Prosesin sonunda İraq, İran, Türkiyə və digərləri kənarda qalacaq. Əsas hücum hədəfi ABŞ olacaq






(əvvəli ötən sayda)

Versiyalardan biri isə odur ki, "Yeni Osmanlı” ideyasının müasir formasını həyata keçirmək imkanı əldə etməyə çalışan Türkiyə İŞİD-in genişlənməsinə göz yumur. Çünki yaranmış qarışıqlıq faktiki olaraq Yaxın Şərqin əsas hissəsinin Ankaranın nəzarətinə keçməsinə gətirib çıxarır. Eyni zamanda, Türkiyə üçün problemə çevrilən kürd separatçıları da İŞİD-in əli ilə məhv edilir. Güman ki, təşkilatın ilkin olaraq Mosuldakı Türkiyə konsulluğuna nümayişkəranə hücumu əvvəlcədən planlaşdırılıb. Məqsəd Türkiyənin bu planda iştirakı ilə bağlı ehtimalları ortadan qaldırmaq idi. Fransa isə, terrorçulara silahını satmaqla iqtisadi gəlir əldə edir və eyni zamanda Yaxın Şərqdəki tarixi mövqelərini bərqərar etməyə çalışır.

Digər iddia isə ondan ibarətdir ki, "İŞİD layihəsi” Amerikanın öz planıdır və bununla əsas məqsəd sanksiyalardan azad olmuş və Avropaya qaz satmaq haqqı qazanmış İranın güclənərək yenidən regional oyunçuya çevrilməsinin qarşısını almaqdır. ABŞ-ın İraqa köməyə tələsməməsi və Malikini istefaya səsləməsi bunun göstəricisidir. Üstəgəl, İŞİD-in Suriyada bütün digər qüvvələrə qarşı mübarizəyə qalxması Səudiyyə-Fransa-Türkiyə üçlüsünün planlarını pozmaq niyyəti ilə bağlı ola bilər. Çünki bu üçlü Amerikanın iradəsinin ziddinə gedərək Suriya müxalifətinə dəstək verirlər. Türkiyənin konsulluğuna hücum isə xəbərdarlıq xarakteri daşıyır ki, Ankara Yaxın Şərqdə sünni ittifaqı yaratmaq fikrinə düşməsin.

Suriyadan sonra niyə İraq?

Göründüyü kimi, bölgədə yeni bir oyun başlayıb. 2 ildən çoxdur Suriyada vuruşan İŞİD birdən-birə Şimali İraqda ortaya çıxır və Mosul şəhərini ələ keçirir. Güman ki, bu yeni oyun Türkiyə üzərindən oynanılır. Burada hədəf həm Əl-Maliki hökumətini devirmək, həm də Türkiyəni destabilizasiya etməkdir. Birincisi, İraqda keçirilən parlament seçkilərində Bağdaddakı Mərkəzi hökumətin lideri Əl-Malikinin qələbə qazanması və parlamentdə mütləq çoxluğu əldə etməsi Səudiyyə Ərəbistanın İraqla bağlı maraqlarına ciddi zərbə oldu. Onsuz da, Suriyada 3 ildir davam edən vətəndaş müharibəsində Əsədi devirmək üçün milyardlarla dollar xərcləyən Səud rejiminin bütün cəhdlərinin boşa çıxması, Əsədin 88 faizdən çox səsə yığaraq qələbə qazanması ilə regionda Riyad-Vaşinqton blokuna ağır zərbə vuruldu. Burda əsas məqsəd Maliki hökumətinin Türkiyə ilə əldə etdiyi razılığa əsasən İraq neftinin gələcək 50 ildə Türkiyədən keçməklə dünya bazarına çıxarılmasının qarşısını almaqdır. Bunun üçün də Post-Səddam İraqında 2006-cı ildən bəri baş nazir olan şiə məzhəbli Maliki hökuməti devrilməlidir. İŞİD-in hələ Suriyadaki fəaliyyətindən bəri əsas dəstəkçisinin məhz Səudiyyə Ərəbistan olduğunu və Mosuldan sonra İŞİD-in hədəfində Kərbəla və Bağdad olacağını nəzərə alsaq, Əl-Maliki hökumətinin devrilməsindən ən çox Səudiyyə Ərəbistanın faydalanacağını açıqca söyləmək olar. İŞİD-i məhz bu baxımdan müstəqil hərəkət edən bir təşkilat kimi qiymətləndirmək düzgün olmaz. Beynəlxalq və regional dəstəkçiləri ilə İŞİD bu kontekstdə yalnız bölgəni yenidən şəkilləndirmək istəyən qüvvələrin agenti rolunu oynayır.

İŞİD digər radikal islamçı dəstələr tərəfindən də rədd edilir

Bəzi siyasi analitiklər tərəfindən "Əl-Qaidə” terror təşkilatının uzantısı olaraq qəbul edilsə də, bu gün İŞİD "Əl-Qaidə” lideri Ayman əl-Zəvahiriyə tabe olmadığını bildirir. Buna görə də "Əl-Qaidə” təşkilatı həddən ziyadə fanatik, məzhəbçi olan və ən ağır işgəncə metodlarından istifadə edən İŞİD ilə bütün əlaqələrini kəsib. Məşhur "Ən-Nusra” qrupu da "İraq Şam İslam Dövləti” ilə yollarını ayırıb. Bir çox ölkələrə səpələnmiş sələfi-vəhhabi qruplaşmaları da əsl niyyətini anlamadıqları İŞİD-in böyük etiraz və nifrətə səbəb olan qırğınlarını dəstəkləmirlər.

İŞİD-in ağalarını qane edən "nəticələr”

Bu qruplaşmanın islamın radikal, başkəsən, faşist dini kimi təqdim edilməsində əvəzsiz "rolu” var. "Vəhşi Şərq” obrazı yaratmağa çalışan Qərb dünyada artan islomofobiyanı daha da gücləndirmək və "əsaslı sübutlar”la təmin etmək niyyətindədir. Həmçinin, Suriya, İraq kimi müsəlman ölkələri dağıdılır və heç zaman stabil və təhlükəsiz ölkə ola bilmirlər. Bu isə ABŞ və müttəfiq orduların yenidən həmin ölkələrdə yerləşdirilməsinə şərait yaradır. Həmçinin, daima savaş şəraitində olan və bu səbəbdən gücsüz düşən dövlətlərdən öz məqsədləri üçün istifadə etmək istəyir. Təbii ki, Qərb İŞİD-ə bilavasitə dəstək vermir və guya, hadisələrdən "narahat olur”. Üstəlik, bu cür konfliktlər zamanı ətraf ölkələri də bu işə qarışdırmaqla onları zəiflətməyə çalışır.

Təşkilatın əsas vəsait mənbəyi - neft gəlirləri və zorla pul qoparma..

Hazırda İŞİD ən varlı terror təşkilatıdır. Əl-Maliki yaraqlıların maliyyələşməsi və onlara verilən mənəvi dəstəyə görə məsuliyyəti Səudiyyə Ərəbistanın üzərinə atanda, kralın müttəfiqi ABŞ bu ittihamları rədd etdi. Dövlət Departamentinin rəsmi nümayəndəsi Cennifer Psaki İraqın baş nazirinin bəyanatını "səhv və alçaldıcı” adlandırdı. Ancaq "Mayns Universitetinin Ərəb Dünyasını Araşdırması Mərkəzinin direktoru Günter Mayer əmindir ki, Fars körfəzi ölkələri Ərəbistan, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi hazırda İŞİD-in maliyyələşdirilməsində ən böyük mənbədir. O iddia edir ki, vəsait çox varlı ərəblərdən daxil olur”. Terror təşkilatı üçün daha bir maliyyə mənbəyi Suriyanın şimalındakı neft yataqlarıdır. İŞİD bu yataqlar üzərində nəzarəti ələ ala bilib. "Brookings İnstitution”in eksperti Çarls Listerin fikrincə, təşkilat özü üçün maliyyələşdirmənin əhəmiyyətli hissəsini təmin etmək gücündədir: "Yaxşı qurulmuş əlaqələr şəbəkəsinin hesabına təşkilat daim maliyyə axını mənbələri tapa bilir”. Lister qeyd edir ki, yaraqlıların hədə ilə pul qoparmasından kiçik biznes və iri şirkətlər, tikinti şirkətləri əziyyət çəkirlər. Bundan əlavə təşkilatın tam nəzarətə aldığı regionlara vergi qoyduğu da deyilir. Misal kimi, Suriyanın şimal-şərqində yerləşən Rakka şəhərini göstərmək olar”.

İŞİD və Azərbaycan

Bəlkə məsələnin bu tərəfinə toxunmağa elə də ehtiyac yoxdur. Çünki əksər ekspertlər İŞİD-in Azərbaycana təsirini diqqətədəyər hesab etmirlər. Onların fikrincə, Azərbaycan əhalisinin dinə meylliliyinin aşağı olması, gündəlik həyatda sıravi vətəndaşın dini qaydalarla yaşamağa can atmaması bunu deməyə əsas verir. Qaldı ki, İŞİD-in hər hansı terror və bu tip xoşagəlməz addımlar atmasına, Azərbaycandakı total nəzarətin fonunda bu da inandırıcı görünmür. Amma ölkəmizdən terror təşkilatına qoşulan xeyli sayda vətəndaşımızın olduğunu inkar etmək olmaz. Bunu yayılan video-kadrlardan da görmək mümkündür. Sosial şəbəkələrdə də İŞİD-i dəstəkləyən kifayət qədər azərbaycanlılar var. Onlar qaniçən terrorçuların qətllərinə haqq qazandıraraq, təşkilat "mufti”sinin "şiə qadınlar əsgərlərimizə halaldır” fətvasını "gözəl fətva” adlandırırlar. "Virtual terrorun” Azərbaycan üçün nə qədər təhlükəli olduğunu isə zaman göstərəcək.

Azərbaycanlı siyasi şərhçilərin İŞİD-lə bağlı fərqli düşüncələri var. "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu "İŞİD-in arxasında Qərb durur” fikri ilə razılaşmır. Ekspertin sözlərinə görə, İraqda Əl-Maliki hakimiyyətini terrorçuların əli ilə devirmək və onları hakimiyyətə gətirmək Qərb üçün lazımlı deyil: "Hər kəs yaxşı bilir ki, terrorçularla əlaqənin sonu müharibədir. Bizim özümüzə də yaxşı bəllidir ki, bu terrorçular sonda hər zaman Qərbin özünü nişan alıblar. Məsələ ondadır ki, bir çox ekspertlər keçmiş hadisələri şərh edərkən köhnə geosiyasi təfəkkürə əsaslanaraq fikir söyləyirlər. Artıq Qərblə Körfəz ölkələri arasında bir çox ziddiyyətlər yaranıb. Bunun başlıca səbəbi isə İranla olan əməkdaşlıqdır. Ona görə də hər şey bu iddianın yanlışlığından irəli gəlir. Bir şey aydın olmalıdır ki, ərəb ölkələri artıq əvvəlki kimi Qərbə etimad göstərmirlər”. Ə.Oruclunun fikrincə, İŞİD-i birbaşa dəstəkləyən Körfəz ölkələridir: "İŞİD-in arxasında duranları başqa yerdə axtarmaq lazımdır. Müşahidə etsək görərik ki, İŞİD-in fəaliyyəti Körfəz ölkələrini narahat etmir. Necə olur ki, bu okeanın o tayındakı ABŞ-ı, Avropanı və İranı narahat edir, amma ərəb ölkələri indiyə qədər heç nəyə reaksiya vermirlər. Obama administrasiyası isə yeni müharibələrin aparılmasını dəstəkləmir. Ona görə də o, yenidən İraqa hücum etmək niyyətində deyil. Prosesin sonunda İraq, İran, Türkiyə və digərləri kənarda
qalacaq. Əsas hücum hədəfi ABŞ olacaq. Qərbin diplomatları, bazaları hədəfə çevriləcək”. Politoloq İŞİD-in ərəb ölkələri tərəfindən dəstəklənməsinin əsasən bölgədə gərginlik yaratmağa xidmət etdiyini deyir: "Bölgədə gərginliyin marağında olan dövlətlər var. Ola bilsin, ABŞ-İran münasibətlərini korlamaq, İranı müharibəyə cəlb etmək fikrində olanlar var. Zənnimcə, bu daha doğru ehtimaldır. Təsəvvür edin ki, İŞİD daha çox müqəddəs ziyarətgahların olduğu şəhərləri hədəfə almağa başlayıb. Bu, heç də təsadüfi deyil. Bunu planlaşdıranlar anlayırlar ki, İran belə məsələlərə laqeyd qala bilməyəcək. Əgər hər hansı təhlükə olduğu zaman İran müdaxilə etməsə, şiələr arasında bir dövlət kimi nüfuzunu itirmiş olacaq. Yenə deyirəm, terrorçu təşkilat, ərəb ölkələri və ABŞ sxemi mövcud deyil”.

İsmayıl