Heç müəllimlərimiz yeni modelə hazır deyillər

2019-cu ildə qəbul imtahanlarının nəticələri ciddi şəkildə dəyişəcək
Kamran Əsədov: "Mən builki abituriyentlərlə danışanda deyirəm ki, bəxtiniz ona görə gətirməyib ki, ilk qurban siz olacaqsınız, bilmirsiniz ki, sizi nə gözləyir"


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu ilin qəbul imtahanı üçün yeni model hazırlanıb. Yeni modelə uyğun olaraq, hər blokda 3 imtahan fənni mövcuddur. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır.
Fevralın 10-da isə DİM yeni təhsil proqramları üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun respublikanın 26 şəhər və rayonunda sınaq imtahanları keçirib. Maraqlıdır, son qaydalara uyğun keçirilən sınaq imtahanında nəticələr qənaətbəxş hesab oluna bilərmi?

Yeni modellə bağlı fikirlərini "Şərq”lə bölüşən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, indiyədək keçirilmiş imtahanlardan tamamilə fərqli bir imtahan prosesi bizi gözləyir: "Ən ciddi dəyişiklik ondan ibarətdir ki, qəbul imtahanlarında istifadə olunan test modellərinin bir qismi tamamilə fərqlidir. Əvvəllər yalnız qapalı tipli test modelləri var idisə, indi açıq tipli, uyğunluğun gözlənilməsi tipli test tapşırıqları, dinləmə tələb edən suallar, situasiya tipli, dinləmə tipli test tapşırıqları var. Bunların qiymətləndirilməsi ilə bağlı, onlara verilən cavabların şablon olub-olmaması ilə bağlı abituriyentlər və valideynlər arasında ciddi şəkildə narahatlıq var. 

Etiraf edək ki, son 5 ildə ali məktəblərə qəbul imtahanlarının nəticələrində artım müşahidə edirdiksə, gördüyümüz mənzərə 2019-cu ildə ciddi şəkildə dəyişəcək, nəticələr aşağı düşəcək. Biz bunu ona əsasən deyirik ki, 2017-2018-ci illərdə DİM tərəfindən buraxılış imtahanları keçirilərkən orada uşaqların 30 minə yaxını ana dilindən 2 qiymət almışdı. İki il öncə 2 qiymət alan şagirdlər indi abituriyent olaraq imtahan verəcəklər. Təsəvvür edin ki, onlar əvvəl 2 fəndən imtahan vermişdilərsə, indi fənlərin sayı 5-ə qədər çoxalıb. Yəni buraxılış imtahanlarında aşağı nəticə göstərən şagirddən 2 il sonra yüksək nəticə gözləmək mümkün deyil. Bu həm də ona görə mümkün deyil ki, orta məktəblərdə təhsilin keyfiyyəti aşağı düşüb. Bir çox məktəb direktoru rəhbərlik etdiyi müəssisədə tədrisi dövlətin tələb və standartlarına uyğun qura bilməyib. Onlar zəif şagirdləri yüksəltməkdənsə, o şagirdləri məktəbdən azad etməklə problemdən yaxa qurtarmaq yolunu tutublar. Əvvəllər qəbul və buraxılış imtahanlarında sadə suallar verilirdi. Bu isə o deməkdir ki, həmin şagirdlərin iki ildə ciddi nailiyyət əldə etməsi mümkün deyil. Çünki bizdə tədrisin keyfiyyəti aşağıdır, bizim müəllimlərimiz özləri 2019-cu ildə keçiriləcək qəbul imtahanlarının modelinə tam hazır deyillər. Bu barədə bilmirlər, ənənəvi formada tədrisi qururlar”.

Ekspertin sözlərinə görə, DİM sınaq imtahanlarını keçirir, ancaq bu imtahanların özü 2019-cu il modelinə uyğun deyil. Çünki qiymətləndirmə meyarları və standartları, ballar mümkün deyil: "Bu, problemdir. 

Mən builki abituriyentlərlə danışanda deyirəm ki, sizin bir tərəfdən bəxtiniz gətirib, bu qaydalar ilk dəfə tətbiq olunacaq və sizə güzəşt nəzərdə tutulur. Yəni güzəşt dedikdə keçid balının dəyişdirilməsi gözləniləndir. Öncədən müəyyən olunan proqnoz özünü doğrultmaya bilər. Keçid balının konkret olaraq hər hansı bir rəqəm olması mümkün deyil. Rəqabət aşağı olacaq və yekunda sizin imkanlarınız artacaq. Ondan başqa bu il qəbul imtahanında plan yerləri 10 faiz artırılacaq. Ancaq bəxtiniz ona görə gətirməyib ki, ilk qurban siz olacaqsınız, bilmirsiniz ki, sizi nə gözləyir.

Bütün abituriyentlərə səslənirəm ki, problemdən yeganə çıxış yolu hər hansı hazırlıq kursunun, müəllifin yazdığı imtahan materiallarına baxmasınlar, mütləq şəkildə DİM-in sinif testlərinə, test bankına, Abituriyent 1 jurnalının nümunəsinə baxsınlar ki, ən azından orada dövlətin necə imtahan keçirəcəyi bəlli olacaq. Fevral ayının 10-da növbəti sınaq imtahanı keçirildi. Burda yeni qəbul imtahanları modelində test tapşırığı nümunələri verildi. Orada sualların modelinə baxsınlar. 

Ən ciddi problem test tapşırıqlarının modeli ilə bağlıdır. Abituriyentlər dediyimiz bu yolla getsələr, fiaskoya uğramayacaqlar, nəticələri yaxşıya doğru dəyişəcək. İlk növbədə orta məktəb dərsliklərindən və Dövlət İmtahan Mərkəzinin testlərindən istifadə etsinlər. Bu dəqiqə nə keçid balı müəyyənləşib, nə qiymətləndirmə meyarları konkret olaraq müəyyən olunub. Situasiya tipli test tapşırıqlarının formatı hələ də bəlli deyil. 

Ona görə də, hələ ki, ənənəvi formatda olan DİM-in resurslarından istifadə etsələr, nəticə yaxşı olacaq. 10 fevralda təşkil olunan sınaq imtahanında təqdim edilmiş test tapşırıqları daha aydın, sadə idi və abituriyentlərin cavablandırması rahat idi. Düşünürəm ki, qəbul imtahanı da bu səviyyədə təşkil olunacaq”.

Yeganə Bayramova