Dostumuz vəzifəyə layiqdir

Zahid Oruc enerjili, çalışqan, sədaqətli insandır
İctimaiyyət nümayəndələri Prezidentin yeni kadr siyasətini dəyərləndiriblər


Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaqdır. Fərmana əsasən, Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq. Dövlət başçısının növbəti Sərəncamı ilə millət vəkili Zahid Oruc yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edib. 

Deputat Zahid Oruc 1972-ci ildə Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Azərbaycan Texniki Universitetinin avtomatika və hesablama texnikası fakültəsini bitirib. Ana Vətən Partiyasının üzvü, partiya sədrinin müavini olub. 2001-ci ildən Milli Məclisin deputatıdır. İctimaiyyət nümayəndələri cəmiyyət arasında müsbət imicə sahib olan Zahid Orucun belə bir quruma rəhbər təyin olunmasını təqdirəlayiq hesab ediblər. Sosial şəbəkə istifadəçiləri də deputatın təyinatını uğurlu kadr islahatı kimi dəyərləndiriblər və millət vəkilinə yeni vəzifəsində uğurlar arzulayıblar.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, ictimai rəyin öyrənilməsi istiqamətində dünyada böyük təcrübə var. Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılır. Ancaq dövlət tərəfindən dəstəklənən və ciddi maddi-texniki bazaya malik olan sosial tədqiqat mərkəzinin yaradılmasına böyük ehtiyac var idi: "Şəxsi təşəbbüslə, yaxud vaxtaşırı alınan qrantlarla bu böyük işi ciddi həyata keçirmək, müxtəlif sahələr üzrə sorğular aparmaq mümkün olmur. Mərkəz öz qarşısına cəmiyyətin quruculuğu, sosial problemlərin həlli, keçmişimiz və gələcəyimizlə bağlı vətəndaşların rəyinin öyrənilməsi üzrə ciddi iş planını qoyacaq. Bu istiqamətdə heç bir sahə diqqətdən qalmayacaq. Ölkə başçısının sərəncamı Azərbaycanda bu sahədə mövcud olan boşluğu doldurmağa imkan verəcək”.

Tanınmış jurnalist Elman Babayev vurğulayıb ki, deputat Zahid Oruc jurnalistlərin gözü qabağında yetişib: "Göstərilən etimada və ardıcıl millət vəkili seçilməsinə baxmayaraq, nə vaxtsa arxayın düşdüyünü sezməmişik. 

Daim öz üzərində işləyib, daim oxuyub, xarici dil öyrənib, gözəl natiqlik keyfiyyətinə sahiblənib. Hər zaman parlament tribunasında fəal olub. Seçicisinin problemlərinə fiziki, mənəvi yaxınlıq yaradıb. Lazım gəldikcə, məmurların qapısını döyüb, seçiciyə kömək istəyib. Sosial tədqiqatlar sahəsinə potensialı, təcrübəsi çatacaq adamlardan biri məhz odur. Unutmayaq ki, Zahid Oruc cəmiyyətdə kifayət qədər tanınan bir isimdir. Prezident İlham Əliyev bu sərəncamı verərkən, şübhəsiz ki, onun araşdırma və analiz qabiliyyətini bəyənib. Zahid Oruca yeni görəvində uğurlar arzulayırıq!”.

"YeniÇağ” Media Qrupun rəhbəri Aqil Ələsgər də bunun uğurlu təyinat olduğunu deyib: 

"19 ildən bəri tutduğu stabil yola və dostluğa verdiyi dəyərə şəxsən şahid olduğum Zahid Orucu təbrik edirəm. Zahid Oruc hər zaman mübarizənin ön sıralarında olub. Hamı üçün xahiş etsə də, əsla özü üçün kiməsə ağız açmayıb. Bu baxımdan belə vacib bir quruma Zahid Orucun gətirilməsi çox yerində təyinatdır. Təşəkkürlər, cənab Prezident!”.

"Azxeber.com” saytının baş redaktoru Əfsələddin Ağalarov da millət vəkili Zahid Orucun dəyərli insan olduğunu söyləyib: "Sözün əsl mənasında bütün zamanlarda qələm adamlarının yanında duran, onlara dəstək olan şəxsdir. Şəxsən öz təcrübəmdə bunun şahidi olmuşam. Zahid bəyin önəmli quruma rəhbər vəzifəyə gətirilməsi təqdirəlayiq haldır”.

Gənc politoloq Zeynal Əmralıyev da bildirib ki, Zahid Oruc Milli Məclisdə xalqın problemlərinə qarşı normal münasibəti ilə seçilən, bir çox yüksək rütbəli məmuru çəkinmədən tənqid edən deputat kimi tanınır: 

"Hətta zaman-zaman Milli Məclis rəhbərliyi ilə arasında problem də yaşanır. Ən əsası Zahid bəy 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də iştirak edib. Son seçkilərdə 3.11 faiz səslə ikinci yerə çıxıb. Baxmayaraq ki, seçkiyə qatılmış yeganə müstəqil namizəd idi. Cənab Prezidentin bu addımı cəmiyyətə mühüm mesajdır. Dövlət başçısı belə əhəmiyyətli bir məsələni, sosial çevrədə baş verənləri təhlil etməyi öz siyasi rəqibinə həvalə etdi. Ona görə də işin obyektiv aparılacağına və qurumun qısa zamanda böyük uğurlara imza atacağına şübhəm yoxdur”.

Jurnalist Fazil Əhməd isə deputat Zahid Orucu 2000-ci ildən tanıdığını yazıb:

 "Əqidəsinə, prinsiplərinə çox sadiqdir, həqiqətən enerjili, çalışqan, istiqanlı, dosta böyük dəyər verən gözəl insandır. Deputat olandan sonra da zərrə qədər dəyişmədi. Uğurlu təyinatdır və əminəm ki, dostumuz bu sahədə də özünü və göstərilən ehtimadı layiqincə doğruldacaq. Uğurlar, Zahid bəy”.

İsmayıl