün bir də əlaqə saxladıq. Maraqlandıq görək Nurəddin Mehdixanlının mətbuata verdiyi açıqlamaya qızının reaksiyası necə olacaq. Ötən gün "Şərq”ə yaradıcılığı barədə açıqlama verən Kəmalə xanım bu gün qısa cavab verməklə kifayətlənmək istədi. "Ötən gün də qəzetinizin suallarını cavablandırarkən qeyd etdim ki, şəxsi həyatımla bağlı suallara cavab vermək istəmirəm. Mənim sənətə gəlişimə ailəm imkan verməyib. Mənə hər zaman məhdudiyyətlər qoyulub. Amma mən bu gün səhnədəyəm. Qaldı atamın açıqlamasına, nə deyim ki? Bunu sübut etmək olduqca asandır. Onsuz da, bilənlər bilir, özü də çox yaxşı bilir. O mənim atamdır. Mən də onun qızı. O bu gün bunu etiraf etsə də, etməsə də, mən onun övladıyam. Amma mən yaradıcılığımda onun adı ilə uğur əldə etmək istəməmişəm. Və heç vaxt da çalışmamışam ki, Nurəddin Mehdixanlının qızıyam deyə mənə rol versinlər, məni harasa dəvət etsinlər. Ailə problemləri haqqında danışmayacam. Ancaq onun belə açıqlama verməsinin heç bir məntiqi əsası yoxdur. O məndən imtina etdiyini söyləyə bilər. Amma bu, bir həqiqəti dəyişmir ki, mənim atam Nurəddin Mehdixanlıdır”.

Tahirə