"Dövlət başçısı əhalinin sosial rifahını hər şeydən üstün tutur" - Əməli sübut





"Son vaxtlar əhalinin sosial rifahının artırılmasına yönəldilən vəsaitlər xeyli artıb. Müxtəlif kateqoriyalara yardımlar, güzəştli təbəqənin mənzillə təminatı, özünüməşğulluq proqramı kimi işlər bu sahədə ciddi dönüş yaradıb”.

Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı-ekspert bildirib ki, bütün bunlar iqtisadi imkanların artmasını tələb edir: 

"Ölkədə iqtisadi fəallığı artırmaq, yeni iş yerlərinin açılmasını təmin etmək, yerli məhsul istehsalını artırmaq üçün ciddi layihələr həyata keçirilib. Regionların inkişafına dəstək artırılıb, investisiyalar artırılıb, yeni zavod və fabriklər işə salınıb. İxracda güzəştlər tətbiq olunub. Vergi sistemində inqilabi islahatlar həyata keçirilib.

Nəticədə, həm ümumdaxili məhsul, həm dövlət büdcəsinin gəlirləri, həm iş yerləri, həm qeyri-neft ixracı artıb, paralel olaraq idxal azalıb, yoxsulluq həddi və işsizlik minimuma düşüb. Qlobal böhran şəraitində, qonşu ölkələrin ciddi problemlərlə üz-üzə qaldığı bir vəziyyətdə Azərbaycanda belə irəliləyişin əldə olunmasının arxasında aparılan peşəkar iqtisadi siyasət və sosial rifaha üstünlük verilməsi amili dayanır”.

E.Bayramlının sözlərinə görə, cənab Prezident həm hər çıxışında dövlət aparatına mesajlar verir, həm də öz hərəkətləri ilə nümunə göstərir: 

"Dövlət başçısı əhalinin sosial rifahını hər şeydən üstün tutduğunu əməli surətdə göstərdi. Elə bir neçə gün əvvəl minimum əməkhaqqının yüksək faizli artımını da buna misal göstərmək olar. Prezident İlham Əliyev sosial rifahın infrastruktur və abadlaşdırma işlərindən daha vacib olduğunu göstərdi. Hökumətin fəaliyyətində də əsas prioritet bu olmalıdır.
Eyni zamanda, dövlət orqanlarının fəaliyyətində şəffaflıq, korrupsiya və rüşvət amillərinin xeyli dərəcədə azalması, vətəndaşlara daha yaxşı xidmət göstərilməsi müşahidə olunur”.

İsmayıl