ATƏT PA-nın 23-cü Bakı sessiyası necə yadda qaldı?

Aydın Mirzəzadə: “Ölkəmiz ATƏT-lə əməkdaşlıqda, bu qurumun fəaliyyətinə töhfələr verməkdə çox maraqlıdır”
Eldar İbrahimov: “Biz öz səviyyəmizi göstərdik. Səbrlə, diqqətlə onlara yanaşdıq”


Bakıda baş tutan ATƏT Parlament Assambleyasının 23-cü sessiyasında ölkəmiz, o cümlədən, Ukrayna-Rusiya münasibətləri, Yaxın Şərqdə baş verənlər və digər məsələlərlə bağlı ciddi müzakirələr keçirilərək vacib qərarlar qəbul olunub. Müzakirə olunan mövzular arasında ATƏT-in Bakı Ofisinin statusu da mövzu obyekti olub.

ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyasını dəyərləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə səslənən təklifləri normal qəbul etdiyini deyib: "Azərbaycanla bu təşkilat arasında əməkdaşlıq var. Əlbəttə ki, qurumun ölkəmizdəki ofisinin statusunda hansısa dəyişiklik edilə bilər. Bu, müzakirələr mövzusudur. Hesab edirəm ki, məsələ ilə bağlı hər hansı bir problem olmayacaq. Ölkəmiz ATƏT-lə əməkdaşlıqda, bu qurumun fəaliyyətinə töhfələr verməkdə çox maraqlıdır. Buna dair çoxsaylı nümunələr və geniş təcrübə var. Yəqin ki, hazırkı məsələdə ATƏT rəhbərliyi və Azərbaycan XİN arasında müzakirədən sonra öz həllini tapacaq”.

ATƏT PA 23-cü sessiyasını dəyərləndirən millət vəkili Eldar İbrahimov də sessiya çərçivəsində yaddaqalan məqamların çox olduğunu bildirib. Onun sözlərinə görə, iclas çox əlamətdar mövzuların müzakirəsi, qəbul olunan sənədlərlə yadda qaldı. Millət vəkilinin qənaətincə, ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilməsi Azərbaycana yeni imic qazandırıb. 57 ölkənin parlamentariləri ölkəmizdəki inkişafı gördülər. Paytaxtdan kənara gəzməyə gedən ATƏT nümayəndələrinin olduğunu deyən millət vəkilinin sözlərinə görə, təşkilatın sessiyasında ən yaddaqalan hadisələrdən biri də prezident İlham Əliyevin çıxışı olub: "Prezidentin, Milli Məclis sədrinin nitqi bir daha göstərdi ki, Azərbaycan nə qədər inkişaf edib. Ayrı-ayrı komitələrdə müzakirələr aparıldı. Siyasi və təhlükəsizlik komitəsində Bahar Muradova, Azay Quliyev, iqtisadiyyat komitəsində mən, insan haqları komitəsində Rəbiyyət Aslanova çıxış edib. Təbii ki, biz çıxışlarımız zamanı ölkəmizin problemlərindən yox, bu problemlərin artıq ATƏT tərəfindən diqqət mərkəzində olduğunu qeyd etdik. Xüsusilə də torpaqlarımızı işğal edən, Ermənistandan gələn həmkarlarımız, bütün deputatlar bizdən razı getdilər. Bu gün də çıxış edənlərdən elə bir nəfər olmadı ki, Azərbaycana, bu tədbirin təşkilinə görə başda prezident və Milli Məclisin sədri olmaqla təşəkkür etməsinlər. Çünki çox yüksək səviyyədə təşkil olunub”.

20 ilə yaxın ATƏT-in Parlament Assambleyasının üzvü olduğunu deyən E.İbrahimov heç bir ölkədə yay sessiyasının Bakıdakı kimi təşkil olunmadığını deyib: "Çünki prezident ATƏT-in Parlament Assambleyasına çox böyük diqqət yetirdi. Prezidentin çıxışından sonra qonaqlara axşam ziyafətinin verilməsi, Milli Məclis sədrinin, baş nazirin adından ziyafətlərin təşkili də bütün əcnəbi deputatların çox xoşuna gəldi. Bizim tərəfimizdən onlara böyük qayğı göstərildi. Biz öz səviyyəmizi göstərdik. Səbrlə, diqqətlə onlara yanaşdıq. Onlar da bunu çox yüksək qiymətləndirdilər”.

ATƏT-in Parlament Assambleyasının son iclasında Bakı qətnaməsinin qəbul olunduğunu deyən millət vəkili burada bütün müzakirə olunan məsələlərin öz əksini tapdığını vurğulayıb.

Şəymən