Sumqayıtda sahibsiz itləri güllələyən şəxs tapıldı

“Onun Sumqayıt Şəhər Təmizlik Departamentinin əməkdaşı Mehman Abışov olduğu məlum olub”



Son günlər Sumqayıtda baş verənlər insanları təşviş içərisində saxlayırdı.
Bu barədə sosial şəbəkələrdə məlumat verilib. "Feysbuk”da yayılan məlumatda bir nəfər naməlum şəxsin əlində silah küçələrdə dolaşdığı və sahibsiz itləri təqib etdiyi və güllələdiyi qeyd olunub.
"Feysbuk”da həmçinin həmin şəxsin fotosu və onun yaraladığı itin şəkli paylaşılıb. "Anspress” həmin şəxsin fotosunu da təqdim edib.

Daxili İşlər Nazirliyi artıq bununla bağlı araşdırmalara başlayaraq həmin şəxsin kimliyini müəyyənləşdirib. Qurumun mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun "Şərq”ə verdiyi məlumata görə, belə bir hadisə 3-4 gün əvvəl baş verib. Daxil olan məlumata əsasən əli silahlı şəxs Sumqayıt küçələrində dolaşarkən Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sonradan isə onun Sumqayıt Şəhər Təmizlik Departamentinin əməkdaşı Mehman Abışov olduğu məlum olub. Şəhər sakinləri bu idarəyə müraciət edərək quduzlaşmış itlərin onların uşaqlarına hücum etdiklərini bildirib. Buna uyğun olaraq müvafiq tədbirlərin görülməsini xahiş ediblər. Departament itləri zərərsizləşdirmək məqsədilə qanuni ov silahından istifadə edərək tədbirlər həyata keçirmək istəyib, lakin SŞPİ buna icazə verməyərək onlara digər vasitələrdən istifadə etməyi tövsiyə edib.

E.Zahidov onu da əlavə edib ki, hüquq-mühafizə orqanları tərəfindən respublikanın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də ictimai asayişə və kriminogen durumuma tam nəzarət olunur.

Vüqar Şahinoğlu