Qarabağ münaqişəsi sadəcə, regionun problemi olmaqdan çoxdan çıxıb

“Əgər kimsə düşünürsə ki, Azərbaycan, sadəcə Rusiya ilə razılaşaraq Dağlıq Qarabağı geri qaytaracaq, səhv fikirdədir”




Son günlər Azərbaycanın Dağlıq Qarabağı geri alacağına dair məlumatlar mətbuatın gündəmini zəbt edib. Məlumata görə, keçmiş postsovet məkanında yaranmış yeni geosiyasi vəziyyət, əsasən də Rusiyanın Ukraynanı Avrasiya İqtisadi Birliyinə (AİB) daxil edə bilməməsi Azərbaycanın şans və imkanlarını artırmaqdadır.

Hər halda, Rusiyanın heç vaxt olmadığı qədər Azərbaycana ehtiyacı yaranıb və Azərbaycan da yaranmış durumdan Dağlıq Qarabağın Ermənistanın işğalından geri alınması üçün istifadə etməyə çalışır. Artıq Ermənistanda və Dağlıq Qarabağdakı separatçı ermənilər arasında ciddi təlaş müşahidə edilməkdədir. Bunu son günlər düşmən ölkə mediasında dərc olunan yazılardan açıq görmək mümkündür. Ermənistan mətbuatı və politoloqlarının fikirlərindəki leytmotiv budur ki, Azərbaycan Qarabağı Rusiyanın vasitəsilə geri almaq üçün hərəkətə keçib.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə Azərbaycanın Qarabağı geri alması, təmas xəttində düşmən tərəfindən minalanmış ərazilərin təmizlənməsi barədə yayılan məlumatların əsassız olduğunu deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyiş yoxdur: "Rusiyanın xarici işlər naziri və baş nazirin birinci müavininin Azərbaycana səfəri ərəfəsində Azərbaycanın Rusiya vasitəsilə Dağlıq Qarabağı geri alacağı ətrafında yayılan məlumalar daha çox ictimai rəyə hesablanıb. Faktiki olaraq, bu tip

məlumatlarla ictimai rəy manipulyasiya olunur, deməzsinizmi Rusiya münaqişəni həll edəcək və Qarabağı Azərbaycana qaytaracaq. Mənim fikrimcə isə bütün bunlar məqsədli şəkildə yayılır. Niyə və hansı səbəbdən Dağlıq Qarabağ və ətraf rayonları Ermənistan Azərbaycana qaytarmalıdır? Ermənistan nə qazanacaq ki, qeyd-şərtsiz Qarabağı boşaldır? İqtidar Rusiyanın vasitəsilə işğal altındakı torpaqları geri almaq üçün hərəkətə gedib kimi məlumatlar mənə inandırıcı görünmədiyi üçün geniş şərhə ehtiyac görmürəm”.

Qarabağ probleminin həlli üçün yalnız Azərbaycanın Rusiya ilə razılıq əldə etməsinin nə dərəcədə yetərli olduğuna gəldikdə isə politoloq bunun kifayət etmədiyini bildirib: "Əgər kimsə düşünürsə ki, Azərbaycan, sadəcə Rusiya ilə razılaşaraq Dağlıq Qarabağı geri qaytaracaq, səhv fikirdədir. Bu mümkün olan şey deyil. Çünki Dağlıq Qarabağ münaqişəsi, sadəcə, regionun problemi olmaqdan çoxdan çıxıb. Artıq bu münaqişə beynəlmiləl problemdir. Onun danışıqlar yolu ilə çözülməsində isə ən azı 3 həmsədr ölkə vasitəçilik edir. Rusiya Dağlıq Qarabağ problemindən öz maraqları, yaxud da Azərbaycanı öz tərəfinə çəkmək üçün istifadə edəcək və ABŞ-la Fransa da bunu kənardan sakitcə izləyəcək? Bu nə dərəcədə inandırıcıdır? Belə bir iddia varsa da, kökündən yanlış yanaşmadır”.

Şəymən