“Dədə Heydər” muzeyi…

Bayıl sakini evini ümummilli liderin muzeyinə çevirib
Muzeyi genişləndirməyə maddi imkanım çatmır


Bayıl qəsəbəsi Fərman Qurbanov küçəsi 6, mənzil 2 ünvanında yerləşən ev öz qeyri-adiliyi ilə seçilir. Hətta evin üzərindən 12 metr hündürlüyündə dalğalanan Azərbaycan istiqlaliyyətini əks etdirən üç rəngli və ay-ulduzlu bayrağımız insanda qürur hissi yaşadır. Bu evin sahibi Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Dəmirçilər kəndində fəhlə ailəsində doğulan 53 yaşlı Ramiz Xəlilovdur. Bu mənzil cəmi iki otaqdan ibarətdir. Mənzil o qədər təmirli olmasa da, onun yaratdığı fərdi Heydər Əliyev muzeyi öz fərqliliyi ilə diqqəti cəlb edir. Xeyr, yanlış anlamayın, bura geniş dəbdəbəli muzey deyil. Sadəcə, mərhum prezident Heydər Əliyev və ailəsinə olan dərin hörmət və izzətin nəticəsi olaraq Ramiz müəllimin kiçik olsa da, böyük coşqu ilə yaratdığı "Dədə Heydər” fərdi ev muzeyidir.

Burada Heydər Əliyevin bütün həyatını və siyasi fəaliyyətini əks etdirən müxtəlif şəkillər, kitablar, portretlər və xalçalar mövcuddur. Hətta gözümüzdən Heydər Əliyevin kiçik stolüstü büst heykəli də yayınmadı. Bununla yanaşı o, Mustafa Kamal Atatürkün portretini də "Dədə Heydər” muzeyindən asmağı unutmayıb. O bunu Heydər Əliyevin «bir millət, iki dövlət» prinsipinə əsaslanaraq türk millətini sevməsilə əsaslandırdı. Bununla bağlı orada maraqlı kitaba da rast gəldik. Belə ki, üz qabığında M.K.Atatürk, H.Əliyev, R.T.Ərdoğan və İ.Əliyevin fotoları əks olunmuş kitab da öz yerini tapıb. Məktəblilər tez-tez muzeyə Heydər Əliyevlə bağlı kitab almağa gəlirlər. Bu muzeyin fəaliyyəti bir neçə dəfə mətbuatda da işıqlandırılıb. Hətta bir neçə diplomat və tanınmış ictimaiyyət adamları da buranı ziyarət ediblər.

"Uşaqlıqdan Heydər Əliyev vurğunuyam”

Fərdi ev muzeyinin yaradıcısı R.Xəlilov uşaqlıqdan Heydər Əliyevin vurğunu olduğunu bildirib: "Bütün çıxışlarına baxırdım, daim onun Azərbaycan xalqı üçün atdığı addımları müntəzəm izləyirdim. O vaxtdan məndə H.Əliyev kimi şəxslə görüşmək və onunla ünsiyyətdə olmaq xəyalı formalaşdı. Hətta öz-özümə "H.Əliyevlə görüşmək mənə qismət olarmı?” deyə düşünürdüm. Tarix elə gətirdi ki, H.Əliyev 1982-ci ildə SSRİ Nazirlər Sovetinə birinci müavin təyin edildi. Bizim ailə çox sevindi və sevincimizin həddi-hüdudu yox idi.

Sonradan Dağlıq Qarabağ, Azərbaycan və Ermənistan arasında problemlər, münaqişələr güclənməyə başladı. Nəticədə ermənilər rusların köməkliyi ilə etnik təmizləmə siyasəti yürüdərək 1988-ci ildə yaşadığımız torpaqlardan, Dəmirçilər kəndindən kültəvi şəkildə deportasiya olunduq. Azərbaycana gəldikdən sonra ölkədə hərc-mərclik baş almağa başladı, acınacaqlı vəziyyət yaranmışdı. Buna acınacaqlı vəziyyət demək olmazdı, sürünərək yaşayırdıq. 1993-cü il 7 iyunda Bakıya qayıdaraq 15 iyunda xalqın istəyi və təkidi ilə hakimiyyətə gəldi. Ümummilli liderin hakimiyyətə gəlişindən başlayaraq Azərbaycan çiçəklənmə dövrünü yaşadı. Nəhayət, arzum çin oldu. 2001-ci il 21 mart Novruz bayramında Heydər Əliyev dənizkənarı parka gələrkən orada onunla qısa da olsa görüşə bilmək qismət oldu. Hətta oğlum ona şeir də dedi. İnanın, sevincdən, həyəcandan dilim söz tutmurdu. Çünki onu canlı olaraq görürdüm, onun siyasi xarizması qarşısında fikirlərimi ifadə edə bilmirdim». Hətta R.Xəlilov görüşdən olan xatirə şəklini də bizə göstərdi.

İndi İlham Əliyev onun layiqincə siyasətini davam etdirir. İ.Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm. Azərbaycanın prezidentinin İlham Əliyev olması böyük xoşbəxtlikdir. İndiki

Azərbaycan Heydər Əliyevin bizə həsr etdiyi şah əsər, İlham Əliyevin isə daha da inkişaf etdirdiyi ərmağanıdır”.

"Burada gördüklərinizin əksəriyyətini özüm almışam”

R.Xəlilov muzeyin genişləndirilməsi ilə bağlı aidiyyəti orqanlardan dəstək istəyir: "Muzeyi genişləndirməyə maddi imkanım çatmır. Burada gördüklərinizin əksəriyyətini özüm almışam. Digər hissəsini isə dostlar, tanışlar hədiyyə edib. Köməklik edilsə, muzeyi genişləndirmək və daha çox eksponatlarla zənginləşdirmək istəyirəm”.

Qeyd edək ki, Ramiz Xəlilov 1994-cü ildə yaratdığı "Dədə Heydər” muzeyinin 20 illik yubileyini qeyd edir. Onun sözlərinə görə, bu, Azərbaycanda Heydər Əliyevlə bağlı könüllü yaradılmış ilk "Dədə Heydər” fərdi ev muzeyidir.

Vüqar Şahinoğlu