Məktəb direktorlarının seçimində ciddi dəyişikliklər olacaq

Məhərrəm Zülfüqarlı: “Bunun heç bir əhəmiyyəti yoxdur”



Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq istəyənlərlə bağlı ciddi addımlar atacaq. Nazirlik onların təlimlərdə iştirakı üçün müsabiqə elan edəcək. Məqsəd isə məktəb rəhbərlərinə müasir idarəetmə, təşkilatçılıq, tədris keyfiyyətinə nəzarət və İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə bacarığını aşılamaqdır. Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə şamil olunacaq.

20 oktyabr 2014-cü il - 17 yanvar 2015-ci il (3 ay) tarixlərini əhatə edəcək. Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, TN-in əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək. Müsabiqədə iştirak üçün "Ali pedaqoji təhsil, məktəb direktoru və ya direktor müavini kimi ən azı iki il pedaqoji iş təcrübəsi, yüksək motivasiyalılıq, səmərəli qərar qəbuletmə bacarığı tələb olunur. Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına ([email protected]) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur. Yekun qiymətləndirməyə gəlincə, təlimlərdə iştirak etmiş şəxslər əlaqədar orqan tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə "Uğur sertifikatı” təqdim olunacaq. "Uğur sertifikatı” əldə etmiş şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

Nazirliyin addımını dəyərləndirən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında qeyd edib ki, bu elə də müsbət nəticə verməyəcək: "Şübhəsiz ki, yaxşı haldı. Amma öncə aidiyyəti qurumun gənc işçilərinə bu barədə təlimlər keçirilməlidir. Onların da idarəçilik bacarığı və təhsil sahəsindəki təcrübəsi ürəkaçan deyil”. Ekspertin sözlərinə görə, təlimlərin dərs müddətinə salınması düzgün deyil: "Təsəvvür edin ki, məktəb direktorları təlimə qatılmaları üçün günlərlə, saatlarla işlərindən ayrılmalıdırlar. Bunun da heç bir əhəmiyyəti yoxdur. Yaxşı olar ki, bu məsələ ətrafında bir də düşünülsün. Bu cür təlimlər ya qış, ya da yay tətilində gerçəkləşsin”.

Ayyət Əhməd