Qurban bayramı oktyabrın 4-ü və 5-i qeyd ediləcək

QMİ tövsiyə edir ki, qurbanların uşaqların gözü qarşısında kəsilməməsi məsləhətdir



Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramının vaxtını açıqlayıb.

QMİ Qazılar Şurasının yaydığı məlumatda bildirilir ki, bu il Qurban bayramı oktyabrın 4-ü və 5-ində qeyd ediləcək.

Bununla bağlı Qazılar Şurasının tövsiyələrində bildirilir:

"İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Qurban bayramı Peyğəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Azərbaycan üfüqündə hicri-qəməri təqvimilə Zilhiccə ayının hilalının görünməsindən asılı olaraq, Qurban Bayramı - Zilhiccənin 10-nu miladi təqvimlə 4 və ya 5 oktyabr tarixlərinə təsadüf edəcək. Hər iki gün dövlətimiz tərəfindən qeyri-iş günü elan edilib. Bu günlərin hər birində qurban kəsilməsi və bayram namazı qılınması məqbuldur.

Bildiririk ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.

Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inəyin 2, dəvənin isə beş ili tamam olmalıdır.

Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. 7-dək şəxsin cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Qeyd edirik ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir.

Bir qayda olaraq, qurban kəsərkən heyvanı üzü qibləyə uzatmalı, qoyundursa, qıçının birini azad saxlamaq, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına qoyulan bıçaq iti olmalıdır. Heyvan kəsilərkən "Bismillahi və billahi vəllahu əkbər” deyilməlidir. Daha yaxşı olar ki, Qurban duası oxunsun.

Hədisi-şərifdə Həzrəti Peyğəmbər (s) buyurur: "Uca Allah qurbanlığı yoxsulların iqtisadi vəziyyətlərinin yaxşılaşmasından ötrü qərar vermişdir. Onlara bu ətdən yedirdin”.

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz gündə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir”.

QMİ tövsiyə edir ki, qurbanlıqların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin, qurbanların uşaqların gözü qarşısında kəsilməməsi məsləhətdir.

Məlahət Rzayeva