Fəhlələr, ustalar iş tapmır, ona görə günəmuzd işləyirlər

Bu halda onların əmək, pensiya və sosial hüquqlarının pozulması ilə yanaşı, təhlükəsiz iş hüquqları da pozulur


Hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdir. Məşğulluğun yüksək səviyyədə təmin olunması da öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır.

Hazırda Avropa İttifaqının üzvü olan dövlətlərin hər birində ayrı-ayrılıqda məşğulluq siyasəti mövcuddur və bu siyasət həmin ölkələrin oturuşmuş iqtisadi sistemlərinə əsaslanır. Bununla belə Avropada vahid məşğulluq siyasətinin müəyyən olunması ciddi aktuallıq kəsb etməkdədir. Azərbaycanda isə gizli əmək bazarının mövcudluğu məşğulluq siyasətinin müəyyənləşdirilməsinə əngəl yaradır. Məhz bu səbəbdən də qeyri-rəsmi məşğulluq Azərbaycan iqtisadiyyatı üçün ciddi problemlərdən biri olaraq qalmaqdadır. 

Məsələyə daha çox vergidən yayınma kimi yanaşıldığı üçün son vaxtlar hökumətin bu sahəyə diqqəti artmaqdadır. Problemin qarşısını almaq üçün yaxın vaxtda tikinti sektorunda qeyri-rəsmi şəkildə məşğulluğa cəlb edilən işçilərlə əlaqədar xüsusi layihə hazırlanacaq. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri, Baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, bu layihə qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına səbəb olacaq: "Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə əmək münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər nəzərdə tutulur. Bununla bağlı, xüsusi komissiya yaradılıb. Komissiyanın qarşısında duran ən mühüm vəzifələrdən biri odur ki, qeyri-rəsmi məşğulluq anlayışı aradan qaldırılsın. Yəni qeyri-rəsmi məşğulluq tədricən aradan qaldırılmalıdır. Qeyri-rəsmi məşğulluğa daha çox tikinti sektorunda rast gəlinir. Qeyri-rəsmi məşğulluq işçilər qarşısında bir sıra öhdəliklərin yerinə yetirilməməsinə səbəb olur. Bu yolla işəgötürənlər vergi, sosial və digər məcburi ödənişlərdən yayınır. Qeyri-rəsmi məşğulluq aradan qaldırıldığı təqdirdə bu problemlər aradan qalxacaq. Mən inanıram ki, tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə görüşümüz bir nəticə verəcək, onlar bütün işçilərini rəsmi şəkildə qeydiyyatdan keçirəcək”.

Son vaxtlar tikinti sektorunda qeyri-rəsmi məşğulluq faizinin xeyli aşağı düşdüyünü vurğulayan "Altay” Strateji Araşdırmalar Mərkəzinin (ASAM) sədri, iqtisadçı Elçin Bayramlı isə "Şərq”ə açıqlamasında deyib ki, bu da bir çox layihələrin təxirə salınması, inşaat bumunun səngiməsi ilə bağlıdır. 

Onun sözlərinə görə, müqavilə və daimi işə götürmə sistemi ilə işləyən iri trestlər işçilərin çoxunu ixtisar ediblər. Belə olan halda da kiçik tikinti briqadaları və bəzi firmalar işçiləri qeyri-rəsmi işlətməyə üstünlük verir:


"Kifayət qədər iş yeri olmadığından fəhlələr və ustalar qeyri-rəsmi günəmuzd işləməyə üstünlük verirlər. Bu halda onların əmək, pensiya və sosial hüquqlarının pozulması ilə yanaşı, təhlükəsiz iş hüquqları da pozulur. Bundan əlavə dövlət büdcəsinə ödəniləsi vergi və sosial sığorta ödənişləri də ödənilməmiş qalır ki, bundan da işçilərlə yanaşı, dövlət də zərər çəkir”.

İqtisadçının sözlərinə görə, hökumət bunun mexanizmini tapmalı və qanunun tələbləri təmin edilməlidir. Onun fikrincə, bu layihə əsasən tikinti trest və kooperativlərinə aid edilməlidir: "Hansısa bir usta kiminsə evində kiçik təmir aparırsa, bunu vergiyə və sosial sığortaya cəlb etmək çox çətin olacaq. Bunun tam effektli mexanizmi demək olar ki, yoxdur”.

Qeyri-rəsmi məşğulluq probleminin tikinti sektoru ilə yanaşı, digər sahələrdə də mövcud olduğunu deyən E.Bayramlı hesab edir ki, bütün sahələri əhatə edəcək kompleks mexanizm hazırlanmalı və bütün detallar aydın, sadə və işçilərin zərərinə olmayacaq şəkildə hazırlanmalıdır: 

"Xüsusilə də tikinti aqrar və xidmət sahələrində bunu təmin etmək çox çətin olacaq. Bunun üçün son dərəcə mükəmməl mexanizm hazırlanmalı, həm də işçilərinin özlərinin bunda marağı olması stimullaşdırılmalıdır. Bununla yanaşı, işçiləri əmək müqaviləsi olmadan işlədən müəssisələrə qarşı cəzalar xeyli sərtləşdirilməlidir”.

Şəymən