Ermənistanda rəis postu uğrunda mübarizə gedir

Bütün proseslər göstərir ki, Paşinyan hər addımda bacarıqsız və naşıdır
"Çox güman ki, Paşinyan şantaj xarakterli tədbirlərə əl atacaq. Əsas sosial bazası sayılan küçə mitinqləri hesabına polis nazirini vəzifədən uzaqlaşdırmağa cəhd edəcək"


Ermənistanda yüksək vəzifələr uğrunda ciddi və amansız mübarizə gedir. Buna şərait yaradan amil isə baş nazir Nikol Paşinyanın səriştəsizliyi və siyasətdən bixəbər olmasıdır. Xarici siyasəti müəyyən etməkdə çətinlik çəkən Paşinyan daxili siyasətdə və kadr islahatlarında da uğurlu addım ata bilmir. Son məlumata görə, Ermənistan polisinin rəisi Valeri Osipyanın yaxın vaxtlarda tutduğu vəzifədən azad olunması üçün ciddi iş aparılır. Daha doğrusu, müəyyən şantaj xarakterli vasitələrlə polis nazirini istefaya məcbur etməyə çalışırlar. Maraqlısı isə odur ki, Osipyan baş nazir Nikol Paşinyanın təklifi ilə 10 may 2018-ci ildə Ermənistan polisinin rəisi təyin olunub. Uzun illər Osipyan İrəvan Polisinin rəis müavini postunu tutub və son illər bütün kütləvi aksiyalar zamanı hüquq-mühafizə orqanlarının işinə rəhbərlik edib. Göründüyü kimi, Paşinyan təsadüfi kadr siyasəti yürütdüyü üçün bir müddət sonra ciddi problemlərlə üzləşir. Lakin polis təşkilatı uğrunda mübarizə səbəbsiz deyil. Çünki bu qurumu ələ keçirmək daxili prosesləri nəzarətdə saxlamaq anlamına gəlir.

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, Paşinyan hər addımda bacarıqsız və naşı olduğunu göstərir. Xüsusən, kadr siyasətində bu amil özünü daha qabarıq büruzə verir: 

"Xarici siyasət məsələlərində müəyyən məqsədlər qarşıya qoyulur və ona nail olmaq üçün müxtəlif manevrlər edilir. Lakin daxili siyasətdə daha çox həssaslıq və real proseslərin məğzini başa düşmək ustalığı tələb olunur. Paşinyan isə bu məsələdə uğurlu addım ata bilmir. Əlbəttə, daxili işlər naziri vəzifəsinə uyğun gələn Ermənistan polisinin rəhbəri postu kifayət qədər mühüm qurumdur. Hakimiyyətə gələn hər bir adam çalışır ki, ilk növbədə təhlükəsizlik qüvvələrinə, prokurorluq orqanlarına və məhkəmə hakimiyyətinə nəzarəti tam ələ keçirsin. 

Paşinyan da hüquq-mühafizə sistemində hər şeyi öz əlində cəmləmək və beləliklə ölkədəki proseslərə nəzarət etmək istəyir. Hələ ki məhkəmə sisteminə girişə bilməyib, prokurorluq orqanlarında da səthi təmizləmə və kadr islahatları aparıb. İndi əsas gücü polis sisteminə yönəldib. Ölkədəki proseslərə nəzarəti əldə saxlamaq üçün polis daha əhəmiyyətli qurumdur. Üstəlik, ziddiyyətlərin çox qabarıq olduğu bir dönəmdə polisi öz tabeliyinə çəkmək baş nazir üçün daha lazımlıdır”.

Analitik vurğulayıb ki, əslində Valeri Osipyanı Paşinyan özü vəzifəyə təyin edib. İndi də özünün seçdiyi kadrı vəzifədən uzaqlaşdırmağa çalışır: 

"Ermənistanda qəribə bir ənənə var, hakimiyyət postlarında çalışan adamlar öz xoşları ilə getmək istəmirlər. İstefa və komanda formalaşdırmaq mədəniyyəti düşmən ölkədə demək olar ki, yoxdur. Paşinyan erməni katalikosu II Qaregini vəzifədən uzaqlaşdırmaq üçün onunla xeyli mübarizə apardı, müxtəlif metodlara əl atdı. Hətta Eçmiədzində gənclərin etiraz aksiyasını təşkil etdi. Ancaq hələlik Qaregin öz postunu qoruyub saxlaya bildi. 

Polis naziri də dirəniş göstərir və vəzifədən getmək istəmir. Çox güman ki, Paşinyan şantaj xarakterli tədbirlərə əl atacaq. Əsas sosial bazası sayılan küçə mitinqləri hesabına polis nazirini vəzifədən uzaqlaşdırmağa cəhd edəcək. Göründüyü kimi, Paşinyanın qarşısında çox çətin problemlər durur. Polis qurum əlində olmadığı üçün digər kadr islahatlarını da həyata keçirə bilmir. Nəticədə olan-qalan imicini də itirir. Ona görə də Ermənistanda Paşinyandan heç kim çəkinmir. Hazırda baş nazirin vəziyyəti çox mürəkkəbdir”.

İsmayıl