“Kimin nə qədər səs yığacağını indidən hesablamaq mümkün deyil”

Tural Abbaslı: “Namizədliyimi hansısa opponentimin xeyrinə, geri götürmək fikrim yoxdu”



Müsavat Partiyasında qurultay hazırlığı ən pik həddə çatıb. Daha dəqiqi, partiyada başqanlıq uğrunda gedən mübarizə özünün kuliminasiya həddindədir. Artıq namizədlər rayonlara səfərə çıxaraq, yerli təşkilatların nümayəndələri ilə görüşməklə onların qurultayda səslərini qazanmağa çalışırlar. 100 illik tarixə sahib qocaman "Müsavat”ın gənc başqan adayı Tural Abbaslı "Şərq”ə müsahibəsində artıq təbliğat-təşviqat kampaniyasının yekunlaşmaq üzrə olduğunu deyib:

- Qurultayla bağlı təbliğat yekunlaşmaq üzrə olsa da, ayın 26-na qədər təbliğat davam edəcək. Başqanlığa namizəd olan hər kəs paytaxtda və regionlarda məskunlaşan qurultay nümayəndələri ilə mütəmadi görüşlər keçirirlər. Bizim də seçicilərlə görüşlərimiz davam edir. Dünənədək Quba, Xaçmaz, Şabran, Sumqayıtda olan qurultay nümayəndələri ilə görüşlərimiz olub. Bu gün də Bakıdakı rayon təşkilatlarında görüşlərimiz olacaq. Yəni ki, ayın 26-na qədər maksimum dərəcədə qurultay nümayəndələri ilə görüşüb, fikirlərimizi onlara çatdırmağa çalışıb, bizə səs verməyə dəvət edəcəyik. Qurultaya hazırlıqla bağlı ümumi işlər normaldır. Bu gün qurultaya hazırlıq üçün təşkilat komitəsinin iclası keçiriləcək və cari məsələlər öz həllini tapacaq.

- Müsavat başqanlığına digər 3 namizədə qarşı münasibətiniz necədir?

- Rəqiblərimin hər üçü başqanlığa layiqli mübarizəsi olan şəxslərdir. Arif Hacılı, Qubad İbadoğlu və Səxavət Əlisoy illərin müsavatçılarıdır. Müsavat yolunda, demokratiya mübarizəsində özlərinə məxsus mübarizə tarixləri olub. Partiya daxilində də hər birinin kifayət

qədər nüfuzu və elektoratı var. Odur ki, hər 3 opponentimin başqan olma şansını kifayət qədər yüksək dəyərləndirirəm. Bildiyiniz kimi, Müsavatda seçicilərin öz başqanlarını hansı qaydada, hansı kriteriyalarla seçdiklərini son ana qədər özlərindən başqa heç kim bilməyib. Bizim mübarizəmiz adildir. Hər kim başqan seçilsə, digər opponentlər onun qələbəsini alqışlayacaq və partiyada qalıb, öz fəaliyyətini davam etdirəcək. Başqanlığa aday olaraq, bir-birimizə sayğımız, hörmətimiz sonsuzdur. Qurultay başa çatana qədər rəqibik, amma bir müsavatçı olaraq, hər birimizin amalı da, məqsədi də eynidir. Yolumuz müsavat yoludur.

- Bəy, əgər namizəd olmasaydınız, Müsavat başqanlığına digər 3 namizəddən hansını dəstəkləyərdiniz?

- Namizəd olmasaydım, artıq qurultaya başqa kriteriyalar fonunda yanaşardım. İndi isə prosesi tamam başqa dəyərlərlə qiymətləndirirəm. Odur ki, indi namizəd olmasam, kimi dəstəkləyəcəyim barəsində heç nə deyə bilmərəm. Hər birinin özünəməxsus üstünlükləri və çatışmazlıqları var. İndi hadisələrə başqa gözlə yanaşdığım üçün nə desəm, yalan olar. Hər halda, siyasi xarakterinə, mübarizə tarixinə görə mənə yaxın olan namizədə səs verərdim.

- Son anda Tural Abbaslının hansısa namizədin xeyrinə geri çəkilməsi gözləniləndirmi?

- Siyasətdə qəbul olunan tendensiyalardan biri də hansısa siyasi maraqlara və manevr imkanlarına görə, digər adayların xeyrinə namizədliyini geri götürməkdir. Amma mənim Müsavat başqanlığına namizədliyim tək mənim siyasi karyeram üçün önəmli deyil. Biz bu vəsilə ilə həm də müxalifət gəncliyinin nümunəsini yaratmış oluruq. 100 illik tarixə sahib olan Müsavat kimi bir partiya başqanlığına gənclər də iddialı ola bilər. Mən namizədliyim və ciddi mübarizəmlə bunu sübuta yetirmiş oldum. Biz bu nümunəni seçkinin nəticələrindən asılı olmayaraq, sona qədər davam etdirmək niyyətindəyik. Uduzacağımı əvvəlcədən bilsəydim belə yenə də sona qədər başqanlığa mübarizəmi davam etdirərdim. İstərdim ki, artıq gənclərin siyasi liderlik iddiası cəmiyyətə qeyri- adi gəlməsin. Odur ki, Müsavat başqanlığına namizədliyimi hansısa opponentimin xeyrinə, ümumiyyətlə isə geri götürmək fikrim yoxdu.

- İşti-şayət, başqan seçilə bilməyəcəyiniz təqdirdə, Müsavat Partiyasında siyasi fəaliyyətinizi davam etdirəcəksinizmi?

-Təbii ki, bu, müzakirəsiz və mübahisəsiz məsələdir. Mənim üçün partiyanın maraqları hər şeydən üstündür. Mən başqan seçilməsəm belə fəaliyyətimi davam etdirəcəm. Mən Müsavat Partiyasında ən kiçik vəzifə olan özəy xəzinədarlığından sıravi üzvlüyə, ordan da divan üzvlüyünə qədər yüksəlmişəm. Mən partiyamla siravi üzv olanda da, divan üzvü olanda və başqanlığa namizəd olanda da fəxr etmişəm. Əgər sabah seçilməsəm belə, mən yenə müsavatçı olacağam və başqan kimin seçilməyindən asılı olmayaraq Müsavat Partiyasında qalıb, hakimiyyətlə mübarizəmi aparacağam. Yəni mənim üçün müsavatçılıq var, Müsavat Partiyası var, şəxslər önəmli deyil. Sabah hər hansı bir şəxs partiyadan gedə bilər, amma partiya qalır. Mənim üçün belə məsələlər ümumiyyətlə müzakirə mövzusu deyil. Mən özümü ilk növbədə müsavatçı hesab edirəm, sonra hansısa post uğrunda mübarizə aparan bir şəxs.

- Qurultayın partiyanı dağıdacağı, kütləvi istefaların olacağı ilə bağlı verilən proqnozlar nə dərəcədə əsaslıdır?

- Müsavat Partiyasının parçalanacağı, kütləvi istefaların olacağına dair müzakirələr zaman-zaman çox olub. Xatırlayırsınızsa, Məclisə sədr seçkilərindən öncə də partiyanın dağılacağına dair söyləntilər vardı. Həmçinin Müsavat hansısa bloku tərk edəndə də bu cür proqnozlar verilir. Hər dörd namizədin şansı eynidir. Təbii ki, onların hər birinin də öz növbəsində tərəfdarları və əleyhdarları var. Onlar da bəzən emosiyalara qapılıb, məsələni böyüdüb, kəskin bir mübarizə həddinə gətirirlər. Amma unutmayaq ki, istənilən namizədin tərəfdarı və ya əleyhdarı ilk növbədə müsavatçıdır. Müsavatda seçkilər demokratik keçdiyi üçün qurultay nümayəndələri də azad seçim edəcək. Kimin nə qədər səs yığacağını hesablamaq mümkün deyil. Nəticəni indidən demək çox çətindir. İndiyə kimi partiya daxilində keçirilən seçkilər göstərib ki, gözlənilən və gözlənilməz nəticələr olur. Amma onu deyə bilərəm ki, nəticədən asılı olmayaraq, hər bir müsavat üzvü partiyada qalıb, mübarizəsini davam etdirəcək.

Şəymən