Bakının marşrut dərdi...

İctimai nəqliyyatın giley-güzarı bitmir




Bakının marşrut dərdi bitib-tükənmək bilmir. Şəhərdə kimi dindirsən, ictimai nəqliyyatdan gileylənir. Sərnişinlər sürücülərin marşrutdan taksi kimi istifadəsindən, sürücülər sahibkarların tələb etdiyi planın çoxluğundan, sahibkarlar isə ictimai nəqliyyatda 20 qəpik gedişhaqqının benzinin qiyməti ilə adekvat olmamasından danışır. Hər birinin də bəhanəsi hazırdır. Şirkət rəhbərləri iddia edir ki, Azərbaycanda benzinin qiyməti həddindən artıq baha olduğu üçün 20 qəpik gedişhaqqı marşrut xərclərini ödəmir.

Onlar da qazanc əldə etmək və gəlirlərini artırmaq üçün sürücülərdən yüksək miqdarda plan tələb edirlər. Belə olan halda isə sürücülər həmin planı ödəyə bilmək və günün sonunda evinə bir tikə çörəkpulu aparmaq üçün insanların canı ilə oynayırlar. Yəni dayanacaqda duran hər sərnişini 20 qəpik gözündə görüb, "ov”a çıxırlar. Başqa bir iddiaya görə isə sahibkarlardan dolayı yollarla alınan pullar ucbatından onlar da gündəlik planları artırmalı olurlar. Beləliklə də, sürücü həmin planı doldurmaq üçün daha çox dövrə vurur, avtobusu daha sürətlə idarə etməli olur. Odur ki, mütəxəssislər hesab edir ki, nə qədər ki, sərnişindaşıma özəl sektorun əlindədir, bu hallar davam edəcək. Çünki bu sahədə problemlər çoxdur. 20 qəpiyə görə sahibkarlar və sürücülər hər şeyə əl atırlar.

Sahibkarların gediş haqqının aşağı olması ilə bağlı iddialarına münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyevin qənaətincə, 20 qəpik sərf eləməsə, sahibkarlar Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq etməzlər. Sadəcə onlar daha çox qazanmaq üçün sürücülərdən artıq plan tələb edirlər: "Həmişə ölkədə bahalaşma olandan sonra ictimai nəqliyyatda da qiymətlərin qalxma məsələsi gündəmə gəlir. Sonuncu dəfə benzinin qiymətinin artmasından sonra da bu məsələ xeyli müddət müzakirə obyekti olaraq qaldı, lakin qiymətlər qalxmadı. 20 qəpik gediş haqqının sahibkarlara nə dərəcədə sərf edib-etmədiyini demək çətindir. Çünki bütün xərcləri sahibkarlar özləri tətbiq edir. Sürücülərin maaşları, texniki baxış kimi məsələləri birbaşa sahibkarlar təmin edir. Nə dərəcədə gəlirli olduğu da ancaq onlara bəllidir”. Gediş haqlarının dövlət tərəfindən tənzimləndiyini vurğulayan ekspertin sözlərinə görə, bu qərar Tarif Şurası tərəfindən müəyyənləşdirilir: "Hər hansı bir sahibkar öz marşrutlarını xəttə buraxmaq üçün Nəqliyyat Nazirliyindən lisenziya alır. Nazirlik əvvəlcədən marşrut xətləri ilə bağlı şərtləri və qiymətləri açıqlayır. Həmin tələblər hansı sahibkara sərf edirsə, nazirliklə müqavilə bağlayır. Əgər bu gün 20 qəpik gediş haqqı sahibkarla razılaşıbsa, deməli, onlara sərf edir. Lisenziya şərtlərinə əməl etməyən sahibkarların fəaliyyətinə avtomatik olaraq xitam verilməlidir”.

Sürücülərin etirazına gəldikdə isə ekspert də planın həddindən artıq yüksək olduğu qənaətindədir: "Sürücülərdən tələb olunan plan həddindən artıq yüksəkdir. Hesab edirəm ki, sahibkarlar bir az güzəştlər etməlidir. Sahibkar həm çox pul qazanmaq üçün sürücülərdən aldığı planın qiymətini qaldırır, o biri tərəfdən də Tarif Şurasının müəyyənləşdirdiyi gediş haqqının az olduğundan gileylənir. Demirəm ki, 20 qəpik çoxdur. Bəli, benzinin qiyməti baha olduğu üçün 20 qəpik adekvat deyil. Amma bir şeyi də unutmayaq ki, gediş haqqının artması əhalinin sosial durumuna adekvat deyil. Avropa ölkələrində nəqliyyatın qiyməti baha, təxminən 1 avrodur. Amma onların vətəndaşları ilə Azərbaycan vətəndaşlarının yaşam tərzi də eyni deyil axı! Avropadakı əmək haqları ilə Azərbaycan vətəndaşlarının aldığı maaş arasında 10 dəfədən artıq fərq var. Onu da deyim ki, Avropada sərnişinlər üçün güzəşt sistemi mövcuddur. Yəni birdəfəlik gediş üçün karta 1 avro vurulur. Amma birdəfəlik gediş alanda qiymət təxminən 10 faiz ucuzlaşır. Amma bizdə sərnişinlər üçün heç bir güzəşt yoxdur. Birdəfəlik 20 bilet də alsan, qiymət 20 qəpikdir, bir dənə də”.

S.Əliyevin sözlərinə görə, nəqliyyat sahəsində mövcud olan etirazların, narazılıqların başlıca səbəbkarı Nəqliyyat Nazirliyidir. O vurğulayıb ki, əgər aidiyyəti qurum nəqliyyat infrastrukturunu düzgün müəyyənləşdirməyi bacarsa, nə sahibkarlar, nə sürücülər, nə də sərnişinlər etiraza qalxar: "Amma mövcud şərait göstərir ki, ictimai nəqliyyatdan hər kəs narazıdır. Marşrut xətlərini azaldıblar, insanlar basa-basda gedib-gəlir. Milyonlarla xərc çəkib nəqliyyatın intellektual idarəetmə sistemini qurdular, sonda fiasko ilə nəticələndi. Marşrutlarda kart sisteminin tətbiqinə çalışdılar, ortada real nəticə yoxdur. Hesab edirəm ki, gediş haqqının qalxması da, heç nəyi həll etməyəcək. Günü sabahdan gediş haqqı 40-50 qəpik də olsa, heç nə dəyişməyəcək. Nə nəqliyyatda xidmət, nə də sürücülərlə sahibkarların plan alveri düzəlməyəcək. Təcrübə göstərir ki, bizdə qiymət qalxan zaman keyfiyyət artmaq əvəzinə, daha da aşağı düşür. Problemin kökünü axtarıb tapmaq və aradan qaldırmaq lazımdır”.

Kart sisteminin tam şəkildə tətbiqi zamanı nəqliyyat sahəsində kök salan bir çox problemlərin aradan qalxacağını düşünən iqtisadçının sözlərinə görə, nazirlik bu sistemin tətbiqi ilə bağlı həddindən artıq ləngiyir: "Nəqliyyat Nazirliyinin nəqliyyatda kart sisteminin tətbiqi ilə bağlı iddialarını qəbul etmirəm. Faktiki olaraq, bu sistemin bərpası yox dərəcəsindədir. Bu sistem kütləvi formada istifadəyə verilməyib ki, biz də hər nə qədər effektiv olub-olmadığını görək. Ayrı-ayrı marşrut xətləri üzrə ictimai nəqliyyatdan istifadə edirəm, amma hələ ki, kart sisteminin tətbiqini görməmişəm. Bu format bizdə özünü doğrultmadığı üçün müsbət və ya mənfi tərəflərini görə bilmədik. Amma kart sistemi dünyada sınaqdan çıxmış bir prosesdir. İctimai nəqliyyatda bu sistemin üstünlükləri həddindən artıq böyükdür. Bütün dünyada ictimai nəqliyyat vahid kart sistemi ilə işləyir. Metrodan, avtobuslardan, hətta tramvay, trolleybus olan yerlərdə istifadə zamanı eyni kartdan istifadə olunur. Bizdə isə heç metro kartları ilə avtobus kartlarını birləşdirə bilmədilər. Bu isə artıq çatışmazlıq sayılır. İlk növbədə bu problem öz həllini tapmalıdır. Zənnimcə, kart sisteminin tətbiqi zamanı aidiyyəti qurum dünya ölkələrinin təcrübəsindən yararlansa, bir çox problemlərin həllinə nail ola bilər. Ən azından sürücülər 20 qəpikdən ötrü insanların canı ilə oynamaz. Sahibkarlar da plana görə sürücüləri gözümçıxdıya salmaz”.

Şəymən