ATƏT-in Minsk Qrupuna etibar qalmayıb

20 ildir Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi bir nəticə yoxdur



"Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi barışıq yolları tapmaq məqsədi ilə vasitəçilikdə iştirak edir”. Bunu Fransa xarici işlər naziri Loran Fabius deyib. Cəbhə xəttində Ermənistanla Azərbaycan arasında gərginliyin artmasını şərh edən Fabius tərəfləri etibar mühiti yaratmağa çağırıb. Fabius həm də yada salıb ki, Cənubi Qafqaza səfər zamanı Fransa prezidenti Fransua Olland münaqişənin dinc yolla həlli və danışıqlar prosesində inkişaf naminə hər iki ölkənin başçısı ilə görüşüb.

Amma siyasilər Fransanın səmimiyyətinə inanmır. Fransa-Ermənistan arasındakı dost münasibətlərini xatırladan ekspertlərin sözlərinə görə, Fransa Rusiyadan sonra Ermənistanın qeyri-qanuni əməllərini müdafiə edən və onun arxasında duran ikinci dövlətdir. İctimaiyyət nümayəndələri isə ümumiyyətlə, ATƏT-in Minsk Qrupunda təmsil olunan ölkələrin Dağlıq Qarabağ probleminin həllində maraqlı olmadıqlarını və ölkəsindən asılı olmayaraq həmsədrlərin əhəmiyyətsiz fəaliyyət göstərdiklərini deyirlər. Qeyd edək ki, bir həftə əvvəl Fransanın gündəlik "Le Monde” qəzetində Şərqi Avropa üzrə xüsusi müxbir Andrey Sorescunun Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqaləsində ATƏT-in Minsk qrupunun fəaliyyəti kəskin tənqid olunub. Məqalədə Ermənistanın ona məxsus olmayan və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın əzəli ərazisi kimi qəbul edilən torpaqları işğal etməsi faktı pislənilib.

ATƏT-in Minsk Qrupu ilə bağlı dəfələrlə münasibət bildirən millət vəkili Elman Məmmədovun sözlərinə görə, bu institut yarandığı gündən indiyə qədər özünün fəaliyyəti və yaxud fəaliyyətsizliyi nəticəsində Qarabağ probleminin həllini tezləşdirmək istiqaməti götürməyib: "Onların bütün məqsədi sanki problemin həllini pərdəarxası ləngitməyə yönəlib. Çünki ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin Cənubi Qafqaz regionunun bir hissəsi olan Azərbaycanda maraqları toqquşur. Həmişə bu ziddiyyətlər olub. Son olaraq Ukrayna məsələsi ilə bağlı zidiyyətlər kəskinləşib. Belə həmsədrlikdə təmsil olunan dövlətlərdən danışıqlar prosesində nəsə müsbət nəticə gözləmək absurddur. Dəfələrlə təklif vermişəm ki, vasitəçilik mandatı onlardan alınsın. Çünki Minsk Qrupundakı ölkələr etimadını itirib. Məsələn, geniş bir format tətbiq olunsa, xüsusilə, BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində bir mandat tətbiq olunsa, bəlkə daha əlverişli olar. Yəni Qarabağ məsələsinin taleyi milli maraqları, mənafeləri biri-birilə toqquşan 3 dövlətin fikrindən yox, 15-16 dövlətin fikrindən asılı olsa, məsələnin həllinə ümid etmək olar”.

Millət vəkili Bəxtiyar Sadıqov deyir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti onu qətiyyən qane etmir və bu qurumu ciddi saymır: "ATƏT-in Minsk Qrupu yaradılarkən qarşısında duran vəzifə sülh danışıqları yolu ilə Dağlıq Qarabağ münaqişəsini nizama salmaq olub. Ötən 20 il müddətində Minsk Qrupunun həmsədrləri dəfələrlə dəyişib. Həmsədrlər regiona çoxsaylı səfərlər ediblər, görüşlər keçiriblər, danışıqlar aparıblar. Amma bunların heç bir nəticəsi olmayıb. Çünki həmsədrlərin regiona səfəri turist gəzintisi, danışıqları isə çevir tatı-vur tatı olub. Onlar Ermənistanda olanda ermənilərin xoşuna gələn mövqe nümayiş etdirirlər. Azərbaycanda olanda isə milləti qıcıqlandıran açıqlamalar verirlər. Yəni bir sözlə, bunların məqsədi vaxt udmaqdır, problemi həll etmək yox”.

Politoloq Rasim Ağayev də vurğulayıb ki, Minsk Qrupunda birbaşa Ermənistanı dəstəkləyən ölkə yer almamalıdır: "ATƏT-in mandatından istifadə edən Minsk Qrupundakı həmsədrlər erməniləri dəstəkləyən ölkələri təmsil edir. Ona görə də, həmsədrlər təmsil etdikləri ölkələrin mövqeyindən uzaqlaşa bilmirlər. Vasitəçilər qrupu neytral ölkələrin nümayəndələrindən ibarət olmalıdır. Əgər Ermənistanın arxasında onu dəstəkləyən, Fransa, Rusiya və ABŞ durmasaydı, məsələ çoxdan həll olunardı”.

İsmayıl