“İtirə-itirə gedirik...”

Eldar Mansurov bəstəkar Həsənağa Adıgözəlzadənin vəfatına kədərləndi




Türkiyənin Bursa şəhərindəki Azərbaycan diasporunun fəal nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Həsənağa Adıgözəlzadə aprelin 29-da uzun sürən xəstəlikdən sonra İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Diasporla iş üzrə Dövlət Komitəsinin məlumatına görə, bəstəkarın vəfatı haqqında yazan yerli mətbuat uzun illərdir Bursa və Uludağ universitetlərində çalışmış, Bursa Simfonik Orkestrinin ilk rəhbəri olmuş Həsənağa Adıgözəlzadənin bu təhsil ocaqlarında musiqi və sənətin inkişaf etdirilməsində xüsusi xidmətləri olduğunu vurğulayıb. Bəstəkarın eyni zamanda, universitetlərin musiqi təhsili bölümlərinin inkişafına da töhfələr verdiyi qeyd olunur. 1946-cı ildə Bakıda dünyaya gələn Həsənağa Adıgözəlzadə simfoniya, "Azərbaycan” və "Bursa” kantataları, xor və kamera-instrumental miniatürlər, violino solo və fortepiano üçün sonatalar, nəfəsli alətlər üçün kvintet və süita, marşlar, mahnılar, romans, teatr tamaşaları üçün musiqilər, xalq çalğı alətləri üçün bir sıra əsərlər bəstələyib.
Ötən gün dünyasını dəyişən bəstəkarın nəşi Türkiyədən Bakıya gətirilib. Bəstəkarla Təzə Pir məscidində vida mərasimi keçirilib.

Qeyd edək ki, H.Adıgözəlzadə Azərbaycanın görkəmli pianoçusu, xalq artisti Zöhrab Adıgözəlzadənin qardaşı və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin əmisidir.

Həsənağa Adıgözəlov haqqında onun gənclik illərindən dostuluq etdiyi, bəstəkar Eldar Mansurovla həmsöhbət olduq. Həsənağa Adıgözəlzadə ilə bağlı xatirələrini bölüşən Eldar Mansurov "Şərq”ə bunları söylədi: "Həsənağa Adıgözəlzadənin dünyasını dəyişməsi Azərbaycan musiqisinin, incəsənətinin itkisidir. Həqiqətən çox görkəmli musiqiçi idi. Azərbaycan musiqisinin ən görkəmli musiqi xadimlərindən biri olaraq tarixə düşən bir sənətkarımızı itirmişik. Mənim üçün onun barədə danışmaq çətindi. 

Çünki uşaqlıqdan, gənclik illərindən dostluq etmişik, münasibətim olan bir insan idi. Onun musiqiçi olaraq fəaliyyəti göz önündədir. Amma mən onu həm də bir insan olaraq yaxından tanıyırdım. Gözəl, böyük daxili mədəniyyəti olan, səmimi xarakterli, dostluğa sadiq bir insan idi. İnanın, o qədər gözəl ürəyi var idi ki, ona müraciət edən hər kəsə dəstək olmağa çalışırdı. Ruhu fərqli bir insan idi. Elə musiqiyə də bir fərqli yanaşması var idi. Onun musiqi dünyası fərqli idi. Atamın sağlığında bizim evə çox musiqiçilər, sənət adamları gələrdilər. Hətta Bakıya gələn qonaqları da çalışardılar bizə gətirsinlər. 

O zamanlardan Həsənağa ilə gözəl münasibətimiz yaranmışdı. Bizim ailələr biri-birinə yaxın idi. Hər iki ailə musiqiçilərdən ibarət olduğu üçün evimizdə ancaq sənət söhbətləri, sənət adamları ilə görüşlər keçirilirdi. Həsənağa da gənc yaşlarından musiqinin dərinliyini öyrənməyə çalışırdı. Mənim yaddaşımda da, xəyalımda da o, vətənpərvər insan kimi qalıb. Ötən əsrin sonlarında Azərbaycanda vəziyyət ağırlaşdığından dolanışıq çətinləşmişdi. Ölkədə sənətlə məşğul olmaq ağır idi. Bu dönəmlərdə Həsənağa Türkiyəyə köçdü. Orada musiqiçi, pedaqoq olaraq fəaliyyətini davam etdirməyə başladı. Amma ürəyi vətəndə idi. 

Həsənağanın Azərbaycan musiqi xəzinəsinə töhfələri böyükdü. Xüsusilə onun xor üçün hazırladığı musiqilər özünəməxsusluğu ilə fərqlənirdi. Onun xalq musiqiləri üçün hazırladığı xor partiyalarının tərtibatı maraqla qarşılanırdı. Allah rəhmət eləsin. Biz itirə-itirə gedirik. Elə insanları itiririk ki, Azərbaycan musiqisinə bir də belə sənətkarlar bəlkə yüz ildən sonra gəldi. İndi sənətə gələnlər Azərbaycan musiqi tarixinə iz qoymağa hələ ki qadir deyillər. İndikilər gündəmdə olanlardı. Amma əvvəlki, bizim dövrün sənətkarlarının hərəsi bir tarixdi. Heyif ki, az qalmışıq. Heyif ki, musiqi tariximizin ağacından hər gün bir yarpaq düşür. Allah Həsənağa Adıgözəlzadəyə rəhmət eləsin. Torpağı nurla dolsun”.

Tahirə