Panikadan qaçın!!!

Üzü saqqallıların təşviş yaratması, kiməsə ziyan vura bilər



Paytaxt sakinlərinin həyəcanlı anları artıb. İctimai nəqliyyatda, metroda, yaxud da insanların kütləvi gəzişdiyi məkanlarda qorxu, həyəcan, təşviş doğuran hallar yaşanır və bu barədə müxtəlif səpkili məlumatlar yayılır. Maraqlı burasıdır ki, adətən bu tip məlumatlarda təşviş yaradan kişinin uzun saqqallı, qeyri-ənənəvi dini təriqət mənsubuna oxşarlığı xüsusilə vurğulanır.

Məsələn, "Gənclik” metrostansiyasının yaxınlığında sərnişin avtobusunda baş vermiş hadisə, daha sonra Bakı-Gəncə marşrutu ilə hərəkət edən avtobusda sərnişinləri təşvişə salan, həyəcana səbəb olan adam, bu günlərdə isə Sumqayıtda əli silahlı birisinin insanları aşkar şəkildə hədələməsi bu qəbildən olan hadisələrdir. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra isə məlum olur ki, bu insanlar ya psixi xəstələrdir, ya da sıravi vətəndaşlardır, heç bir dini təriqətə bağlılıqları da yoxdur, sadəcə, insanlar zahiri görkəmlərinə görə onlardan şübhələniblər.

Dünyanın hazırkı düzəninə baxılsa, bu şübhələri əsassız saymaq da olmaz. Necə deyərlər, dörd bir yanımız terrorizm, separatçılıq, müharibə, od-alovdur. Bəzi vətəndaşlarımızın Suriyadakı döyüşlərdə qeyri-leqal iştirakı, "İraq Şam İslam Dövləti” adı altında kütləvi qırğınlarla məşğul olanların varlığı və radikal çağırışlar etməsi fonunda insanların təşvişə düşməsi və vahimələnməsi təbii qarşılanmalıdır, yəqin ki. Bəs ilk baxışda kiçik olay təsiri bağışlayan hadisələrə böyük kontekstdə yanaşılsa, təhlükə nə dərəcədə realdır?

Məsələyə münasibət bildirən İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, ekspert-kriminalist İlqar Altay hazırda dünyada terrorun tüğyan etdiyini dedi:

- Hamımız görürük ki, bu dəqiqə dünyada nələr baş verir. Terrorizmin nəinki genişlənməsi, artıq hərəkətdə olması göz önündədir. Suriya, İraq, Ukraynadakı hadisələrdən xəbərdarıq. Separatçılıq, terror, dini radikalizm çox geniş bir arealı əhatə etməkdədir. Belə bir reallıq fonunda Azərbaycan insanının hansısa hadisədən həyəcanlanması, təşviş keçirməsi tamamilə başadüşüləndir. İnsanlar hətta hadisənin mahiyyətinə varmadan, hansı sonucun ola biləcəyini ölçüb-biçmədən panikaya qapılırlar, qorxu hissi keçirirlər. Bunlar əsassız deyil. Qonşu dövlətlərdə baş verən hadisələri analiz edəndə, insanların narahatlığını başa düşmək olur. Belə vəziyyətdə hüquq-mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşür. Onlar hadisələri araşdırmalı və konkret, dəqiq nəticəyə gəlməlidirlər. Bir-iki hadisəni ümumiləşdirib ölkədə təşviş doğuracaq halların sayının artdığını deyə bilmərik. Çünki belə bir ümumi hal yoxdur. Baş verən hadisələr daha çox indivudal xarakter daşıyır. Bəzən də KİV-lər tərəfindən "bəzədilərək”

ictimaiyyətə ötürülür. Guya kimsə cibindən ülgüc çıxarıb, kimsə silah çıxarıb, kimsə "Allahu-Əkbər” qışqırıb. Hamısının da uzun saqqalı var və s. Bu cür informasiyalar cəmiyyətdə sabitliyi təhdid edir. İnsanlar arasında əsassız xof yaradır. Sadəcə, hüquq-mühafizə orqanları ciddi şəkildə araşdırmalıdır ki, bu insanlar kimdir? Onlar bir-birilə bağlılığı olmayan ayrı-ayrı şəxslərdir, yoxsa bu, təşkil olunmuş və idarə olunan hadisələrdir. Bəlkə həqiqətən də psixoloji durumunda problemləri olanlardır. DİN Bakı-Gəncə avtobusunda baş vermiş insidentlə bağlı məlumat yaydı ki, o şəxs ruhi xəstədir, dispanser qeydiyyatında olmuş adamdır. Amma hər kəsi ruhi xəstə bilib hadisənin üzərindən etinasız keçmək də olmaz. Heç nə istisna deyil və biz dünyanın bu qarışıq vaxtında nəyəsə laqeyd yanaşmamalıyıq. Biz dövlət və cəmiyyət olaraq hər cür təhlükəyə və təxribata hazır olmalıyıq. Biz bəzi vətəndaşlarımızın Suriyaya gedib terror qruplarına qoşulduğunu bilirik, bunu gizlətmək də mümkün deyil. Və o vətəndaşlarımızın deyək ki, 20-dən 10-u, lap olsun 5-i Azərbaycana qayıda bilər. Həmin insanların gəlib burda ekstremizm meylləri yaymağa cəhd etməyəcəyini hardan bilirik? Yəni, bizim insanlarımızın həyəcənlanmağa, təşviş keçirməyə əsasları var. Dünyada terrorizm artıq siyasiləşir. Dövlət elan edirlər, planlarını açıqlayırlar. Bu, canından bezən birisinin belinə partlayıcı bağlayıb küçədə-bazarda partlayış törətməsinə bənzəmir artıq. Terrorçular böyük qoşun birləşmələrinə, hər cür müasir silahlara, ağır texnikalara sahibdirlər. Dünyanın super-güclərini təhdid edirlər. Azərbaycan belə bir vəziyyətdə, həm də yerləşdiyi regionu, mövcud durumunu nəzərə alaraq hər cür təhlükəyə qarşı ayıq-sayıq və hazırlıqlı olmalıdır. Doğrudur, Azərbaycan tolerant ölkədir. Amma burada şiə və sünni məzhəblərinin birgə yaşamasından öz məkrli məqsədləri üçün yararlanmaq istəyən qüvvələr ola bilər. Vətəndaşlarımız ayıq olmalıdır. Baş vermiş hadisələrdə özünü itirməməli, hadisələrə çevik reaksiya verməlidirlər.

Məlahət Rzayeva