"Azərbaycan xarici siyasət kursunda uğurlar və yeni-yeni nailiyyətlər əldə edərkən Ermənistan tərəfi hələ də KTMT-nin Astana sammitində uğradığı fiaskonun təsirində qalıb”.
Bunu "Şərq”ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. Ekspert bildirib ki, Paşinyan 6 dekabr tarixində Sankt-Peterburqdakı erməni cəmiyyətinin nümayəndələri ilə görüşündə baş katib məsələsi ətrafında yaranan gərginliyin İrəvan üçün ən az əhəmiyyətli olduğunu, əsas prioritet məsələnin Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirib:
"Baş katiblik məsələsindən əlini üzən Paşinyan indi də KTMT-dən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyətində olduğunu bəyan edib. Çünki Paşinyan Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən durmadan inkişaf etdiyini çox gözəl anlayır. Bilir ki, Azərbaycan ordusu ilə mübarizə apara biləcək hərbi potensiala sahib deyil. Bu baxımdan Paşinyan Azərbaycan ordusunun hər hansı hərbi müdaxiləsi nəticəsində Ermənistan silahlı qüvvələrinin biabırçılığının qarşısını almaqdan ötrü KTMT-yə sığınma yolunu seçib. Paşinyan artıq əmindir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo gec-tez pozulacaq. Dünyanın bir çox ölkəsi Qarabağı Azərbaycan ərazisi kimi qəbul edirlər. Xüsusən, son günlər Avropa İttifaqının bu münaqişənin həllində maraqlı olmasına dair çıxışlar səsləndirməsi Paşinyanı narahat edən amillərdən sadəcə biridir”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın siyasi, iqtisadi və ələlxüsus hərbi cəhətdən durmadan inkişaf etməsi Ermənistanı qorxuya salır:
"6 dekabr tarixində Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin Hərbi sənaye kompleksləri departamentinin direktoru Tarabrin Konstantin Anatolyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri arasında görüş baş tutub.
Görüşün əsas məğzi Azərbaycan ilə Rusiyanın hərbi sənayesi kompleksləri arasında əlaqələrin inkişaf etdirilməsinə və əməkdaşlıq layihələrinin müzakirə edilməsinə dair fikir mübadiləsi aparılması olub. Göründüyü kimi, Azərbaycan hərbi baxımdan gücünə-güc qatmağa davam edir.
Bu isə Ermənistanın təşvişini artırır. Reallıqları dərk edən Paşinyan sığınmağa yer axtarır və üzvü olduğu KTMT kartını oynamağa çalışır. Lakin bu da baş tutmadığı təqdirdə yəqin ki, İrəvanın KTMT-dən çıxma məsələsi gündəmə gətiriləcək”.
İsmayıl