Rusiya Qarabağla bağlı kursunu dəyişir

Ermənistanın İttifaqa üzv olmasının ləngidilməsi, məhz bununla bağlıdır



Ermənistanın Avrasiya İqtisadi Birliyinə qatılması ləngidilir. Sarkisyanın "Putin ittifaqı”na girməsi yenə təxirə salınıb. Düşmən ölkənin sözügedən ittifaqa qoşulması oktyabrda birliyə daxil olan ölkələrin dövlət başçılarının Minskdə növbəti görüşündə baş tuta bilər.

Xatırladaq ki, may ayında prezidentlərin Astana görüşündə separatçı ölkənin ittifaqa iyulun 2-də qatılacağı elan edilib. S.Sarkisyan xahiş edib ki, onun ölkəsinin ittifaqa daxil olacağı tarix dəqiqləşsin və rəsmən elan edilsin. "Xahiş edirəm ki, iyulun 2-nin Ermənistanın Avrasiya İttifaqına üzv olacağı gün kimi rəsmən elan edilməsi baş versin”. Putin də Ermənistanın ittifaqa üzvlüyünün tezliklə baş tutacağına ümid etdiyini vurğulayıb. Lakin Qazaxıstan lideri Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubu barədə məlumat verərək Ermənistanın İttifaqa üzvlüyünün Dağlıq Qarabağsız mümkün olduğunu xatırladıb. Bu bəyanat Ermənistanda ciddi narazılığa və Sarkisyana qarşı güclü tənqidlərə səbəb olub. Daha sonra Sarkisyan bildirib ki, Ermənistan Dağlıq Qarabağı öz ərazisi kimi tanımadığı üçün ittifaqa üzvlük də indiki sərhədlər çərçivəsində baş verəcək. Məlumat üçün onu da bildirək ki, Ermənistan mediası ölkələrinin adıçəkilən birlikdən hələ ki kənar qalmasını Azərbaycanla əlaqələndirib. İşğalçı ölkənin "Haykakan Zhamanak” qəzeti yazır ki, Rusiya Azərbaycanı birliyinə üzv etməyə cəhd göstərir. Azərbaycan isə açıq şəkildə bildirir ki, Rusiya Qarabağ məsələsini onun xeyrinə həll edəcəyi təqdirdə, üzv olmaq haqqında düşünə bilər. Ona görə də Rusiya Ermənistanın üzvlüyünü gecikdirir.

Ermənistanın birlikdən kənar qalma səbəbini şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında bunu Sarkisyanın Dağlıq Qarabağ münaqişəsində tutduğu qeyri-konstruktiv mövqe ilə izah edib. Onun sözlərinə görə, Moskva ölkəmizi istənilən vəchlə ittifaqa cəlb etməyə çalışır: "Son günlər Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi məsələsinin gündəmə gəlməsi təsadüfi deyil. Bunu rəsmi Kreml bilərəkdən aktuallaşdırır. Azərbaycan tərəfi isə bildirir ki, ərazi bütövlüyümüz təmin olunmayacağı halda sözügedən birliyə qatılmaqdan söhbət belə gedə bilməz. Qazaxıstan liderinin İ.Əliyevin məktubunu xatırlatması da məhz bu mətləbdən xəbər verirdi. Əlbəttə, Ermənistanın üzvlüyünün ləngidilməsi Azərbaycanın indiki mövqeyi ilə əlaqədardır”.

Ekspert onu da diqqətə çatdırıb ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi barədə mövqeyində ciddi dəyişikliklər müşahidə olunur: "Moskva indiyə qədər münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasının tərəfdarı idi. Hazırda siyasi xəttini tamamilə dəyişib. Münaqişənin həllində fəal mövqe tutmağa başlayıb. Bu məsələdə Fransa da onu dəstəkləyir”.

Ekspertin qənaətincə, Azərbaycanın geosiyasi mövqeyi, iqtisadi potensialı və dünya siyasi arenasında oynadığı rol təklənmiş, ciddi iqtisadi blokadaya alınmış və sanksiyalara məruz qalmış Rusiya üçün həyati əhəmiyyətə malikdir: "Ölkəmiz o zaman Rusiyanın yanında ola bilər ki, Moskva düşmən ölkəni dəstəkləməkdən imtina etsin. Ermənistanla Azərbaycan arasındakı münaqişədə neytral mövqe tutsun. Üstəlik, işğal edilmiş ərazilərdən separatçı qüvvənin çıxarılmasına dəstək versin”.

Ayyət Əhməd