İlham və Fərizənin məzarını təhqir edən şəxs "iş başında" tutuldu

Həmin şəxs ruhi xəstə imiş


Daxili İşlər Nazirliyi (DİN) Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarlarını təhqir edən şəxsin tutulması ilə bağlı açıqlama yayıb.
DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, bu il avqustun 21-dən 22-nə keçən gecə naməlum şəxslər tərəfindən Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol verilib.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş yüzlərlə soydaşımızın, mərd mübarizlərin uyuduğu, hər bir həmvətənimiz üçün əziz və müqəddəs məkan olan bu ziyarətgahda belə vandalizm aktının törədilməsi haqlı olaraq cəmiyyətdə geniş ictimai rezonans doğurub, qəbirləri təhqir edilmiş şəhidlərin yaxınları da daxil olmaqla bir çox vətəndaşımız ölkə və hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edərək, həmin iyrənc hadisəni törədənlərin tezliklə yaxalanıb ədalət mühakiməsinə verilməsini, onların barəsində ən ciddi cəza tədbirinin görülməsini xahiş ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs bu gün - sentyabrın 24-də səhər saatlarında Şəhidlər Xiyabanında növbəti dəfə təhqiredici hərəkətlərə yol verərkən yaxalanıb və istintaqa təhvil verilib.
Araşdırmalarla müəyyən edilib ki, bu, 1963-cü ildə Bakı şəhərində anadan olmuş, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Xəzər rayonunun Albalı bağlar massivində yaşayan Nüsrət Qasımovdur. Faktla bağlı istintaq davam etdirilir.
***
Saat 13:04
Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarlarını təhqir edən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avqustun 22-də paytaxtın Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirlərini təhqir edən Xəzər rayon sakini, ruhi xəstə Nüsrət Qulam oğlu Qasımov tutulub.
Qeyd edək ki, göstərilən tarixdə naməlum şəxslər İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol veriblər. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə tapşırılıb.