İŞİD Türkiyəyə qarşı duracaq gücdə deyil

Terrorçu qruplaşmanın sərhədə hərbi texnika toplaması, başqa qaranlıq məqamlarla bağlıdır



Yaxın Şərqin baş bəlasına çevrilən İraq Şam İslam Dövləti (İŞİD) Türkiyəyə yaxınlaşır. Terrorçu qruplaşma Türkiyə sərhəddinə raket yığmağa başlayıb. Qruplaşma İraqda ələ keçirdiyi zirehli texnika və raketlərin bir hissəsini bölgəyə gətirib.

Qeyd edək ki, bir müddət əvvəl Suriyada türkmənlərin yaşadığı kəndlərdə əməliyyatlara başladığını bəyan edən İŞİD kürdlərin yaşadığı kənd və şəhərlərə də hücum edəcəklərini deyib.

Bunun süni şəkildə yaradılmış ajiotaj olduğunu söyləyən politoloq Natiq Miri "Şərq”ə deyib ki, İŞİD-in qarşı çıxdığı ölkələr Türkiyə ilə müqayisədə zəifdir. Onun sözlərinə görə, Türkiyə oturuşmuş, güclü hərbi və iqtisadi potensiala malik ölkədir: "Qardaş ölkə NATO-nun bərabər hüquqlu üzvüdür. Türkiyə geostrateji məkanda yerləşir. Sözügedən terror dəstəsi Türkiyə dövlətinə qarşı duracaq gücdə deyil. Türkiyəyə qarşı hansısa addım atılsa, az bir zamanda həmin qruplaşma darmadağın ediləcək. Bunu İŞİD-in arxasında dayanan güclər çox gözəl anlayır. Görünür, hansısa geosiyasi oyunlar gedir. Bu şayiə də həmin oyunun tərkib hissəsi olaraq ortalığa atılıb”.

Ekspertin qənaətincə, İŞİD-lə Türkiyə arasında ciddi konflikt yoxdu: "Bu qruplaşmanın Suriyada döyüşən yaralıları Türkiyə xəstəxanalarında müalicə olunub, döyüş cəbhəsinə qayıdır. Türkiyənin onlara qeyri-rəsmi olaraq maliyyə və silah yardımlarını terrorçuların özləri də etiraf edir: "Hesab etmirəm ki, İŞİD-lə Türkiyə hakimiyyəti arasında ciddi qarşıdurma mövcuddur”. N.Miri onu da vurğulayıb ki, gedən proseslərdə Türkiyə hakimiyyətinin barmağının olması istisna deyil: "Amma rəsmi Ankaranın belə qəddar qruplaşmaya dəstək verməsi onun xeyrinə deyil. İraqda gedən proseslər göstərir ki, burada yeganə qazanan tərəf kürdlərdir. Kürdlər gələcəkdə müstəqil dövlət yaratmaq istiqamətində referendum təşkil etməyə səy göstərir. Türkiyə hakimiyyəti anlamalıdır ki, Kürdüstan dövləti İraqdakı kürdlər çərçivəsində məhdudlaşmayacaq. Onlar Suriya və Türkiyədə kürdlərin yaşadığı əraziləri ehtiva edən böyük bir Kürdüstan yaratmaq fikrindədirlər. Buna görə zənn edirəm ki, Ankaranın İŞİD-i dəstəkləməsi gələcəkdə Türkiyənin başağrısına çevrilə bilər”.

Ayyət Əhməd