AŞ PA özünü “prokuror” kimi aparır

Türkiyəyə qarşı “səlib yürüşü”nün arxasında Qərbin qara niyyətləri görünür

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının plenar iclasında Türkiyənin monitorinq mərhələsinə qaytarılması barədə qərəzli qərar verilib. Bəzi assambleya üzvləri layihəyə əlavə və dəyişikliklər təklif etsələr də, təkliflərin heç biri qəbul edilməyib. Heç bir obyektivliyə əsaslanmadığı üçün AŞ PA-nın bu qərarı Türkiyənin siyasi dairələrində kəskin etirazla qarşılanıb.

Türkiyənin Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi Ankara AŞ PA ilə əlaqələrə yenidən baxmağa məcbur olacaq. Parlamentin monitorinqi bərpa etməsini siyasi motivlərə əsaslanan ədalətsiz qərar adlandıran Türkiyə rəsmiləri bildiriblər ki, bu qərar əməkdaşlıq və dialoq ruhuna tamamilə ziddir. Azərbaycan siyasiləri də hesab edirlər ki, AŞ PA-nın qardaş Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı subyektivdir və qərəzli xarakter daşıyır. Ümumiyyətlə, son vaxtlar bəzi dairələrin, xüsusilə Avropa təsisatlarının sifariş xarakterli sənədlər qəbul etməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda ikili standartların və islamofob əhvali-ruhiyyənin hökm sürdüyünü göstərir. Təcrübə göstərir ki, AŞ PA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir. Müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi daşıyır. Müasir dövrdə beynəlxalq aləmdə baş verən hadisələr də təsdiqləyir ki, islamofobiya Qərbdə sanki həyat tərzinə çevrilməkdədir. Avropa ölkələrində islam dininin daşıyıcılarının haqsız təqiblərə və təzyiqlərə məruz qalmaları da bunun bariz nümunəsidir. Dünyanın aparıcı kütləvi informasiya vasitələrinin yazdıqlarından da məlum olur ki, Fransada, Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada müsəlmanlar gündəlik həyat şəraitində təhqirlərlə, hətta fiziki zorakılıqlarla qarşılaşırlar. Bəs insan haqlarının qorunması istiqamətində "fəaliyyət göstərən” Avropa təşkilatları hara baxırlar? 

Əsas fəaliyyətlərini insan hüquq və azadlıqlarının qorunması üzərində quran bir sıra beynəlxalq təşkilatlar Qərb dövlətlərində baş verən hadisələrin üzərindən niyə sükutla keçirlər?
Hazırda beynəlxalq ictimaiyyətə bəllidir ki, Qərbin bir sıra dövlətlərində multikulturalizmdən tamamilə imtina olunub. Bütün bunlar Avropada demokratik dəyərlərin ancaq kağız üzərində olmasının əyani təsdiqidir. Əlbəttə ki, qardaş Türkiyəyə qarşı qəbul edilmiş bu sənəd Avropa Şurasının birinci antiislam, antitürk mahiyyəti kəsb edən qərarı deyil. Çox güman ki, gələcəkdə də bu cür ədalətsiz qərarların şahidi olacağıq. Halbuki həm Azərbaycan, həm də Türkiyə antiqərb mövqeyində olmayıb və Qərblə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazır olublar. Amma təəssüf ki, son zamanlar Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürür. Bu siyasətin Qərbə, Avropaya nə verəcəyini tarix özü göstərəcək. Azərbaycan cəmiyyəti Avropa təsisatlarının ölkəmizə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman dövlətlərini hədəfə almaq səylərini heç vaxt qəbul etməyəcək.

AŞ PA-nın ədalətsiz qərarı ilə bağlı "Şərq”ə danışan millət vəkili Aydın Mirzəzadə deyib ki, sonuncu addım Türkiyəyə qarşı olan siyasi təzyiqin növbəti mərhələsidir:

"Bir müddət əvvəl Almaniya parlamenti tərəfindən uydurma soyqırımın tanınması və Türkiyənin burada ittiham edilməsi, daha sonra Avropanın bir sıra ölkələrində Türkiyə rəsmilərinin seçki təbliğatına icazə verilməməsi qardaş ölkəyə qarşı olan qərəzin təzahürləri idi. Hətta vəziyyət o yerə çatdı ki, Türkiyənin nazirini zorla qolundan tutub ölkədən çıxartdılar. İndi AŞ PA-da qəbul olunan həmin qərar əvvəlki prosesin tərkib hissəsidir. Türkiyəyə qarşı bir "səlib yürüşü” yaşanmaqdadır. Türkiyənin müstəqil daxili və xarici siyasət yeritməsi, siyasi-iqtisadi cəhətdən güclü bir dövlətə çevrilməsi Avropanın müəyyən dairələrini ciddi narahat edir. Türkiyə Avropa Birliyinə daxil olmaq üçün 54 ildir mübarizə aparır. Amma bütün şərtləri yerinə yetirsə də, Birliyə qəbul edilmir. Çünki güclü Türkiyənin AB-yə girməsi orada balansı köklü şəkildə dəyişəcək. Qərb isə bunu istəmir”. Deputat bildirib ki, Türkiyənin dövlət idarəetmə sistemini dəyişməsi onun daxili işidir: "Görünür, Avropa kənar ölkələrin talelərini özlərinin həll etməsini əsas prinsip saymır. Türkiyədə tətbiq ediləcək yeni sistem ABŞ-da, Fransada çoxdan var. Türkiyənin hansısa hüquqi prinsipləri pozması kimi absurd ideyaların irəli sürülməsi heç bir reallığa söykənmir. PKK-ya qarşı mübarizədən dolayı Türkiyəyə irad bildirilməsi isə daha çirkin yanaşmadır. PKK terror təşkilatıdır, onlar dinc insanları öldürür. Heç bir halda bu təşkilatın hərəkətlərinə haqq qazandırmaq olmaz. AŞ PA bütün demokratik qaydaları pozaraq 13 il əvvəl monitorinqdən çıxmış bir ölkəni yenidən nəzarətə götürdü. Bunun özü kobud şəkildə qaydaları pozmaqdır. Özü də bu prosedur Avropa Şurasının yaradıcılarından biri olan ölkəyə qarşı həyata keçirilir. Qərb təşkilatları ciddi böhran içindədir. Xüsusən, AŞ PA özünü "prokuror” kimi aparır. Bir ay əvvəl Ermənistanda böyük qanun pozuntuları ilə seçki keçirildi. Amma nədənsə, işğalçı ölkəyə heç bir reaksiya verilmədi, irad bildirilmədi. Avropa ölkələrində dəfələrlə qanunsuz hadisələr yaşanır, yenə susurlar. Bu, onu göstərir ki, AŞ PA birbaşa Türkiyəni hədəf götürüb. Ancaq bu cür addımlarla Türkiyəni zəiflətmək, nüfuzdan salmaq mümkün deyil. Azərbaycan qardaş ölkə kimi Türkiyəyə qarşı olan təzyiqləri pisləyir”.

Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin. Türkiyə beynəlxalq təşkilatlarla və digər dövlətlərlə bərabərhüquqlu münasibətin tərəfdarıdır. Lakin bu gün hadisələr başqa məcrada cərəyan edir. AŞ PA-nın Türkiyə ilə bağlı ədalətsiz və qərəzli qərarı Azərbaycanda da haqlı narazılıq doğurub. Milli Məclisin deputatı Rasim Musabəyov da bildirib ki, Türkiyə respublika kimi 100 illiyini qeyd etməyə hazırlaşır:

"Ötən müddətdə böyük çətinliklərə baxmayaraq, Türkiyə özünün oturuşmuş demokratik cəmiyyətini qurub. Kiminsə kənardan baxıb buna qiymət verməsinə ehtiyac yoxdur. Ona görə də düşünürəm ki, Avropa Şurası Parlament Assambleyasının bu qərarı heç bir məntiqə sığmır. AŞ PA-nın bu qərarı təşkilatda islamofobiya meyillərinin qalib gəldiyindən, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığından xəbər verir. Bu qurumun monitorinqlərinin müəyyən dairələrin mənafeyinə xidmət etdiyi, müstəqil dövlətlərə təzyiq vasitəsi olduğu artıq heç kəs üçün sirr deyil”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib ki, hazırda dünyanın beyin mərkəzi xarab olub və Qərb başını itirib: "Avropa düzgün qərarlar qəbul etmir, yalnız öz mənafeyini düşünür. SSSR dağılandan sonra Qərb islam dünyasını əsas hədəf götürdü. Orada nə baş verirsə, onu neqativ ruhda qəbul edirlər. Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etməsi də xarab beyin mərkəzinin növbəti səhv qərarıdır. Qərbin Türkiyəyə qarşı sərgilədiyi münasibət tamamilə qərəzlidir. Avropada bilirlər ki, Türkiyədəki seçkilər, səsvermə proseduru Qərbin demokratik dedikləri ölkələrindən də demokratik keçir. Onların hansısa iradı varsa, bunun müzakirələr üçün siyasi, hüquqi prosedurları mövcuddur. 50 ildir demokratik seçkilər keçirən, ölkənin daxili qaydaları, hakimiyyəti demokratiya ilə idarə olunan Türkiyə Avropa İttifaqının qapısının ağzında dayanıb. Onu Aİ-yə buraxmayıblar, indi isə buraxmayacaqları ilə hədələyirlər. Türkiyənin birinci strategiyası dözümlülük olmalıdır. Qardaş ölkə müəyyən qədər gözləməlidir. Avropada indiki hakim elita dəyişən kimi, böyük ehtimalla Türkiyəyə qarşı münasibət də dəyişiləcək. Orada hakimiyyətə Avropanın birliyini, Avropa cəmiyyətinin bütövlüyünü istəyən nəsil gələcəksə, onlar Türkiyədən yeddi əllə yapışacaqlar. Əksinə olaraq, hakimiyyətdə dağıdıcı nəsil qalacaqsa, Türkiyənin bu cür Avropaya ehtiyacı yoxdur. Qardaş ölkə özünün problemlərini Avropanın istənilən dövlətindən daha rahat əldə edə bilir”.

İsmayıl