Daxili işlər orqanlarında 3 minə yaxın xanım əməkdaş xidmət edir

Ehsan Zahidov: "Onların 1478-i xüsusi rütbə daşıyan, qalanları isə mülki işçilərdir ki, bu da keçmiş illərlə müqayisədə xeyli böyük rəqəmdir"



"Şərq"in ötən sayında "Bəstəboylar çoxdur, polisə isə uzunboylu qızlar tələb olunur” adlı məqalə dərc olunmuşdu. Mövzu ilə bağlı DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov redaksiyamıza məktub göndərib. Həmin yazını təqdim edirik:
 Məqalədə qeyd edilənlərə əlavə olaraq bildirmək istərdim ki, Xidmətkeçmə haqqında Əsasnamədə də qeyd olunduğu kimi daxili işlər orqanlarında xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə yaşı 20-dən aşağı və 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən qadınlar qəbul olunurlar. Buradan da aydın görünür ki, ölkəmizdə xanımların polis sıralarında işləməsinə heç bir maneə, qadağa yoxdur. Onu da qeyd etmək lazımdır ki, müraciət edən xanımların DİO-ya qəbulu, xidmətdə fərqlənən qadın əməkdaşların vəzifədə irəli çəkilməsi Daxili İşlər Nazirliyi rəhbərliyinin daimi diqqətində olan vacib məsələlərdən biridir. Elə bunun nəticəsidir ki, son 15 ildə polisin sıralarında qadın əməkdaşların sayı ildən-ilə artır. Hazırda Respublikanın daxili işlər orqanlarında 3 minə yaxın, daha dəqiq desək, 2900 nəfər xanım əməkdaş xidmət edir. Onların 1478-i xüsusi rütbə daşıyan, qalanları isə mülki işçilərdir ki, bu da keçmiş illərlə müqayisədə xeyli böyük rəqəmdir. Xanım əməkdaşlarımız DİO-nun bütün xidmət sahələrində, əsasən də, istintaq, təhqiqat, kadr, pasport, maliyyə, tibb, statistik informasiya, informasiya kommunikasiyası, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili, "102" və "Təhlükəsiz şəhər" xidmətlərində müxtəlif vəzifələrdə, müxtəlif rütbələrdə təmsil olunurlar. Polis qadın əməkdaşlarımızın bir hissəsi bu gün "ASAN xidmət” mərkəzlərində də vətandaşlarımıza nümunəvi xidmət göstərirlər.