Hərbi kafedraların yaradılması müsbət haldır

“Bu işdə peşəkarlaşan zabitlər Azərbaycanın hərbi sistemində müxtəlif vəzifələrdə yer alacaqlar”




Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin nəzdində fəaliyyət göstərən akademiyalarda hərbi kafedraların yaradılması haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinə tapşırılıb ki, müvafiq sənədlərin bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etsin.

Əslində bu məsələ xeyli vaxt ictimaiyyət nümayəndələri tərəfindən müzakirə olunub. Hər dəfə ali məktəblərdə hərbi kafedraların bərpası məsələsi gündəmə gələndə ekspertlər ilk olaraq güc strukturlarının nəzdində fəaliyyət göstərən akademiyalarda bu cür kafedraların yaradılmasının zəruriliyini vurğulayıb və bu sahədə boşluq olduğunu dilə gətiriblər. Bu baxımdan Prezident İ.Əliyevin məlum sərəncamı cəmiyyət tərəfindən çox yüksək qiymətləndirilib.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc da "Şərq”ə verdiyi açıqlamada bəyan edib ki, Prezidentin sərəncamı Azərbaycanda hərbi hazırlıq prosesini müəyyən elmi əsaslarla qurmağa imkan verəcək: "Bu, indiki zamanın tələbi idi. Daxili qoşunlarla birbaşa əlaqəli olan DİN-in və FHN-in akademiyalarında bu prosesə cəlb olunacaq heyət ölkə qarşısında mühüm bir vəzifəni yerinə yetirəcək. Sovet dövründə Azərbaycanda hərbi tədris prosesi ali məktəblərdə mövcud idi. Sonrakı dövrlərdə bu məsələ ilə bağlı fərqli qərarlar verilsə də, prosesi sistemli olaraq sonlandırmaq mümkün olmadı. Çünki hərbi kafedralardakı personal, oradakı müəllim heyəti və texniki avadanlıqlar, vasitələr mükəmməl formalaşa bilməmişdi. Amma indi vəziyyət tamam başqa cürdür. Ona görə də ölkə başçısının fərmanı bu yöndə qeyd etdiyimiz bazanın yaranmasına səbəb olacaq və milli kadr ordusunu meydana çıxaracaq. Həmçinin, bu işdə peşəkarlaşan zabitlər Azərbaycanın hərbi sistemində müxtəlif vəzifələrdə yer alacaqlar”.

Z.Orucun sözlərinə görə, hazırda ali hərbi məktəblərə qəbul olanlar çox aşağı bal toplayanlardır: "Aşağı bal abituriyentin bilik səviyyəsini göstərir. Bilik səviyyəsi aşağı olan kursantlar gələcəkdə zabitə çevriləndə əsgərlər üzərində müxtəlif funksiyaları və böhran situasiyalarındakı rollarını yaxşı ifadə edə bilmirlər. Çünki onların elmi bazaları zəif olur. Əlbəttə, bu, təəssüfləndirici haldır. Arzu edirik ki, hərbi məktəblərə daxil olan gənclərimiz ən yüksək biliyin daşıyıcıları olsun. 600-700 bal üzərindəki rəqabət hərbi sahəyə meyl edən abituriyentlərə də sirayət etsin. Buna nail olmaq üçün prosesi sistemləşdirmək və elə bir üsul tətbiq etmək lazımdır ki, insanlar hərbi məktəblərə can atsın. Təhsilli zabitlərə çevrilmək şərəfli bir iş olsun. Hərbi kafedraların yaradılması bu sahədə mühüm irəliləyişə imkan verəcək”. Millət vəkili bildirib ki, kafedralarda çalışmaq üçün kifayət qədər istedadlı, qabaqcıl və hərbi biliklərə malik olan kadrlarımız, müəllim zabitlərimiz var. Çox güman ki, bu məsələdə Türkiyənin hərbi təhsillə bağlı qabaqcıl standartlarından və nümunələrindən də faydalanacağıq. Çünki türk zabit heyətinin ali məktəblərdəki hərbi kafedralarda təmsil olunması effektli nəticə verər”.

İsmayıl