“Kərpic kəsən kişi”lər niyə yoxdur?

Valideynlər “diplom” xəstəliyinə tutulub
-Peşə məktəbi öz fəaliyyətini yerli şərait nəzərə alınmaqla qurmalıdır. Rayonda hansı təsərrüfat sahələri geniş yayılıbsa, peşə məktəbi də o sahələr üzrə kadr hazırlığına önəm verməlidir...


Valideynlərimizin bir çoxu "diplomaniya” azarına - diplom xəstəliyə mübtəla olub. Diqqət edin, söhbət ali savaddan yox, məhz diplomdan gedir. Əksər valideynlər övladının diplomlu olması üçün min cür əziyyətə qatlanır. Bəzilərini uşağın savadlı olub-olmadığı maraqlandırmır, sadəcə, diplomlu olsun, yetər. Əslində, burada valideynlər bəlkə də ən sonuncu günahkardır. Günahın böyüyü işə düzəlmək üçün müraciət edənlərdən mütləq şəkildə diplom tələb olunması, həmçinin ixtisar dalğası gələndə ilk növbədə diplomsuzları sürüyüb aparmasıdı. Doğrudur, konkret ixtisaslar var ki, diplomsuz işə qəbul qeyri-mümkündür.

Müəllim, həkim, hakim... Amma bu da reallıqdır ki, çox zaman diplomda yazılan ixtisasdan tamamilə fərqli işlərə aidiyyətsiz diplomlarla qəbullar gerçəkləşir. Belə olan halda valideynin "övladımın əlində diplomu olsun, sonrası asandı, çalışıb bir iş taparıq” prinsipi ilə hərəkət etməsi də nə qədər qəribə səslənsə də, doğal görünür.

İnsan bir peşənin sahibi olmalıdır ki, dar gündə sənəti ilə çörək pulu qazana bilsin

Bununla belə "uşağın gələcəyini düşünüb” diplom ardınca qaçan valideynlər, bəzən əksinə, övladlarını bədbəxt edirlər. Yaşlılar, ağsaqqallar nahaq demir, insan bir peşənin sahibi olmalıdır ki, dar gündə sənəti ilə çörək pulu qazana bilsin.
Hamımız Nizami Gəncəvinin "Kərpickəsən kişinin dastanı”nı oxuya-oxuya böyürürük; Şam şəhərində xeyli qoca bir kişi vardı...
Toxuyardı özünə yaşıl otlardan köynək, 
O ruzi qazanardı, hər gün kərpic kəsərək... və s. Bir dəfə cavan oğlanın qocanın yanına gəlib ona ağıl öyrətməyə çalışması da, qocanın cavabı da "Onunçün öyrətdim ki, əlimi bu sənətə, bir gün sənə əl açıb düşməyim xəcalətə, Deyiləm heç kəsə xəznədən ötrü möhtac, Əlimin zəhməti ilə toxdur gözüm, deyil ac” yaddan çıxana oxşamır. "Sirlər xəzinəsi”ndən bu parçanı orta məktəbdə demək olar hamı əzbərləyirdi.
Belə görünür ki, sadəcə əzbərləmişik, anlamamışıq və örnək almamışıq. İşsizlik zəmanəmizin böyük problemlərindən biridir. Ən yüksək inkişaf yolu keçmiş ölkələrdə də insanlar işsizlikdən əziyyət çəkir. Çünki texnologiyalar insan əməyini sıfra endirib. İş tapmaq həqiqətən çox çətindir. Bütün dövrlərdə və zamanlarda çörəyini qazana bilən yeganə zümrə həmişə məhz sənətkarlar olub. Dərzi, çəkməçi, papaqçı, balıqçı, elektrik, işıq, qaz ustası, kafel-metlax ustası, bənna, suvaqçı, motorist, çilingər, dülgər, avtomobil təmirçisi... daha hansıları deyək?! Ustalar var ki, gündəlik 5-10 manat qazancları ilə böyük bir ailəni təmin edir. Qız köçürür, oğul evləndirir. Gərək elə hamı hüquqşünas, marketoloq, menecment olsun?! Evimizin suvağı töküləndə, ya qaz, işıq çəkmək lazım gələndə menecment dəvət etmirik. Ustanı çağırırıq. Nə bəladısa, diplom xəstəliyi xalqın belini qırır. Avropada gənclər sənətkar olmaq üçün səy göstərir, çünki bu sahədə rahat çalışıb, rahatca qazanc əldə edəcəklərini bilirlər. Bizimkilərsə 11 il orta məktəb, 4 il ali məktəbin bakalavr pilləsi, "ağıllılar” 2 il də magistraturada oxuyub, nəticə etibarilə ya işsiz qalır, ya da ixtisasından kənar işlərdə çalışmağa məcbur olur.

Peşə təhsilinə maraq artır?

Bu məsələyə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili, akademik İsa Həbibbəyli toxunub.
"Azərbaycanda valideynlər daha çox ali təhsilə maraq göstərirlər. Hər kəs övladının hansısa peşəyə yiyələnməyindənsə, onun ali təhsil alması barədə düşünür”. Trend-in məlumatına görə, İ.Həbibbəyli deyib ki, son illər həyata keçirilən islahatlar nəticəsində gənclərin peşə təhsilinə marağı nisbətən artıb. Bu il peşə təhsilinə qəbulun nəticələri - ilk peşə təhsili müəssisələrinə qəbul planının tam dolması, cüzi yerlərin qalması gənclərin bu sahəyə olan marağını təsdiq edir. Bunu nəzərə alaraq, Azərbaycanda ilk dəfə olaraq, Milli Məclis tərəfindən "Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb. Burada peşə təhsilinin inkişafı, lisenziyalaşdırılması, dövlət və özəl sahələrin birgə əməkdaşlığı, məzunların işlə təminatı, bu sahəyə dair strateji yol xəritəsinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapıb. İnanırıq ki, ən yaxın zamanda Azərbaycanda peşə təhsili rəqabətədavamlı sahələrdən biri olacaq”.
Qeyd edək ki, bir müddət öncə təhsil naziri Mikayıl Cabbarov da peşə təhsili məsələsinə toxunaraq peşə məktəblərinin rasionallaşdırılmasından danışmışdı və şagirdlərin iş yerlərində istehsalat təcrübəsinə cəlb ediləcəyini bildirmişdi. Nazir qeyd etmişdi ki, Mənzil İnşaatı Dövlət Agentliyi ilə əməkdaşlığa əsasən, bu ildən tikinti və quraşdırma üzrə Dövlət Təhsili Mərkəzinin şagirdləri iş yerində istehsalat təcrübələrinə cəlb edilib. Növbəti tədris ilindən etibarən, ölkənin ən iri işə götürənlərindən biri olan "Gilan Holding”lə qarşılıqlı əməkdaşlıq çərçivəsində sifarişlər əsasında əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlığının həyata keçirilməsi nəzərdə tutulur.

"Bənna da ixtisaslı olmalıdır”

Peşə ixtisası təhsilinin inkişafı ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev peşə təhsilinin çox vacib sahə olduğunu və valideylərin buna önəm verməli olduqlarını dedi: ixtisaslı kadr qıtlığı yaşandığını dedi:
- Hazırda ixtisaslı peşə təhsilli kadr qıtlığı yaşanır. Xüsusilə, tikinti, energetika, kənd təsərrüfatı sahələri üzrə mütəxəssislər, ixtisaslı kadrlar çatışmır. Birinci səbəb odur ki, 90-cı illərin əvvəllərində sovetlərin vaxtındakı sovxozlar, fermalar dağıdıldı. Sovet illərində mexanikləşdirilmiş fermalar vardı. Ot mal-qaranın qarşısına gətirilirdi, su sağımında əl əməyi demək olar, aradan qaldırılmışdı. O zamanlar kənd təsərrüfatı üçün xüsusi kadrlar hazırlanırdı. Həm ali məktəblər səviyyəsində, həm də peşə məktəbi səviyyəsində. Rayon mərkəzlərində peşə məktəbləri vardı, kənd təsərrüfatının yerli imkanları nəzərə alınaraq kadrlar yetişdirilirdi. Bu sistem dağıldı, uzun müddət durğunluq oldu, indi yavaş-yavaş bu sahələr dirçəlməyə başlayır. Fermalar, istehsal sahələri yaradılır. Tədris sahəsində də irəliləyiş başlayıb. Peşə təhsili üzrə Dövlət Proqramı qəbul olunub. Dövlət Proqramına əsasən peşə təhsilinin maddi-texniki bazası gücləndirilməlidir. Ötən il Təhsil Nazirliyi xüsusi bir layihə həyata keçirməyə başladı - regionlar üzrə mərkəzləşdirilmiş peşə məktəblərinin yaradılması layihəsi. Məsələn, Saatlı, Salyan, Sabirabad rayonlarının pambıqçılıq təmayüllü, Quba, Xaçmaz rayonlarının bağçılıq, cənub bölgələrinin subtropik xüsusiyyətinə uyğun çayçılıq, subtropik meyvələrin yetişdirilməsi və s. nəzərə alınaraq bu regionlarda kənd təsərrüfatının həmin sahələri üzrə peşə məktəblərinin yaradılmasına başlandı. Hələ ki, sayları azdır, ancaq mən ümid edirəm ki, yaxın zamanlarda müsbət nəticələr əldə edilər. Bölgələrdə peşə məktəbləri var, amma fəaliyyətləri zəifdir. Gərək ölkənin ümumi iqtisadi inkişaf proqramına uyğun kənd təsərrüfatına da diqqət artırılsın. Kənd təsərrüfatı üzrə təhsilli kadrların hazırlanmasında peşə məktəbi rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Peşə məktəbinin təcrübə sahəsi olmalıdır. Çünki burada praktika çox önəmlidir. Peşə məktəbləri təsərrüfatlarla əlbir fəaliyyət göstərməlidirlər, bilməlidirlər ki, tələbə harada təcrübə keçəcək. Peşə məktəbi öz fəaliyyətini yerli şərait nəzərə alınmaqla qurmalıdır. Rayonda hansı təsərrüfat sahələri geniş yayılıbsa, peşə məktəbi də o sahələr üzrə kadr hazırlığına önəm verməlidir. Peşə məktəbi yerli ehtiyacları öyrənərək fəaliyyət göstərməlidir. Kənd təsərrüfatı sahəsində nəinki sıravi fəhlələrə - traktorçu, kombayn ustası, mexanizator və sairəyə, həmçinin savadlı kadrlara ciddi ehtiyac var. Aqronom da, zootexnik də savadlı, bilikli olmalıdır. Hazırda biz görürük ki, bütün dünya ekoloji fəlakətlə üz-üzədir. Elə kadrlar hazırlanmalıdır ki, onlar təbiətin vura biləcəyi ziyanları vaxtında aradan qaldırmaq gücündə olsunlar. Elmləri, bilikləri sayəsində. Görürsünüz, deyirlər, filan yerdə dolu təsərrüfatlara ziyan vurub. Bu dolunun qarşısını almağın yolları, üsulları var. Mütəxəssislər onu yaxşı bilir. Bizim bu sahə üzrə keyfiyyətli kadrlarımız olsa, təbiətin şıltaqlıqlarının qarşısı alınar. Təsərrüfatlara da az ziyan dəyər. Amma görünür ki, bu sahədə çatışmazlıqlar mövcuddur. Bu baxımdan peşə təhsilinin inkişafı, kənd təsərrüfatı üçün ixtisaslı kadrların hazırlanması vacibdir. Eləcə də, digər istehsal sahələrində ixtisaslı kadrların olması vacibdir. Hamı mühəndis ola bilməz ki. Kimsə işıqçı, dülgər, xarrat, mexanik olmalıdır. Bunlar da ixtisasdır. Binanın layihəsini memar hazırlayır. Tikintini isə inşaatçılar, fəhlələr - daşyonan, suvaqçı, bənna aparır. Biz çalışmalıyıq ki, bənna da savadlı olsun, qaynaqçı da, motorçu da. Peşə təhsili məktəblərinin əsas vəzifəsi ixtisaslı, savadlı işçi qüvvəsi yetişdirməkdir.

Məlahət Rzayeva