Bankla vətəndaşı üz-üzə qoymaq olmaz"- Sonu intihardır




"Kimliyindən asılı olmayaraq insan borca görə intihara əl atırsa, bu çox üzücüdür”.

Bunu Sherg.az-a Azərbaycan Beynəlxalq Bankının baş ofisinin qarşısındakı intihara cəhd hadisəsi haqqında danışarkən iqtisadçı ekspert Fuad İbrahimov deyib. 

O bildirib ki, bu məsələyə obyektiv yanaşmaq lazımdır:

"Kredit borcları olan şəxslər bir neçə kateqoriyay bölünməlidir. Yəni kimsə xoş günü üçün kredit götürüb, özünə televizor, fen, digər məişət avadanlığı, nəqliyyat vasitəsi alırsa, sonradan öz büdcəsini hesablayıb, borcunu qaytara bilmirsə, bu, başqa məsələdir. Digər tərəfdən isə dollarla kredit götürüb, özünün sahibkarlıq fəaliyyətinə başlamaq istəyib, ölkənin regional vəziyyətinə çatdığı halda, iki devalvasiyanın qarşısında pulu qaytarma qabiliyyətini həqiqətən itirdiyi vətəndaşlar arasında biz bu fərqi qoymalıyıq. Bu gün hansısa vətəndaş kreditə götürdüyü vəsaitlə nəqliyyat vasitəsi alıbsa, indi şantaj xarakterli intihara cəhd edirsə, bu, düzgün hərəkət deyil. Ümid edirəm ki, xalqımız arasında belə şəxslər azdır. Ancaq digər tərəfdən dollarla krediti götürüb iki devalvasiyanın qurbanına çevrilən vətəndaşlarla bağlı yeganə çıxış yolu sivil qaydalarla hökumətin buna müdaxiləsidir. Dəfələrlə xəbərdarlıq edirik ki, bankla vətəndaşı qarşı- qarşıya qoymaq olmaz. Dövlət nəzarət orqanları müxtəlif vasitələrlə buna əncam çəkməlidir. Bu fors-major halıdır. Biz bilməliyik ki, iki ardıcıl devalvasiyanı Mərkəzi Bankın qərarı ilə qəbul edirik. Bu boşluq arasında fırlanmaq olmaz. Çıxış yolu tapmaq üçün qərar qəbul etmək lazımdır. Ekspertlər qərarı verə bilməz. Nazirlər Kabineti, Maliyyə Nazirliyi başda olmaqla problemi həll etmək lazımdır. Əks halda belə hallar daim müşahidə olunacaq. Bankların işi-peşəsi ondan ibarətdir ki, verdikləri kreditləri geri qaytarsınlar. Vətəndaş da həqiqətən çıxılmaz vəziyyətə çatırsa, artıq məcbur olub, intihara əl atır. Məsələyə kompleks şəkildə müdaxilə etmək lazımdır. Dövlətin müdaxiləsi olmasa maliyyə sistemi də vətəndaşlar da əziyyət çəkəcək”.

Qeyd edək ki, verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının əsas ofisinin qarşısında əlində bir qab yanacaq olan Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Emil Natiq oğlu Əliyev özünü yandıracağını bildirib. Hadisə yerinə polis əməkdaşları gəlib. E. Əliyevdə aparılan profilaktiki söhbət nəticəsində onu fikrindən yayındırmaq mümkün olub.

Ayyət Əhməd