Nişan...

Çirkin, rüsvayçı və günah bir iş...




Paytaxtda ilginc olay baş verib. Eynicinslilər nişanlanıb. Və bunu sosial şəbəkə vasitəsilə ictimaiyyətə çatdırıblar. Nişanlanan cütlüklərdən biri "Nəfəs LGTB” təşkilatının rəhbəri Atilla Caviddir. O, eynicinsli sevgilisilə nişanlanmasını şəxsi "Facebook” səhifəsində elan edib. Və bunları yazıb: "Biz bunu etdik. Hünəri, cəsarəti olan (?!- red.) hər kəsə qismət olsun. Unutmayın ki, sevginin cinsi yoxdur. Bu hadisəni bəyənməyənlərdən xahiş edirəm ki, fikirlərinizi və dedi-qodularınızı özünüzə saxlayın. Xoşbəxt günümüzə sevinən hər kəsə təşəkkürlər”.

ANS telekanalında yayımlanan "Salam, Azərbaycan” proqramında da bu xəbər səsləndirilib.

Hadisəyə münasibət bildirənlər isə daha çox qınaq nöqteyi-nəzərindən çıxış edir. Azərbaycan cəmiyyəti üçün bu, təbiidir. Azərbaycan Hollandiya deyil ki, eynicinslilərin nişanlanması, nikahı, qol-boyun olub küçədə sərbəst gəzmələrinə adi, sakit, "demokratiyanın” təntənəsi kimi baxılsın. Hər bir cəmiyyətin öz adət-ənənəsi, öz ölçüsü, mizan-tərəzisi var. Azərbaycan cəmiyyətinin ölçülərində eynicinsliliyə loyal münasibət hələ də formalaşmayıb və bunun nə vaxtsa adi qəbul olunacağı da inandırıcı görünmür.

"Qurani-Kərim”də "çirkin iş” adlandırılan homoseksuallıq

Eynicinslilər arasında nikah bağlamasının qanunla qadağan edilib-edilmədiyinə dair mütəxəssis rəyi almazdan öncə, mənsub olduğumuz islam dininin cinsi azlıqlara münasibətinə qısaca toxunmaq istərdik. "Qurani-Kərim”in bir çox surələrində cinsi azlıqlar, homoseksuallarla bağlı konkret ayələr var. Müqəddəs kitabda homoseksuallığın çox çirkin bir iş olduğu Uca Rəbbimiz tərəfindən dönə-dönə xatırladılır.

Bu məsələ daha çox Lut əleyhissalamla bağlı ayələrdə keçir. "Qurani-Kərim”in "Hud”, "Əl-Əraf”, "Əl-Hicr”, "Əl-Ənbiya”, "Əş-Şuəra”, "Ən-Nəml”, "Əl-Qəsəs”, "Əl-Ənkəbut”, "Əs-Saffat” surələrində Lut peyğəmbərdən və onun tayfasının başına gələn bəladan söhbət açılır. Məlum olur ki, Lut tayfasının kişiləri kişilərlə yaxınlıq edirmiş. Lut peyğəmbər onları bu çirkin işdən uzaqlaşmağa çağırır və Rəbbinin əmrlərini deyir. Onlarsa peyğəmbərə istehza edib, öz çirkin əməllərini davam etdirməkdə qərarlı olurlar. Allah-təala tərəfindən Lut peyğəmbərin yanına elçilər - mələklər göndərilir və mələklər peyğəmbəri bu zalım tayfanın başına gətiriləcək fəlakətdən xəbərdar edirlər. Peyğəmbərə ailəsini götürüb gecə ikən şəhərdən çıxmaq əmr edilir. Peyğəmbər şəhəri tərk etdikdən sonra günahkar, fasiq tayfa məhv edilir. Bu barədə "Əl-Əraf” surəsində belə deyilir: "Bir zaman o öz tayfasına demişdi: Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz? Siz qadınları atıb  şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız. Biz Lutu və ailəsini xilas etdik. Yalnız övrəti həlak oldu (öz gizli küfrü səbəbilə). Onların üstünə yağış (kibrit və əzabla yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör, günahkarların axırı necə oldu! Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları yolun üstündə (Məkkədən Şama gedilən yol) hələ də durmaqdadır”. "Hud” surəsində də bu barədə danışılır. Bildirilir ki, mələklər gənc oğlan qiyafəsində gəlirlər. Lut peyğəmbər tayfasının onlara zərər toxunduracağından, onlara qarşı rüsvayçı əməllər edəcəyindən qorxub, gələnləri öz qızları kimi təqdim edir və onlarla şəriətə müvafiq davranmalarını istəyir. "Məni rüsvay etməyin” deyir. Onlarsa "sənin qızlarına heç bir rəğbətimiz olmadığını bilirsən. Nə istədiyimizi də bilirsən”, deyirlər. "(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bir-birinə bitişik bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuşdu. Hər daş kimə dəyəcəkdisə, üstünə adı yazılmışdı. (Ya Muhəmməd!) o daşlar sənin ümmətin içərisində olan zalimlərdən də uzaq deyildir”.

Müqəddəs kitab vasitəsilə Allahın bəndələrinə çatdırdığı buyruqlardan görünür ki, homoseksuallıq çirkin, rüsvayçı bir iş, böyük günah sayılır. Deməli, hələ qədimlərdə bu çirkin əməllə məşğul olan bir tayfa varmış, Allah-təala onları məhv edib. Gələcək nəsillərə ibrət olsun deyə, şəhərin xarabalıqlarını nişanə saxlayır. Və sonuncu peyğəmbər Muhəmməd əleyhissalama da, "sənin ümmətinin içərisində də belələri var” deyərək xəbərdarlıq edir.

"Eynicinslilər rəsmi nikah bağlaya bilməz”

Bunu isə "Şərq”ə Milli Məclisin sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev dedi. Millət vəkili eynicinslilərlə bağlı qanunvericilikdə konkret heç bir maddə olmadığını da nəzərə çatdırdı:

- Eynicinslilərin evlənməsi qanunla qadağan deyil. Çünki bununla bağlı qanunvericilikdə heç nə yoxdur. Homoseksuallıqla bağlı heç bir qanunverici akt qəbul olunmayıb. Bəlkə məhz bunu əsas gətirərək eynicinslilər nikaha daxil olduqlarını bildirirlər. Amma eynicinslilər arasında rəsmi nikah bağlana bilməz, çünki "Ailə Məcəlləsində nikaha daxil olan cütlüklər ər və arvad olaraq göstərilir. Eynicinslilərin nikaha daxil olması rəsmi qaydada mümkün deyil. Onlar sadəcə, vətəndaş nikahında ola bilər. Vətəndaş nikahı ilə yaşayan nə qədər insan var...

M.Quliyev eynicinslilərlə bağlı qanunverici aktların qəbulunun gündəmdə olmadığını da bildirdi:

- Bu məsələ çox mübahisəlidir. Azərbaycanın başı onsuz da bəlalıdı. Eynicinslilərin evlənməsini qanunla qadağan etsək, Avropa Şurası "daş atıb başını tutacaq”, etiraz edəcək, o saat bunu insan azadlığına qəsd kimi qələmə verməyə başlayacaqlar. Qanunla icazə verilməsini də Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti qəbul etmir. Çünki bu, bizim adət-ənənəmizə, milli-mənəvi dəyərlərimizə ziddir.

Bəs, eynicinslilərin sosial şəbəkələrdə sərbəst görünməsi onlara qarşı cəmiyyətdəki məlum münasibəti dəyişə bilərmi?

Millət vəkili hesab edir ki, Azərbaycan cəmiyyətindən homoseksuallığa loyal yanaşmasını gözləmək absurddur:

- Nə qədər ki, Azərbaycanda islam dini hakimdir, milli adət-ənənələrimiz güclüdür, bəlli bir ailə modeli vardır, eynicinslilər cəmiyyətdən dəstək qazana bilməyəcəklər. Onların sayının artacağı da real görünmür. Amma bu qəbildən olanlarla bağlı məlumatların yayılması, telekanalların, saytların onlar barədə məlumatlara geniş yer verməsi, müxtəlif proqramlara dəvət olunmaları, istər-istəməz reklama xidmət edir, onlara olan marağı artırır, yatanları da oyadırlar. Gərək KİV-lər bu barədə düşünsün. Çimərlikdə hamı çimərlik geyimində olur, heç kəsə də bu qəribə gəlmir. Amma bir nəfər çimərlik paltarında çıxıb şəhərdə gəzsə, ona "dəli” deyərlər. Gərək biz buna şərait yaratmayaq ki, aramızda "dəlilər” gəzsin.

Məlahət Rzayeva