QANun yerdə qalmadı: “Gül balalar"ın dövranı bitdi

Sonuncu 2 məhkəmə prosesi stereotiplərin dağılmasına xidmət etdi



Xalq artisti Ağasəlim Abdullayevin ailəsinə faciə yaşadan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətova 12 il, "Min bir gecə” istirahət mərkəzində odlu silahdan açdığı atəşlə bir nəfəri öldürən millət vəkili Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovasa ömürlük həbs cəzası verilməsi cəmiyyətdə müsbət rezonans doğurub.

Bəlkə də dünənədək Azərbaycanda əhali arasında qanunun aliliyinə şübhə edənlər, məmurların və onların "gül balaları”nın, "day-dayı” olanların cəzadan kənar qaldığı fikri formalaşmışdısa, sonuncu 2 məhkəmə prosesi bu stereotiplərin dağılmasına xidmət etdi.

Deməli, deputatlığından, yüksək vəzifə daşımasından, varından-dövlətindən asılı olmayaraq hər kəs qanun qarşısında cavab verir.

Bu hal, əlbəttə ki, cəmiyyət tərəfindən müsbət qarşılanır və hüquq-mühafizə orqanlarına da, qanunun qalib gəlməsinə də inam yaradır.

Bu mənada xalq artisti Ağasəlim Abdullayevin məhkəmədən ədalət gözləməsi də təbii idi. Hələ məhkəmə prosesi yekunlaşmamış xalq artisti Mədətovlardan gələn təklifdən imtina etdiyini və cinayətkarın layiqli cəzasını alacağına inandığını söyləmişdi:

- Biz onlardan gələn təklifdən imtina etdik. Mənim tələbim var. Cinayəti törədən cəzasını almalıdır. Bundan sonra biz də rahat olaq, ölənlərin ruhu da. Mən dövlətə inanıram. İnanıram ki, ona 12 il həbs cəzası veriləcək.
Gözlənildiyi kimi də oldu. Məhkəmə zərərçəkmişin istəyini yerinə yetirdi. Artıq nə yüksək mənsəb, nə də var-dövlət cinayəti törədənin karına gəldi.

Təbii ki, Xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsində Prezident İlham Əliyevin sərt mövqeyi, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq rəis müavini Mübariz Mədətovu həmin müdhiş avtomobil qəzasından 2 gün sonra tutduğu vəzifədən azad etməsi məhkəmənin yumşalmasına heç bir əl yeri qoymamışdı. Bütün cəmiyyət bilirdi ki, bu hadisə birbaşa Prezidentin nəzarətindədir. Və günahkar haqq etdiyi cəzasını alacaq.

Amma bununla məhkəmələrin də üzərinə kölgə düşürmək fikrində deyilik. Son illər ərzində cənab Prezidentin vəzifə sahiblərini, məmurları tənqid etməsi, onların ilk növbədə xalqın xidmətçiləri olduqlarını xatırlatması, cəmiyyətə ötürülən müsbət mesajlar kimi dəyərləndirilir. Məmurların, vəzifə sahiblərinin də bundan örnək götürəcəkləri gözlənir. Lakin təəssüf ki, hələ də harınlıqdan əl çəkməyənlər, öz var-dövlətini nümayişkəranə şəkildə ictimaiyyətə göstərənlər var. Nə yazıq ki, baş verən olaylar, məhkəmə prosesləri həmin şəxslərə dərs olmur. Harınlamağın sonda hansı faciələrə gətirib çıxardığını sanki görmürlər. Və uçuruma yuvarlanmaqda davam edirlər.

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da "Şərq”ə açıqlamasında hər iki cinayət işində Prezidentin sərt mövqeyinin böyük əhəmiyyət daşığıdını vurğuladı:

- Əlbəttə, birinci növbədə Prezidentin məsələyə kəskin mövqe bildirməsi məhkəmənin belə qərar çıxarmasına səbəb oldu. Amma mən istərdim ki, bütün məsələlər, bütün cinayət işləri həmişə qanunun tələbinə müvafiq keçirilsin. Hər bir işdə qanunun aliliyi təmin edilməlidir. Məhkəmələr niyə gözləməlidir ki, görək Prezident bu işə necə münasibət bəsləyir? Məhkəmə öz işinə qanunun aliliyi çərçivəsində baxmalıdır. Cinayəti törədən ona müvafiq də cəzasını almalıdır. Məsələn, biz təşkilatımıza müraciət edən qadınların işinə baxılmasında məhkəmələrdən razıyıq. İddia qaldırdığımız işlərin demək olar ki, 70-80 faizini uduruq. Çünki heç kim kənardan müdaxilə etmir. Heç kim hakimə, prokurora tapşırıq vermir. Amma bunun əksini gördüyümüz məhkəmə prosesləri də var. Məhkəmələr ancaq qanuna tabe olmalıdırlar. Əlbəttə, cinayətkarların əməlləri müqabilində də cəza almaları müsbət haldır və cəmiyyətdə də bu, yaxşı qarşılanır. Bu iki məhkəmə prosesi hamıya örnək olmalıdır. Vəzifəlilərin övladları da, var-dövləti ilə öyünənlər də bilsinlər ki, qanun hamı üçündür. Qanundan kənara çıxarlarsa, cavab verməli olacaqlar. Övladları bədbəxt edən valideynləridir. Uşağa bahalı maşın alanda bilmirlər ki, həmin uşaq pis yola düşəcək, ya özü qəza törədib öləcək, ya da bir başqasını bədbəxt edəcək? Bu qədər qaçqını, köçkünü, Qarabağ dərdi olan bir ölkədə də kimsə bahalı avtomobillərini reklam edib, bununla "fəxr edirsə” ayıb olsun onlara. Belə varlıdırlar, kimsəsizlərə, ehtiyacı olanlara kömək etsinlər. Xəstələrə əl tutsunlar. Dünən Ukraynadan bir qadın bizə müraciət edib ki, uşağı Hepatit S-nin son mərhələsindədir. Yardım istəyir ki, uşağını müalicə elətdirsin. Bəs hardadı 500 minlik avtomobil sürənlər, o avtomobili övladına alanlar? Bilirsiz, xarici ölkələrdə heç bir məmur, dövlətdə vəzifə daşıyan adam belə bahalı avtomobillərə sahib deyil. Onu sorğu-suala çəkərlər ki, hardan almısan bu pulu? Bizdə isə təəssüf ki, soruşan yoxdur, hardandı səndə bu var-dövlət, necə qazanmısan bunu, vergisini ödəyirsənmi? Ona görə də harınlayırlar, camaatı da bədbəxt edirlər, özlərini də.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə də belə hesab edir ki, cinayət törədənlərin layiqli cəzalarını almaları cəmiyyətdə müsbət qarşılanır:

- Etiraf etməliyik ki, bəzi məmurların, yüksək vəzifə sahiblərinin yaxınları, ailə üzvlərinin müəyyən hərəkətləri cəmiyyəti qıcıqlandırırdı. Amma cənab Prezident məsələlərə müdaxilə etdi, keçirdiyi müşavirələrdə məmurları, vəzifəliləri haqlı olaraq tənqid etdi. Və konkret addımlar atıldı. İsmayıllı olayları ilə bağlı bəzi şəxslər tutduqları vəzifədən kənarlaşdırıldı, digər başqa məsələlər də oldu, rayon prokurorluqlarında çalışanlar, ayrı-ayrı məmurlar vəzifələrindən azad edildi. Lakin bəziləri bundan nəticə çıxara bilmədilər. Son olaraq Xalq artisti Ağasəlim Abdullayevlə bağlı faciəli hadisədə Prezidentin kəskin reaksiyası bunu göstərdi ki, artıq ayrı-ayrı şəxslər öz vəzifələrindən sui-istifadə edə bilməyəcəklər. Məhkəmənin çıxardığı bu hökmlər də onu təsdiq etdi ki, qanunun aliliyi əsasdır. Məncə, bu cür cəzalar başqalarına da dərs olmalıdır. Bəzi ünsürlər bilməlidirlər ki, hansı vəzifəni daşımalarından asılı olmayaraq qanunun tələb etdiyi cəzanı alacaqlar. Bütün bunlar əlbəttə cəmiyyətdə müsbət qarşılanır, cəmiyyətimiz görür ki, Prezident bu cür məsələlərdə barışmaz mövqedədir. Məhkəmələr də cinayətə adekvat cəza verməkdə israrlıdırlar.

Məlahət Rzayeva