"Azərbaycan mümkün olan bütün variantlardan istifadə etməlidir"

“Dilqəm Əsgərovla Şahbaz Quliyevin erməni girovluğunda qalması bütün hüquq normalarının çeynənməsi deməkdir"




Vəkillər Kollegiyasının sədri Anar Bağırov Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üzrə kommunikasiyanın davam etdiyini deyib. Onun sözlərinə görə, Avropa Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır: "Həm Azərbaycan, həm də qarşı tərəfə məlum olduğu kimi bu məsələdə məsuliyyət daşıyan Ermənistandır. Çünki Dağlıq Qarabağı işğal edən məhz Ermənistandır. Artıq bu fakt Avropa Məhkəməsində tanınıb".
A.Bağırov hesab edir ki, məsələ ilə bağlı müsbət nəticələr olacaq: "Çünki həm dövlətin, həm ictimaiyyətin bu məsələyə böyük diqqəti var. Bu bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən bizim vətəndaşların hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqəti göstərir".

İşin gedişi barədə girovların hüquqlarını müdafiə edən vəkil hesab edir ki, gözlənilən cavabın müsbət olacağına ümid və əsas çoxdur.

Millət vəkili Fazil Mustafanın fikrincə, bu məsələnin öz həllini tapması üçün Azərbaycan mümkün olan bütün variantlardan istifadə etməlidir: 

"Dilqəm Əsgərovla Şahbaz Quliyevin erməni girovluğunda qalması bütün hüquq normalarının çeynənməsi deməkdir. Biz buna yol verməməliyik. Bütün hüquqi prosedurlardan keçib Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət məsələsini həll etməliyik. Bu həm onların girovluqdan azad olunması, həm də onların saxlanma şəraitinə nəzarət baxımından vacib haldır”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan məsələni bütün beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdır ki, Ermənistanın heç bir bəhanəsi qalmasın. Ən nəhayətində bu tədbirlərin biri müsbət nəticə verəcək.

Şəymən