Toy və yas “mafiyası” sıradan çıxarılmalıdır

Fazil Mustafa: “Bu istiqamətdə atılan addımları hər bir vətəndaşın dəstəkləməsi vacibdir”
Əhməd Qəşəmoğlu: “Yoxsul adam üçün bu mərasimlər əzab-əziyyətə, ciddi maddi çətinliyə səbəb olur”


Bir müddətdi ki, toy və yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində ciddi addımlar atılır. Məxsusi olaraq, hüzr yerlərində çoxçeşidli və təmtəraqlı ehsan süfrələrinin "palaza bürün, elnən sürün” prinsipi ilə əndazəsini aşması barədə ictimaiyyət nümayəndələri dəfələrlə narazılıqlarını ifadə ediblər. Buna əncam çəkilməsinin zəruriliyi vurğulanıb. Hətta son günlər məsələ parlamentə qədər ayaq açıb. Əksər millət vəkili problemin ya qanunla, ya da inzibati yollarla tənzimlənməsini təklif edib. Diqqəti xüsusilə yas mərasimlərindəki təmtərağa, dəbdəbəli başdaşıların, qəbirüstü abidələrin qoyulmasına yönəldən deputatlar məsələlərin tövsiyə xarakterli çağırışlarla çözülməsinin mümkünsüzlüyünü əsas gətirərək çıxış yolunu inzibati metodlara əl atılmasında görürlər. Onların qənaətlərinə görə, əzizini itirmiş insan elə bir psixoloji durumda olur ki, o məqamda nə qədər maddi ziyana düşəcəyini, hansı maddi sıxıntılarla üzləşəcəyini dərk edə bilmir.

Dünyasını dəyişmiş yaxınına son borcunu layiqincə yola salmaq istəyən adamı həmin vaxt yalnız bir məsələ düşündürür: "Nə olursa-olsun, məclisə gələn qonaq narazı getməsin. O məqamda insan özü həyata fərd olaraq yox, "cəmiyyətin gözü” ilə baxır və öz imkanlarını soyuq başla götür-qoy edə bilmir. Bu baxımdan da tövsiyə xarakterli çağırışlar kəsərsiz olur. Ona görə də yeganə effektli çıxış yolu kimi inzibati metoda əl atmaq qalır. Amma bəzi millət vəkilləri məsələnin inzibati yolla həllinə etiraz edir. Belə ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli toy və yas məclislərinin qanunla tənzimlənməsinin tərəfdarı deyil. "Məsələn, ola bilər, qəbiristanlıqlar qanunla tənzimlənsin, amma yeməyi, süfrəni necə tənzimləyərsən? Qəbiristanlıqlar haqqında Məclisə layihə gəlsə, onu müdafiə edəcəyəm. Amma hüzr yerlərini qanunla tənzimləmək olmaz. Şəriətdə demirlər ki, sən bananları bir-biri ilə öpüşdür, qoy yas məclisinə. Bu məsələlər şəriət qaydaları ilə tənzimlənmir”.
Millət vəkili qoyulan qadağanı tənqid edib: "Qadağa qoyan düz eləmir, qanunları pozur, belə olmaz! Sən necə deyə bilərsən ki, süfrəyə nə ver? Biri yağı çox, digəri az verər, biri həyət toyuğu alar, digəri fabrik toyuğu, bunları tənzimləmək olmaz. Başqa ölkələrin belə qanunları var, amma bizə uyğun deyil”.
Məlumat üçün bildirək ki, yas mərasimləri, ehsan süfrələri ilə bağlı hökumət konkret standartlar müəyyənləşdirib. İsrafçılığa səbəb olan ehsan süfrələrinin ləğvinə qərar verilib. Və həyata keçirilən tədbirlərə ümumi rəhbərlik dövlət müşaviri, akademik Kamal Abdullaya həvalə edilib. Yeni standartlar yas mərasimlərinin yeddi gün yox, üç gün keçirilməsini, bundan əlavə, ehsan süfrələrinə yalnız çay, limon, su, xurma, üç mərasimində isə əlavə olaraq halva verilməsi mümkünlüyünü nəzərdə tutur.
Bu barədə məlumat ictimaiyyətə açıqlanan kimi Bakı kəndlərində, Gəncədə və Sumqayıtda, eləcə də respublikanın ayrı-ayrı rayonlarında maarifləndirici tədbirlər həyata keçirilməyə başlanıb. Yerli icra strukturları və dini qurumlar prosesə cəlb olunublar. Yaradılmış komissiyalar ortaya çıxan problemlərin aradan qaldırılması istiqamətində operativ fəaliyyət göstərir. Bir sözlə, hökumətin atdığı bu addım, görülən tədbirlər cəmiyyətdə böyük rəğbətlə qarşılanır. Və əminliklə demək olar ki, addımlar səmərə verməyə başlayıb.
Həmkarının açıqlamasına münasibət bildirən millət vəkili Fazil Mustafa "Şərq”ə söyləyib ki, hər bir insanın öz ailəvi tədbirini arzusuna uyğun keçirmək haqqı olsa da, öz xeyrini düşünməyən insanlara bəzən inzibati vasitələrlə təsir göstərməkdən başqa yol qalmır: "Cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsini düşünən ziyalılar, tanınmış din adamları, rəsmi dövlət qurumları insanlara bu istiqamətdə tövsiyələr verməyə borcludurlar. İlk arqument budur ki, islam qaydaları üzrə bu ritualları yerinə yetirmək istəyirsinizsə, islamda bu cür israfçılıq və hoqqabazlıq yoxdur. Əgər özünüzdən qayda icad etmisinizsə, bu qaydalar insanlara əziyyət verir və bunun yüngülləşdirilməsi hər bir vətəndaşın xeyrinədir. Ona görə də bu istiqamətdə atılan addımları hər bir vətəndaşın dəstəkləməsi vacibdir”.
Son dövrlərdə prezidentin kadr siyasətində iki hadisəni xüsusi olaraq vurğulayan F.Mustafa görkəmli alim, dəyərli Azərbaycan yazarı K.Abdullanın və Mübariz Qurbanlının strateji cəhətdən əhəmiyyətli postlara gətirilməsini düzgün qərar hesab edir: "Dini məsələlərə xüsusi diqqətin ayrılmasını müşahidə edirik. K.Abdullanın öz yaradıcı xarakteri ilə bu sahədə ciddi işlər görəcəyinə inamım böyükdür”.
Millət vəkili qeyd edib ki, islama ən çox zidd olan qaydalar qəbiristanlıqla bağlı daha bariz şəkildə özünü göstərir: "Bəzilərinin imkanı olsa, milyonlarla vəsaiti ayırıb başdaşı əvəzinə ehramlar tikərlər. Burada da ciddi standartların müəyyənləşməsi vacibdir”.
Toy mərasimlərinin qaydaya salınmasının daha çətin olduğunu bildirən millət vəkili düşünür ki, şadlıq saraylarının himayəçilərinin təzyiqini qırmaq çox ağır prosesdir: "Bizdəki qədər harın toylara dünyanın heç yerində rast gəlməzsən. İnsanları bu toy terrorunun cəngindən qurtarıb, gənc ailələrin xoşbəxtliyi üçün yaradılan bu maddi maneəni aradan qaldırmaq lazımdır”.
Sosioloq Əhməd Qəşəmoğlu da bu istiqamətdə atılan addımları dəstəkləyir: "Düzdür, dünyasını dəyişən insanları hörmətlə yola salmaq lazımdır. Amma təəssüf ki, bizdə böyük əksəriyyət bu hörmətlə yola salmanı maddiyyatla bağlayırlar. Bu məsələlər islam dinində də aydın əks olunub. Təəssüf ki, indiyəcən bu şərtlərin özü bir sıra hallarda yaddan çıxır və meşşanlıq, harınlıq önə keçirdi. Belə bir vəziyyətin yaranmasında əsas səbəb xalqın qəlbinin həssaslığından sui-istifadə edən "yas mafiyası”nın fəaliyyəti idi. Nəticədə islamın tələbləri, xalqın min illik adət-ənənələri bir yanda qalır, ortaya yeni adətlər çıxırdı. İnsanlar arasında meşşancasına yarış mexanizmi yaranmışdı. Rəhmətə gedənə dəbdəbəli yas mərasimi, bahalı başdaşı qoymaq kimi lazımsız adətlər kök salmışdı. Buradan isə həmin yas mafiyası böyük maddi qazanc əldə edirdi. Qəbiristanlıqlarda qəbir yerləri günü-gündən bahalaşır, qəbir üstü götürmək, ehsan vermək insanlara ciddi maddi zərbələr vururdu. Deyək ki, bəzi imkanlı, meşşan adamlar bundan zövq ala bilər. Yoxsul adam üçün bu mərasimlər əzab-əziyyətə, ciddi maddi çətinliyə səbəb olur. Bu reallıqlar fonunda hesab edirəm ki, bu istiqamətdə kəskin addımlar atılmalıdır. Düzdür, problemin aradan qalxması üçün maarifləndirici işlər görmək lazımdır. Tərbiyəvi tədbirlər effekt verməyəcəyi halda inzibati yola əl atılmalıdır”.
Son illər mərasim evlərinin az qala şadlıq evlərindən də çox pul qazanmağa başladığını deyən Ə.Qəşəmoğlu mərasim evlərinin bəzən eyni ərzağı ay ərzində 15-20 dəfə ayrı-ayrı insanlara satdığını bildirir: "Hər məhəllədə xeyir-şər evlərinin tikilməsinə, onların havayı, yaxud az qiymətlərlə insanların istifadəsinə verilməsinə ehtiyac var. Əslində, nəzir qutularında hər gün yığılan böyük pullar bu işə yönəldilməlidir”.
Sosioloqun qənaətincə, ölkəmizdə "toy mafiyası” şəbəkəsi var və ilbəil güclənir: "Hər il şadlıq evlərində masanın qiyməti daha da artır. İnsanlar toya gedərkən daha çox pul xərcləməyə məcbur olurlar. Qohum-tanışların verdiyi pullar şadlıq evlərinin, müğənnilərin, "toy mafiyası”nın ciblərinə axır. Toy sahibi də uzun illər boyu toyuna gəlib pul salanlara borclu düşür. İndi Azərbaycanda toy və yas mərasimlərində baş verənlər bir sosial bəla, sosial fəlakətdir. Təsəvvür edin, bir evə bəzən 10-15 dəvətnamə gələ bilər. Deməli, bir ailə bunun üçün orta hesabla iki min manata qədər pul tapmalıdır. Lap olsun min manat. Axı, yoxsul ailə bunu hardan alsın? Nəticədə o ya özünü dağa-daşa salmalı, min əziyyət çəkməli, ya da rüşvət almalı, kriminalla məşğul olmalıdır”.
Mərasimlərlə bağlı görülən tədbirləri müsbət qarşılayan din xadimi, "Mənəvi Dünya” İctimai Birliyinin sədri Hacı Şahin Həsənli ehsan süfrələrinin təmtəraqdan uzaq təşkil edilməsinin tərəfdarı olduğunu qeyd edib: "Artıq çoxdandır ki, toy və yas məclislərində olan israfçılıq, dəbdəbə və təmtəraq cəmiyyətdə müzakirə edilirdi. İnsanlar narahatlıqlarını bildirirdilər. Bəziləri qorxur ki, onun süfrəsi zənginin süfrəsindən fərqli olsa, qonaqlar onu qınayacaq. Bəziləri isə sadəcə, "ayağını yorğanına görə uzatmaq” istəmirdi deyə, borca-xərcə düşürdü. Dəfn, ehsan, başsağlığı Allaha xatir edilməli olduğu halda, bir çoxları özlərini göstərməklə məşğul idi. Bu ayinlər dünyasını dəyişənə savab çatsın, insanlar öz öləcəkləri günü xatırlasın və itki ilə üzləşmiş ailəyə mənəvi dəstək verilsin deyə icra olunmalıdır. Biz isə tam əksini görürdük. Sanki insanlar yas məclisinə dadlı nahar etmək üçün gəlirlər. Təbii ki, bunun qarşısı alınmalı idi”.
Hacı Şahin hesab edir ki, hər kəs öz imkanına uyğun mərasim keçirsəydi, belə tədbirlərə ehtiyac olmazdı: "Cəmiyyətdə artıq dəyərlər dəyişib, nədənsə, imkansızlıq bir eyib kimi başa düşülür. İnsanlar maddiyyata daha çox bağlanıblar. Problem ondadır ki, təmtəraq və cah-cəlal məclis sahibinin azad seçimi kimi qəbul olunmurdu. Əksinə, ictimai normaya çevrilmişdi. Yəni imkansız da ictimai qınaqdan ehtiyatlanıb, bu dəbə uyğunlaşmaq məcburiyyətində idi. Bu səbəbdən, məsələni çözmək zərurəti yarandı”.
Həmsöhbətimiz qəbirlərin üstünün götürülməsi məsələsinin də ciddi problemə çevrildiyini vurğulayıb: "Təbii ki, insan öz yaxınının qəbrini ziyarət etmək istəyir. Qəbiristanlıq ziyarəti islamda təkid olunan məsələlərdəndir. İnsan bu ziyarət zamanı axirətini yada salmalı və dünyada özünü islah etməyə stimul qazanmalıdır. Bundan əlavə, ölüləri yad edib, onlar üçün dua etməlidir ki, bu da insanın mənəvi böyüməsinə yardım göstərir. Çünki başqaları üçün çalışmaq, başqalarını düşünmək, insanı mənəvi cəhətdən təmizləyir. Maddiləşməyimizin göstəricisindən biri də budur ki, qəbirləri də şan-şöhrət üçün ucaldırlar. Mənəvi tərəf unudulur, yalnız formaya fikir verilir”.
Ş.Həsənli bəyan edib ki, qəbir daşları ilə bağlı da ciddi məşğul olmaq lazımdır: "Artıq proses start götürüb və görülən tədbirlər, atılan addımlar cəmiyyətin mütərəqqi düşünən ən müxtəlif təbəqələri tərəfindən rəğbətlə qarşılanır. Böyük əksəriyyət belə düşünür ki, başlanan iş sona qədər davam etdirilməli, ortaya qoyulan mövqedən geri çəkilməməli, hətta lazım gələrsə, inzibati tədbirlər gücləndirilməlidir”.
Müsahibimiz diqqətə çatdırıb ki, müasir dünyanın ayrı-ayrı qabaqcıl ölkələrində də müxtəlif dövrlərdə ən fərqli problemlər məhz inzibati metod və qadağalarla öz həllini tapıb: "Doğrudan da, bəzən hər kəsin qəbul etdiyi reallığı dəyişdirmək mümkün olmadıqda bunu yalnız inzibati tədbirlərlə müəyyənləşdirmək zərurəti yaranır. Atılan inzibati addımlar da müəyyən müddətdən sonra problemi aradan qaldırır və adət kimi formalaşmanın təməlini qoyur. Misal üçün, böyük dövlət xadimi və görkəmli fikir adamı Mustafa Kamal Atatürk, məlum olduğu kimi, təkcə Türkiyə Cümhuriyyətinin qurucusu deyil, həm də qardaş ölkədəki əsaslı mədəni inqilabların, dünyəvi yeniləşmənin banisidir. Əsasını qoyduğu yeniliklərin cəmiyyət həyatında təkcə təbliğat, maarifləndirmə yolu ilə yerləşəcəyinə sadəlövh inamdan uzaq olan Atatürk, haqlı olaraq, məqamı gəldikdə, zərurət yarandıqda, öz mütərəqqi ideyalarının ictimaiyyətə müxtəlif təsir üsulları ilə, inzibati metodlarla qəbul etdirməyi lazım bilib. Tarix göstərdi ki, onun bu xətti özünü doğrultdu, nəticədə Türkiyə Cümhuriyyəti tezliklə dünyanın mədəni, irəli dünyagörüşlü cəmiyyətlərindən birinə sahib oldu. Hazırda bu yöndə, xüsusən ehsan mərasimlərinin sadə keçirilməsilə bağlı Türkiyə cəmiyyətindən örnək götürmək olar. Görülən tədbirlər ardıcıl şəkildə davam etdirilməlidir”.
Toy mərasimlərindən söz açan Hacı Şahin onu da əlavə edib ki, yaslarımız kimi toylarımız da bəhsəbəs meydanına çevrilib: "Şadlıq sarayları istisnasız olaraq toy sahiblərinə öz şərtlərini diktə edir. Nəticədə onlar bahalı menyular sifariş etmək məcburiyyətində qalırlar. Mərasim bitdikdən sonra isə toy sahibləri məclisdə yığılan pulları çox vaxt bütövlükdə şadlıq saraylarına ödəyirlər. Hətta bəzən elə olur ki, toyda yığılan pullar şadlıq saraylarının haqqını ödəməyə kifayət eləmir. Toy sahibləri əlavə ödəniş eləməli olurlar. Əslində ailə quran gənclərin rifahı, hansısa probleminin həlli üçün yığılan pullara nəticədə toy mafiyası sahib çıxır. Əhalini bu bəlalardan xilas etməyin də yolu birmənalı olaraq inzibati tədbirlərdən keçir”.
Ayyət Əhməd