“Xarici dilin öyrədilməsində qramatika yox, ünsiyyət ön plana çıxmalıdır”
“Bizdə ənənə belə olub ki, daha çox dilin qramatikasını öyrətsinlər. Ona görə də uşaqlar xaricə gedəndə və danışmaq lazım gələndə problemlərlə üzləşirlər”
Təhsil Nazirliyinin illik hesabatında çıxış edən nazir Mikayıl Cabbarov bəzi dərsliklərdə dəyişiklik ediləcəyini bildirib. Belə ki, ilk dəfə olaraq xarici dil tədrisində istifadə olunan dərsliklərin beynəlxalq mütəxəssislərin iştirakı ilə hazırlanması nəzərdə tutulur.
Nazir, təhsilin məzmununun təkmilləşdirilməsi məqsədilə xarici dillərin tədrisi üzrə bir sıra layihələrin hazırlandığını qeyd edib. M.Cabbarov həmçinin bu cür pilot layihələrin bir çox fənn dərsliklərində də tətbiq ediləcəyini bildirib.
Beynəlxalq mütəxəssislərin xarici dil dərsliklərinin hazırlanmasında iştirakını müsbət qiymətləndirən Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı bu gün xarici dilin öyrədilməsi ilə bağlı proqressiv metodlar olduğunu deyib. Professorun sözlərinə görə, ölkəmizdə olan orta və ali məktəblərdə xarici dilin öyrədilməsini daha çox qramatika ilə əlaqələndirirlər. Lakin bu, yanlış yanaşmadır: "Milli dərsliklərimizdə ölkə ilə bağlı bir sıra ideoloji məsələlər olur. Hansı ki, xarici mütəxəssislər onu başqa cür başa düşürlər.
Dünya bu sahədə çox inkişaf edib. Təbii ki, böyük təcrübəsi olan beynəlxalq mütəxəssislər var. Onlar dərsliklərin hazırlanması ilə bağlı bir söz deyə bilərlər.
Kimsə ərəb dili öyrənir, 4 il ali məktəbi oxuyur, universiteti bitirəndən sonra dili yaxşı bilmir. Lakin qramatika ilə bağlı yetərincə anlayışı var. Məqsəd qramatika öyrətmək deyil. Dilin öyrədilməsi ilə qramatikanın öyrədilməsi fərqli şeylərdir. Qramatikanı o adam öyrənir ki, o, ərəb dili üzrə mütəxəssis olur. Ərəb dili mütəxəssisi olan adama bir az da qramatika öyrədilir ki, o başa düşsün. Bir də var ki, bu adam ərəb dilində danışmalı, oxumalı və yazmalıdı. Məhz buna görə də dərsliklər dediyimiz prinsiplərə, işin fəlsəfəsinə görə tərtib olunur”.
Professorun sözlərinə görə, xarici dilin öyrədilməsində enteraktiv metodlardan istifadə etmək lazımdır. Yəni, qramatika yox, ünsiyyət ön plana çıxmalıdır:
"Bizdə ənənə belə olub ki, daha çox dilin qramatikasını öyrətsinlər. Ona görə də uşaqlar xaricə gedəndə və danışmaq lazım gələndə problemlərlə üzləşirlər. Məsələn, uşaq doğma dilini öyrənərkən valideynləri, qardaş və bacısı ilə ünsiyyətdə olur. Düzgün şəkildə dil öyrənmək də bu formada olmalıdır.
Bu problemlərlə çox üzləşmişəm. Xəzər Universitetini təsis edəndə xarici dili öyrətməklə bağlı təcrübəm var idi. Mən dərslərin adını - "reading”, "writing”, "speaking”, yəni "oxumaq”, "yazmaq” və "danışmaq” formasında olmasını təklif edirdim. Amma razılaşmadılar, bildirdilər ki, adlar fonetika, qramatika və morfologiya kimi olmalıdır. Çünki müəllimlər özləri o cür öyrəniblər və şagirdlərə də elə öyrədə bilirlər. Ona görə məcbur oldum ki, müəllimlərin hamısı xaricə təlimə göndərilsin və xaricdən mütəxəssis cəlb edilsin. Ona görə də xarici dillərin tədrisində beynəlxalq mütəxəssislərin təcrübəsini öyrənmək və onları tətbiq eləmək olduqca lazımlı bir addımdır”.
Yeganə Bayramova