Türkiyə yenə də ön cəbhədə qərarlaşır

Zəfər Quliyev: “Artıq bəzi məsələlərdə Vaşinqtonla Ankara ümumi razılığa gəliblər”
Elxan Şahinoğlu: “Ərdoğan Vaşinqtona “yox” deyə bilmir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirən ABŞ dövlət katibi Con Kerri rəsmi Ankaranın İŞİD-ə qarşı mübarizədə ön sıralarda yer alacağını deyib. Kerri bəyan edib ki, ABŞ-ın başçılığı ilə İŞİD-ə qarşı yaradılan koalisiyada Türkiyə ön cəbhədə yer alacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Nyu-Yorkda jurnalistlərə verdiyi açıqlamada radikal qruplaşmaya qarşı aparılan əməliyyatlara müsbət baxdığını ifadə edib. İraq və Suriyada terrorçulara qarşı aparılan hücumları müsbət qiymətləndirən Ərdoğan "İslam dövlətinə” qarşı mübarizəyə siyasi və hərbi dəstək verməyə hazır olduqlarını bildirib. Türkiyə rəhbərliyinin İŞİD-lə bağlı mövqe dəyişikliyini şərh edən tanınmış politoloq Zəfər Quliyev Ərdoğanın düzgün qərar verdiyini düşünür: "AKP hökuməti hər hansı ciddi addım atmazdan öncə bir müddət götür-qoy edir. Çünki artıq Türkiyə əvvəlki illərdə olduğu kimi Vaşinqtondan gələn tələbi dərhal qəbul etmir. Hazırkı Türkiyə daha çox öz maraqlarını və mövqeyini düşünür. Biz İraq müharibəsində də gördük ki, Türkiyə ilk növbədə öz ölkəsinin maraqlarını güddü. Artıq Türkiyənin bölgədə nüfuzu artıb və regional gücə çevrilib. İŞİD məsələsində Türkiyənin bir zaman tərəddüd etməsi, qeyri-müəyyən mövqedə durması da atacağı addımları hesablamaq mahiyyəti daşıyırdı. Yəni rəsmi Ankara fikirləşirdi ki, necə bir mövqe tutsa, hansı şərtlərlə koalisiyaya qoşulsa, ölkə üçün xeyirli olar”. Z.Quliyevin fikrincə, Türkiyə İŞİD-ə qoşulmasa belə, bu qüvvələrin məhv ediləcəyinə şübhə yoxdur. Ancaq Türkiyənin iştirakı olmadan radikal qruplaşmaya son qoyularsa, onda rəsmi Ankara siyasi oyunda "offsayt”da qalacaq: "Proseslərdə fəal formada iştirak etməklə Türkiyə həm İraqın gələcəyinin müəyyənləşməsində iştirak edə biləcək, həm də digər proseslərə təsir etmək imkanı qazanacaq. O cümlədən də, kürdlərin həddindən artıq güclənməsinin və müstəqil dövlət iddiaları ilə çıxış etməsinin qabağını alacaq. Çünki prosesə müdaxilə etmək üçün onun içində olmaq şərtdir. Onu da vurğulayım ki, Türkiyənin tərəddüdü sadəcə İŞİD-lə bağlı deyil. Türkiyə ABŞ-la bir sıra başqa məsələlərlə də türklərin xeyrinə olan mövqelərin açıqlanmasını gözləyirdi. Çünki regionda elə problemlər var ki, onlara yanaşmada ABŞ-la Türkiyənin mövqeyi bir-birindən fərqlənir. Ola bilsin, artıq bəzi məsələlərdə Vaşinqtonla Ankara ümumi razılığa gəliblər. Bu razılığa əsasən də Türkiyə böyük koalisiyaya qoşulma haqqında qərar alıb”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Türkiyə prezidenti Ərdoğanın ağıllı gediş etdiyini söyləyib: "Bir neçə gün öncə Vaşinqton Türkiyəni İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmağa dəvət etdikdə, Ankara "yox” dedi. Bunun ciddi səbəbi var idi. Əgər "hə” desəydi, İŞİD girovluqda saxladığı 49 türk diplomatı dərhal qətlə yetirərdi. Girovlar artıq azaddır. Ona görə də Ərdoğan Vaşinqtona "yox” deyə bilmir. Məcbur olduğu üçün terrorçularla mübarizəyə qoşulacağını bildirib. Sadəcə, məni bir sual düşündürür. Görəsən, İŞİD yenidən bir qrup türk vətəndaşını girov götürməyə müvəffəq olarsa, Ərdoğanın qərarı nə olacaq?”.

İsmayıl