Gəzən şəhidlər unudulmur - Fotolar

"Torpaqlarımızın qorunması uğrunda canlarını fəda edənlərin ailələrinə diqqət və qayğı hər zaman yüksək olmalıdır"
Dünən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının "Şəhidlər Xiyabanı”ndakı qərargahında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib. 
Tədbirdə Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Milli Qəhrəman Vahid Quliyev, ehtiyatda olan polkovnik Hikmət Ağayev, müharibə veteranları, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə və başqaları iştirak ediblər. Tədbir başlamazdan öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin ölməz ruhları bir dəqiqəlik sükutla yad edilib.
 Layihə barədə tədbir iştirakçılarına məlumat verən Emin Həsənli bu istiqamətdə dövlətin gördüyü işləri yüksək qiymətləndirib. Müstəqillik dövründən etibarən çoxlu işlərin görüldüyünü bildirib: "Biz gələcəkdə görülməsi zəruri olan məsələlərlə bağlı təkliflər hazırlayaraq müvafiq qurumlara göndərəcəyik. Təşkilatımız daimi olaraq bu istiqamətdə işlər aparır. Bu işin iki tərəfi var, birincisi, sözügedən kateqoriyadan olan insanlara diqqət və qayğı göstərilməsi, ikincisi isə gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi. Əlil və veteranlarımız bizim ən müqəddəs muzeyimizdir, canlı muzeylərdir, gəzən şəhidlərimizdir. Vətən, dövlət, bayraq bizim üçün nə qədər əzizdirsə, bunların keşiyində duran igid oğlanlar da o qədər bizim üçün dəyərlidir. Bunları bir-birindən ayırmaq doğru deyil. Azərbaycan dünyada yeganə dövlətdir ki, əhali arasında bu qədər imtiyaz sahibi var. 
Bu istiqamətdə son illərdə cənab Prezident ard-arda fərmanlar imzalayıb. Veteranlar və şəhid ailələri evlərlə, maşınlarla təmin olunub, sosial həyat şəraitləri normallaşıb. Bu kateqoriyadan olan insanlara dövlətin aydın bir siyasəti var. Şəhid ailələrinin övladları ali təhsil ocaqlarında dövlət hesabına oxuyurlar, hətta onların xarici ölkələrdə təhsil almasını belə dövlət öz üzərinə götürür. Ancaq şübhəsiz ki, onlarla bağlı nə qədər iş görülsə də, bu, kifayət deyil. Torpaqlarımızın qorunması uğrunda canlarını fəda edənlərin ailələrinə diqqət və qayğı hər zaman yüksək olmalıdır”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlıqlarını itirmiş insanlar cəmiyyətimizin ən şərəfli təbəqəsidir. Çünki onlar öz həyatlarını, sağlamlıqlarını şüurlu şəkildə Vətən yolunda fəda ediblər: "Bu baxımdan cəmiyyət olaraq onlara qayğımız daimi olmalıdır. Dövlətin qayğısı ortalıqdadır. Amma əsas olan bu işlərin təbliğ və təşviq olunmasıdır. Azərbaycan yeganə postsovet ölkələrindəndir ki, hər sahə üzrə donor institutları yaradaraq əhalinin müxtəlif təbəqələri üzrə mühüm layihələr həyata keçirir. Bizim mentalitetimizdən gələn məsələ odur ki, insan gördüyü yardım haqqında danışmaz. Ancaq problem ondadır ki, bu məsələ müzakirə edilməyəndə xeyriyyəçilik işləri ilə məşğul olanların sayı azalır”.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev də çıxış zamanı vurğulayıb ki, Emin Həsənlinin rəhbərlik etdiyi qurum bu sahədə çox mühüm işlər görüb və daim qazilərin, şəhid ailələrinin dərdinə şərik çıxıb: 
"Yaşca bizdən kiçik olmasına baxmayaraq, təqdirəlayiq çox işlər görüb. Azərbaycan dövləti mövcud problemlərə rəğmən bu qədər insanın çatışmazlıqları ilə məşğul olur. Şəxsən Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxlu sayda sosial yönlü layihələr həyata keçirilir. Bütün bunlara görə dövlətimizə minnətdarıq”.
İsmayıl