İsmayıl Şıxlı fenomeni...

“Dəli Kür” azərbaycançılıq ideyasının ən mühüm ədəbi faktıdır



Tarixin bütün dönəmləri bir həqiqəti təsdiq edib ki, Vətənin, millətin ağır günündə iki böyük qüvvə öndə dayanıb: biri millətin, Vətənin sərkərdəsi, biri də o millətin, Vətənin yetirdiyi böyük qələm və söz adamları. Yaxın keçmişimizin keçdiyi tarixi yol da bu həqiqəti bir daha təsdiqləyib. Ötən əsrin 80-ci illərində ümumazərbaycan ədəbiyyatında özünüdərk, özünəqayıdış, özünüifadə yönümlü əsərlər meydana çıxdı. Müəyyən "yumşalmalarla” hələ əsrin ortalarından rast gəlinən bu yeniləşmə ruhu 80-ci illərdə "üsyankar” bir nəsr formalaşdırıb ki, burada da torpağa, xalqa, onun adət-ənənəsinə, milli özünüdərkinə, ideologiyasına bağlılıq, özünü xalqın zərrəsi hesab etmək, lazım gələndə varlığını unutmaq və xalqın yolunda fəda etmək və s. kimi keyfiyyətlər xüsusi yer tutub.

İsmayıl Şıxlıda milli hiss və Vətən sevgisi təsvir olunmayacaq dərəcədə güclü olub

Belə keyfiyyətləri, hələ 60-cı illərdən yaradıcılığında əks etdirən görkəmli xalq yazıçısı İsmayıl Şıxlı ədəbi-mədəni həyatımızda, ictimai-bədii fikir tariximizdə özünəməxsus mövqeyi, orijinal dəsti-xətti, şəxsiyyəti ilə seçilib. İsmayıl Şıxlı bütün həyat və yaradıcılığını azərbaycançılığa həsr etmiş əvəzolunmaz şəxslərdən olub. O, XX əsr Azərbaycan ziyalılığının ən ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu nəsli təmsil edən bir insan olub. Həyatı boyu, həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində duraraq, milli mentalitet, vətənin azadlığı, müstəqillik duyğusu ilə yaşayıb. Millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərlərinin dəyəri və ibrət dərsləri çox güclüdür. Görkəmli nasir azad, müstəqil və mədəni həyat yolu keçib. Onda milli hiss və Vətən sevgisi təsvir olunmayacaq dərəcədə güclü olub. O, həyati

mövzular yazaraq, zamanın nəbzini tutub və günün mühüm məsələlərinə toxunub. Mənəvi-ictimai problemləri ön plana çəkərək dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirib. Yazıçının əsərləri azərbaycançılıq ideyası əsasında qurulduğundan hər dövr üçün aktuallığını qoruyub. Məlumdur ki, xalqın milli-fəlsəfi fikri öz əksini bədii ədəbiyyatda tapır. Milli xüsusiyyətlərin, milli keyfiyyətlərin, milli ruhun, adət-ənənələrin yaşanmasında bədii ədəbiyyatın böyük rolu var. Bu baxımdan da İsmayıl Şıxlının əsərlərində milli ideyanın təlqin və təbliği mühüm əhəmiyyət kəsb edir. Yazıçı hələ sosializm cəmiyyətinin, avtoritar rejimin ən şiddətli çağlarında sovet ideologiyasının prinsiplərinə zidd olan əsərləri ilə seçilib. O, öz əsərlərində bu quruluşun formalaşdırdığı insanların faciəsini əks etdirib.

İ.Şıxlı sənətdə olduğu kimi həyatda da vətənpərvərlik duyğularını, vətəndaşlıq qürurunu qorumuş, hər şeydən uca tutmuşdur. Yaradıcılığında ifadələrin sadə, mənanın aydın, eyni zamanda fəlsəfi olması daha çox İ.Şıxlının xalq yaddaşı və xalq ruhu ilə bağlandığını təsdiqləyir. Azərbaycan əlli milyonluq bir xalqın - azərbaycanlıların şəriksiz Vətəni olduğu kimi, İsmayıl Şıxlı yaradıcılığı da əlli milyonluq xalqımızın şəriksiz nəsridir, ədəbiyyat, bədii düşüncə və təfəkkürünün vətənidir. Bu da ondan irəli gəlir ki, onun nəsrlərində hər bir oxucu öz hisslərini, düşüncə və təfəkkürünü görür, dərk edir, özünü bir çox məqamlarda İsmayıl Şıxlı yaradıcılığı ilə ifadə etmiş olur. İ.Şıxlını həmişə xalqın taleyi, mənəviyyatı düşündürdüyündən onun əsərləri xalqın ürəyinə tez yol tapıb. Bu əsərlər onun görkəmli Azərbaycan yazıçısı kimi tanınmasına və xalq tərəfindən sevilməsinə səbəb olub. O, əsərlərində Azərbaycan həyatının mənəvi-ictimai-əxlaqi problemlərini açıb göstərib. Milli keyfiyyətlərimizi nümayiş etdirib. Azərbaycana, onun mənəvi dünyasına, mədəni sərvətlərinə sevgi ideyasını ortaya qoyub.

İsmayıl Şıxlı Böyük Vətən müharibəsi cəbhələrindən ədəbiyyata gəlmiş yazıçılar nəslinin ən istedadlı simalarından biridir və müasir Azərbaycan romançılığının inkişafında onun əvəzsiz yeri var. Yazıçı 1919-cu il mart ayının 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya göz açıb. İlk təhsilini Qazax rayonunun Kosalar kənd məktəbində alıb. Atasının sənətinə olan marağı onu tezliklə Qazax Pedaqoji Texnikumuna gətirir. 1936-cı ildə texnikumu bitirən İsmayıl Kosalar kənd orta məktəbində müəllim kimi çalışmağa başlayıb. Kənddə iki il müəllim işlədikdən sonra 1937-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun Dil-ədəbiyyat fakültəsinə daxil olur. Qaynar tələbəlik həyatı ilk günlərdən onun həssas və romantik təbiətinə öz təsirini göstərməyə başlayır. Ədəbi-bədii gecələr, görüşlər, Səməd Vurğun, Mehdi Hüseyn kimi sənətkarlarla təmas onun ədəbi-bədii təsəvvür dairəsini genişləndirir. Nəhayət, 1938-ci ildə "Ədəbiyyat” qəzetində "Quşlar” adlı ilk şeiri çapdan çıxır. 1942-ci ildə isə İsmayıl Şıxlı cəbhəyə yollanır. Müharibənin sonunadək Vətəni uğrunda alman faşistlərinə qarşı vuruşur. 1945-ci ildə cəbhədən qayıdan ədib 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat ixtisası üzrə aspiranturasına daxil olur və yaradıcılığını davam etdirir.

İsmayıl Şıxlının ilk nəsr əsəri "Həkimin nağılı” hekayəsi 1947-ci ildə "İnqilab və mədəniyyət” jurnalında işıq üzü görüb. İlk uğurdan ruhlanan cavan yazıçı təzə yazılarını Mehdi Hüseynə göstərməyə başlayıb. Lakin yazıçı bu hekayələri oxuyub müəllifə məsləhət verir, hekayələri dönə-dönə yenidən işləməyi tövsiyə edir. 50-ci illərin ikinci yarısından yazıçının yaradıcılığında yüksəliş müşahidə olunub. 1957-1966-cı illərdə o, əsas əsəri "Dəli Kür” romanı üzərində çalışır.

1941-1945-ci illərin qanlı savaşında iştirakı İsmayıl Şıxlının istər yaradıcılıq bioqrafiyasında, istərsə də ümumən tale kitabında çeşidli qəmli məqamların yer alması ilə müşayiət olunur. Bunu yazıçının gündəlik formasında yazdığı "Cəbhə yolları” sənədli povesti və "mən hər gün gördüyüm və başıma gələn işləri dəftərimə qeyd edirdim” düşüncə müstəvisinə cəm olunan yaşantılar da isbat edir.

"Dəli Kür” nəinki nəsrimizdə, həm də ictimai şüurumuzda, milli özünüdərkimizdə dönüş yaradan əsərlərdəndir

Gerçək həyatla təmasdan qaynaqlanan bitkin və kamil milli xarakter ilk öncə İsmayıl Şıxlının "Ayrılan yollar” romanında meydana çıxıb. İdeoloji basqılar dönəmində yazılan bu romandakı hadisələrin təqdimatından aydın görünür ki, müəllif kolxoz sədri Qurban Kosaoğlu ilə gənc aqronom İmranın konfliktini ictimai-siyasi zəmində incələməyə üstünlük verir. Bu surətlərin təmsil etdiyi yolların ayrılması zəruri və qaçılmazdır. Qurban Kosaoğlunun xislətindəki möhtəkirliyin, xəyanətin, "parçala, hökm sür” "siyasət”inin bilavasitə sovet ictimai-siyasi gerçəkliyindən qaynaqlandığını, tipin içərisində dolaşdığı makromühitin yetirməsi olduğunu bədii müstəviyə çıxaran İsmayıl Şıxlı bununla cəmiyyət gerçəklərinə, onun ideoloji dayaqlarına kəskin etirazını, müxalifliyini ortaya qoyur və sonucda belə bir fikir formalaşdırır ki, Qurban Kosaoğlu xislətlilərə boy verən bir ictimai quruluşun gələcəyinin qaranlıq dalana dirənməsi labüddür. İctimai-tarixi dönəmin gerçək axarının iç mənasının cəmiyyət yetkililərinin davranış və rəftarlarının yazıçıya könül ağrıları gətirməsi bu kontekstdə təbii idi. Lakin xarakterindəki "nəsimiçilik” ovqatı, əzm və iradə möhkəmliyi onu şəksiz dönməz edib. "Ayrılan yollar” təbii axarı ilə İsmayıl Şıxlını "Ölən dünyam”a aparırdı. Lakin bu yol, əlbəttə ki, labüd olaraq məhz "Dəli Kür”dən keçməli idi. İsmayıl Şıxlı dərin erudisiyalı sənətkar olaraq milli-tarixi kimlik mövzusunu bədii düşüncə predmetinə çevirərkən, əlbəttə ki, özəl ədəbi-estetik biçimlərini də ortaya qoyub. Xalqının kəşməkəşli tale yolunun ağrılarını sinəsinə çəkən ədibin adıçəkilən romanlarında milli özünüifadə pafosunun özəl forma təzahürü sənətkarlıq axtarışlarının uğurlarından soraq verir.

İsmayıl Şıxlı romanlarında incələnən milli əxlaq, tarixi-etnik yaddaş, milli özünüdərk kimi konseptual məna daşıyıcıları milli xarakteri birbaşa ehtiva edirdi. Cahandar ağa, Ömər koxa, Güllü xanım, Çapıq Əmrah, Qaçaq Süleyman, Qaçaq Kərəm, Kabı Kəsəmənli və bu qəbildən olan digər surətlərin xarakterində özünü göstərən mərdlik, dədə-baba yoluna dayaqlanmaq, tarixi etnik yaddaşla daşınan qürur, namus-qeyrət kimi mental dəyərlər, əlbəttə ki, ümumən sözügedən çağların milli ədəbi prosesinə də güclü təkan verib. Məlum olduğu kimi, Azərbaycan romanına daxili nəfəs genişliyi aşılayan, janrı bədii biçimlərlə monumentallaşdıran "Dəli Kür” müəllifinə nəsrimizdə yeni inkişaf tendensiyasının yaradıcılarından biri kimi böyük nüfuz qazandırıb. "Dəli Kür” nəinki nəsrimizdə, həm də ictimai şüurumuzda, milli özünüdərkimizdə dönüş yaradan əsərlərdəndir.

Şıxlı yaradıcılığının şah əsəri olan "Dəli Kür”də bu yaddaş və ruhun başda saxlanılması, insanın vətəndaş ampluasında görünməsinə, mübarizə aparmasına, milli duyğunun əbədi vəzifəyə çevirməsinə xidmət göstərir. "Dəli Kür” Kürün, təbiətin dəliliyinin ifadəsi yox, milli-tarixi kimliyin, mənəvi-ruhi haqqın hayqırtısıdır. Millilik İ.Şıxlı yaradıcılığı üçün ən böyük göstəricidir. Millilik atributları əsərdə bəsit yox, çoxşaxəli formada təqdim olunur. Sovet ideologiyasının milli ideologiyalar üzərinə kölgə saldığı dövrdə (1962) belə bir əsərin yazılması milli ruhun təntənəsi idi. "Dəli Kür” milli varlığımızı yaşatmaq, qorumaq və gələcəyə ötürmək cəsarətinə görə sovet dövrü ədəbiyyatının qəhrəman romanı adını daşımağa layiqdir.

Göytəpə kəndi mikromühit olaraq makromühiti - Azərbaycanı simvollaşdırır

Hakim ideologiyanın sinfi-partiyalı ədəbiyyatı gündəmə çıxardığı bir dönəmdə sənətini ruhi-mənəvi dəyərlərin çözümünə yönəldən İsmayıl Şıxlı bununla həm də yeni ədəbi nəslin boy göstərməsinə münbit zəmin yaradıb.

İ.Şıxlı sosrealizmin mövzu standartlarını ancaq "Dəli Kür”də tamam qıra bilmiş, həm də mövzuya dövrün yox, iç dünyasının istəyi ilə girişmiş və bədii həll verib. İ.Şıxlı xarakter etibarı ilə kökə, milli-tarixi varlığa bağlı insan olub. "Dəli Kür”də seçilən mövzu, qoyulan problemlər ruh etibarı ilə ona yaxın olduğu üçün yaradıcılığının sonrakı mərhələsində də o, bu mövzuya sadiq qalıb. Onun "Dəli Kür”dən sonra yazdığı "Əfsanələr və rəvayətlər” silsiləsindən olan əsərlərində də, "Qızıl ilan”, "Namus qaçağı” hekayələrində də etnik yaddaşdan gələn xüsusiyyətlər aparıcıdır. "Dəli Kür” romanında XIX əsrin ikinci yarısının, daha çox isə son onilliklərinin hadisələri təsvir olunur. İlk növbədə milli varlığın minillər ərzində formalaşan həyat tərzinə müstəmləkəçi rejimin - çar hökumətinin, roman qəhrəmanlarının dili ilə desək, "divan - dərə”nin bütün gücü ilə nüfuz cəhdi bədiiləşdirilir. Romanda çar hökumətinin

Azərbaycanda siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinin konkret mənzərələri əks olunub. Bu mənzərələr həmin dövrün ictimai-siyasi münasibətlərini dolğun və tam obyektiv əks etdirir.

Davamı olacaq...
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb