"Kənd camaatı kitab üzünə həsrət qalıb"

Sabir Rüstəmxanlı: "Bəzi rayonlarımızda heç kitab mağazası yoxdur"Nəriman Əbdülrəhmanlı: "1 ilimiz də “Kitab ili” elan olunsun"
Tural Cəfərov: "Qazaxın bir dağ kəndinə kitabları necə göndərim, kimlərin vasitəsilə?"
Kitab tarixən ciddi mənəvi-ideoloji, bədii, əxlaqi-tərbiyəvi məzmun kəsb edən qüdrətli vasitədir. Çox oxuyan, çox mütaliə edən insan çox bilir. Geniş dünya görüşünə malik olur, cəmiyyətdə özününün layiqli yerini tapır. Gənclər, uşaq və yeniyetmələr, eləcə də yaş kateqoriyasından asılı olmayaraq hər kəs kitab oxumağın vacibliyindən ağız dolusu danışır. Amma son illərdə müşahidə etdiklərimizdən, mətbuatda işıqlandırılan sorğulardan, ictimaiyyətin fikirlərindən görürük ki, Azərbaycanda kitabın vacibliyini hər kəs dərk etsə də, kitab oxuyan insanlar azdır. Ən azından ötən əsrin klassiklərini tanımayan, tarixi hadisələrdən məlumatı olmayan gəncliyin yetişməsi haqqında müəyyən mülahizələr səslənir. Və bəzən onu əsasən rayon yerlərində gənclərin kitaba marağının olmaması ilə izah edirlər. 
Bəs həqiqətən də bölgələrdə yaşayan sakinlər, gənclər kitab oxumağa maraq göstərmirmi?
Sualımızı cavablandıran xalq şairi Sabir Rüstəmxanlı Sherg.az-a  gənclərin kitaba marağının azalması haqqında fikirlərin düzgün olmadığını söyləyib. 
S.Rüstəmxanlı bildirib ki, rayonlarımızın ayrılıqda, orta rəqəmlə 200 min əhalisi varsa, həmin əhalinin payına düşən kitab mağazaları bu rəqəmlə qətiyyən uzlaşmır:
"Hətta bəzi rayonlarımızda ümumiyyətlə, kitab mağazası yoxdur. Bəs insanlar kitabı haradan tapmalıdır ki, oxusun? Kitab alıb, oxumaq üçün o qədər yol qət edib, Bakıya gəlməyəcəklər ki. Hətta vaxtilə kəndlərdə səyyar kitab mağazaları gəzir, insanlara kitablar paylayırdı. Kitabı yazan müəlliflər onu tanıtmalı, yaymalıdır ki, oxucular da gözəl kitablarla tanış olsunlar, oxusunlar və növbəti əsərləri gözləsinlər. Hazırda Azərbaycanda kənd camaatı kitab üzünə həsrət qalıb. Əgər rayonlarda, kəndlərdə kitab mağazaları artırılsa, kitablar insanların diqqətinə çatdırılsa, xüsusilə gənclərin kitab oxumasına marağının artmağına imkan yaradılmış olar”.
 Şəkidə kitab mağazasının bağlanmasına etirazını ifadə edən tərcüməçi, nasir Nəriman Əbdülrəhmanlı da rayonlarda kitab mağazalarının olmamağından şikayətlənir. N. Əbdürrəhmanlı deyir ki, Şəki kimi böyük bir bölgədə, Azərbaycanın Mədəniyyət Mərkəzi elan olunmuş şəhərdə kitab mağazasının bağlanması, normal kitab mağazasının olmamağı bizim üçün utandırıcıdır:
"Dövlət bu məsələni diqqətdə saxlamalıdır. Oxucuların kitab əldə edə biləcəyi, oxuyacağı bir kitab mağazası olmalı idi. Kitabxanaların funksiyaları başqadır, kitab mağazalarınınkı başqa. Rayonlarda kitabxanalar dövlət təminatı ilə fəaliyyət göstərir. Kəndlərdə də rayonların özündə də müəyyən kitab fonduna malik kitabxanalar var. Onların şəraiti, təminatı pis gündə olsa da, hər halda işləyirlər. Ancaq elə rayonlar var ki, orada ümumiyyətlə, kitab mağazası yoxdur. Oxucular müasir ədəbiyyatla tanış ola bilmirlər, kitab ala bilmirlər. Həmçinin kitabxanaların kitab təminatı dövlət tərəfindən mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. 
Azərbaycanda nəşriyyatların əksəriyyəti müstəqildir, onlar dövlət kitabxanalarına kitablar göndərmirlər, yalnız satışa göndərirlər. Buna görə, əminliklə deyərəm ki, Azərbaycanda bir ildə çıxan kitabların 90 faizi kitabxanalara, oxuculara gedib çatmır. Bu proses Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan şəbəkədir. Nazirlik bunu bir sistemə salmalıdır ki, heç olmasa ildə müəyyən qədər pul ayrılıb, müstəqil nəşriyyatlarda çap olunan kitablardan almaqla rayon kitabxanalarına paylansın. Bu hələlik reallaşması mümkün məsələ deyil. Kitab mağazalarının kəndlərdə açılması ağlabatan deyil. Amma hər rayon mərkəzində normal kitab mağazası olmalıdır ki, Azərbaycanda çıxarılan müasir ədəbiyyat həmin mağazalarda satıla bilsin. Fikrimcə, müstəqil nəşriyyatlarla müqavilə imzalayıb, o kitabların satışını təşkil etsinlər. Beləliklə rayonlarda yaşayan əhali və oxucular da onları alıb oxuya bilər”.
Kitabxanaların da sayının azaldığını diqqətə çatdıran yazarın sözlərinə görə rayonlarda və kəndlərdə fəaliyyət göstərən kitabxanaların vəziyyəti ürəkaçan deyil:
"Bəzən sosial şəbəkələrdə kəndlərdə, rayonlarda çalışan kitabxanaların şəkillərini paylaşırlar. Onlar çox yarıtmaz şəraitdə fəaliyyət göstərir. Üstəlik o kitabların arasında olan Sovet dövründən çap olunmuş, kiril əlifbası ilə yazılan kitablar məhv edilir. Həmin kitablar məhz kiril əlifbası ilə yazıldığına görə fonddan çıxarılır, bəziləri məhv edilir. Bununla da hələ də həmin əlifbada oxuyan oxucular nəzərə alınmır. Üstəlik əgər bir ədəbiyyat ki, latın qrafikalı əlifba ilə çap olunmayıb, onun tələsik məhv edilməsi ən azı cinayətə bərabər bir əməldir. Mənə elə gəlir ki, problem yüksək səviyyədə həll olunmalıdır. Məsələn, 1 ilimiz də "Kitab ili” elan olunsun. Kitabxanalarla, kitab satışı ilə bağlı tədbirlər keçirilsin, bu şəbəkənin normal səviyyəyə çatdırılması üçün geniş işlər görülsün”.
Tanınmış yazıçı Tural Cəfərovun fikrincə, isə bölgələrdə, ümumən Azərbaycanda kitab mağazalarının sayının az olması 1997-ci ildən həyata keçirilən özəlləşdirmə siyasətinin nəticəsidir. Onun sözlərinə görə, özəlləşdirmə və ondan sonrakı proses ərzində obyektlər öz təyinatına uyğun şəkildə işlənəcək deyə düşünülürdü:
"Amma gedin, istənilən bölgədə və ya şəhərlərdə kitabxana binalarının mağazaların özəlləşdirildiyi yerlərə baxın. Onların hamısında turizm firması, paltar mağazası, iaşə obyektləri, hətta çayxanalar açılıb. Problem buradan qaynaqlanır və bu məsələ birbaşa Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Digər tərəfdən isə əvvəllər kitablar alınıb, əhaliyə paylanılırdı. Təxminən Azərbaycanda 4 min 500 məktəb, bu məktəblərin hamısının isə kitabxanası var. İstər Mədəniyyət Nazirliyi, istərsə də Təhsil Nazirliyi həmin kitabxanaların təminatı ilə maraqlanmır. Buna görə məktəblərin kitabxanaları çox biabırçı vəziyyətdədir. Bunlar dövlətin həll edə biləcəyi problemlərdir”.
T. Cəfərov rayonlardan əlaqəsi olan, kitab oxumaqla maraqlanan insanlara, kitabxanalara kitablar göndərdiyini söyləyib. Lakin yazar qeyd edir ki, şəxsi təşəbbüslə ucqar rayonlara, kəndlərə kitab göndərmək çətin məsələdir:
"Məsələn, Qazaxın bir dağ kəndinə kitabları necə göndərim, kimlərin vasitəsilə? Başqa ərazilərdə tanıdığım oxucular, maraqlananlar olduqda poçt və ya başqa vasitələrlə kitablar göndərə bilirəm. Amma təbii ki, hər yerə əlim çatmır. Bu dövlətin görməli olduğu iş olsa da, tamamilə başlı-başına buraxılıb”.
Səyyar kitabxanaların təşkil olunması kimi məsələlərin yazarların, ziyalıların şəxsi təşəbbüsü ilə mümkün olmayacağını deyən T. Cəfərov bunu səlahiyyətli qurumlar təşkil edərsə, kitablarını verəcəyini söyləyib. O xatırladıb ki, bu kimi tədbirləri həyata keçirmək üçün Bilik Fondu, Mədəniyyət və Turizm Nazirliyi, müxtəlif Qeyri Hökumət Təşkilatları, ictimai təşəbbüslər var:
"Yazıçı həm kitab yazsın, həm kitabları rayonlara aparıb, oxunmasına çalışsın? Bu nə düzgün deyil, nə də mümkün deyil. Kitab təbliğatı ictimai işdir, xalq işidir, səlahiyyətli qurumların işidir. Bizim bir çox məmurlarımız bu işlərlə məşğul olmaq istəmirlər. Şəki böyüklükdə şəhərdə, Mədəniyyət Mərkəzində kitab mağazası yoxdursa, biz hansı maarifdən danışırıq? Tək Şəki deyil, başqa rayonlarda kitab mağazaları olsa belə, kitablar çox qıtdır, yeni kitablar yoxdur, verilmir. Mədəniyyət Nazirliyinin müvafiq şöbəsi səlahiyyətində olan məsələ barədə ölçü götürməlidir.
Problemi bir daha gündəmə gətirən, xalq şairi Sabir Rüstəmxanlı 15 il parlamentdə olub, bunu da qaldırıb. Lakin bir nəfərin, yazıçıların təşəbbüsü ilə alına biləcək proses deyil. İctimai məsələdir”.
Yazar Nəriman Əbdülrəhmanlının kitab ili təşkil olunması haqqında təklifini də yüksək dəyərləndirən yazıçı ölkə başçısı bu barədə sərəncam verdikdə, yazıçı olaraq, əlindən gələn dəstəyi göstərəcəyini bildirib.
Aysel Aslan