Məqalə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
Kinomuzun zəngin inkişaf potensialı var
Sadəcə, bu potensialı hərəkətə gətirmək, yeni yaradıcı qüvvələrə geniş meydan vermək lazımdır
"Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri”
"Bu kino ki var, çox qəliz məsələdir, həm qəliz həm də vacib”. Rəhmətlik aktyorumuz Səməndər Rzayevin "Bəyin oğurlanması” filmindəki bu replikası kino sənətinə verilən ən böyük qiymətlərdən biridi bəlkə də. Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Hətta sovet rejiminin qılınc kəsən dönəmində belə, filmlərimizdə bizə xas olan dəyərlərimiz o qədər düşünülmüş, ustalıqla verilib ki, hər dəfə bu filmlərə baxanda tamaşaçı özü üçün yenilik tapır. 120 illik böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən Azərbaycan kinosu yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə, vahid ideologiyaya xidmət edib. Sənət milli düşüncəyə, dövlət və dövlətçiliyə, cəmiyyətin inkişafına xidmət etməlidir. Böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib.
Milli kinomuzun tarixi yolu
Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetlər - "Bibiheybətdə neft fontanı yanğını”, "Şəhər bağında xalq gəzintisi”, "Qafqaz rəqsi”ndən və bir bədii kinosüjetdən - "İlişdin”dən ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətlər (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradıldı. 1915-ci ildə adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov dəvət olundu. Filmdə Lütfəli bəy rolu Hüseyn Ərəblinskiyə həvalə edildi.
1918-ci ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu.
1945-ci ildə Ü.Hacıbəyovun "Arşın mal alan” musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar R.Təhmasib və N.Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bildilər. "Arşın mal alan” filminə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə SSRİ Dövlət Mükafatına layiq görüldülər. 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində, "Bakı kinostudiyası”nın əsas istiqamətinin bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldiyi bu dövrdə yalnız "Fətəli xan” və "Bakının işıqları” bədii filmləri çəkildi. "Qızmar günəş altında”, "Kölgələr sürünür”, "Onun böyük ürəyi”, "Onu bağışlamaq olarmı?”, "Böyük dayaq”, "Telefonçu qız”, "Ögey ana” filmlərində bunları görmək mümkündü. 60-cı illərin əvvəllərindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişlənir. "Koroğlu” bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir. "Arşın mal alan” filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyil gücləndi. "Görüş”, "Bəxtiyar”, "O olmasın, bu olsun”, "Əhməd haradadır?”, "Ulduz”, "Arşın mal alan”, "Qayınana” və s. filmlərdə bu ənənə davam etdirildi. 70-ci illərdə "Uşaqlığın son gecəsi”, "Gün keçdi” filmləri özünə tamaşaçı topladı və indi də baxımlı filmlər sırasındadır. 70-ci illərin sonralarında və 80-ci illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artır. Ssenariçi R.İbrahimbəyovla rejissor R.Ocaqovun filmlərində mürəkkəb psixoloji vəziyyətlər, əsil insan ləyaqəti ilə əlaqədar müşahidələr, xudbinlik, sərtlik, mərhəmətsizliyə qarşı etiraz kimi mövzulara meyil güclüdür. "İstintaq”, "Bağlı qapı”, "Özgə həyat”, "Ölsəm, bağışla” filmlərində bunu aydın hiss etmək mümkündü.
Ötən əsrin sonlarında milli kinomuzda durğunluq illəri yaşansa da, filmlər çəkilirdi. Qarabağda gedən müharibə və onun fəsadları kinolentlərə köçdü - "Fəryad”, "Ağ atlı oğlan” və s. İndi milli kinomuza dövlət qayğısı filmlərin çəkilişinə daha da təkan verib. Dövlət sifarişi ilə çəkilən filmlərin sayı artır, gənc rejissorlara öz potensiallarını nümayiş etdirmək üçün yeni imkanlar verilir. Bir sözlə, milli kinomuzda yeni simalar, yeni ideyalar görürük. "Qala”, "Qırxıncı qapı”, "Cavad xan”, "Niyyət”, "Hökmdarın taleyi” və daha neçə-neçə filmlərimiz ölkəmizdən kənarda da öz tamaşaçılarını heyran qoyur.
Milli kino günü
Müstəqil Azərbaycanın kino sənəti isə 1993-cü ildən formalaşmağa başlayıb. Həmin illərdə incəsənətin bu vacib sahəsi, sözün əsl mənasında, məhv olmaq təhlükəsi ilə üzləşmişdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə incəsənətə olan diqqət artırıldı. Milli kinematoqrafiyanın qazandığı ən mühüm uğurlardan biri "Kino haqqında Qanun”un qəbul edilməsi oldu. Bununla dövlət kinematoqrafın hüquqi bazasını yaratmış oldu. Qeyd edək ki, MDB ölkələri arasında Rusiyadan sonra yalnız Azərbaycanda belə bir qanun qəbul edilib. Kino çəkilişlərinə dövlətin qoyduğu vəsait ilbəil artırılır. Bu sahəyə 2000-ci ildə 600 min, 2004-cü ildə 850 min, 2005-ci ildə 1 milyon 400 min, 2006-cı ildə 2 milyon, 2007-ci ildə isə 3 milyon 300 min manat vəsait ayrılıb. Bütün sahələrdə olduğu kimi, kinoda da durğunluq dövrü aradan qaldırıldı.
2000-ci ildən etibarən, 2 avqust tarixi Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.
Beynəlxalq müsabiqələrdə ən çox nümayişi olan yerli film...
Dahi Üzeyir Hacıbəylinin qələm məhsulu olan "Arşın mal alan” iki dəfə 1945 və 1965-ci illərdə ekranlaşdırılıb. Xarici ölkələrdə ən çox nümayiş etdirilən Azərbaycan filmidir. "Arşın mal alan” 136 ölkədə nümayiş etdirilib, 86 dilə tərcümə edilib.
İddialı sənədli Azərbaycan filmi
Rejissor Rüfət Əsədovun çəkdiyi "Kənddə sonuncu yəhudi” filmi son illərin ən iddialı sənədli ekran əsəri sayılır. Film hələlik cəmi iki ölkədə - İsrail və ABŞ-da nümayiş etdirilsə də, hər ikisində əsas mükafatın sahibi olub. Sənədli filmin bundan sonra da qatılacağı festivallardan uğur qazanacağına şübhə yoxdur.
"Bəxtli” ekran əsəri
"Güllələnmə təxirə salınır” filmi yalnız möcüzə nəticəsində "sağ qalıb”. Maddi çatışmazlıq səbəbindən çəkilişləri on il müddətinə təxirə salınan filmin rejissoru Ələkbər Muradov onu yenidən diriltmək istədikdə əvvəllər çəkilən lentləri tapa bilmir. Uzun çək-çevirdən sonra filmin yazıldığı lentlər Moskvada tapılır. Əslində rəhmətlik Ələkbər Muradovun "Güllələnmə təxirə salınır” filminin taleyi ilə bağlı mənim özümün də maraqlı xatirəm bu yazını hazırlarkən yadıma düşdü. Filmin çəkilişləri bitmişdi, çəkiliş meydançasından maraqlı fotolar əldə edə bilmişdim. Film barədə də müəyyən bilgiləri topladıqdan sonra material hazırladım. Filmin əsas qəhrəmanı, Azərbaycanın xalq artisti Fuad Poladovun da çəkildiyi bu filmə xüsusi bir marağım yaranmışdı. Elə bu maraq məni filmin ekranlara gəlməsi xəbərini yazmağa vadar etdi. O zamanlar Ələkbər Muradovla əlaqə yarada bilmədiyimdən rejissor fikri yazıda yer almamışdı. Bu da təbii olaraq rejissoru incitmişdi. Yazı dərc olunduqdan sonra Ələkbər Muradov nəşriyyatın dəhlizləri ilə redaksiyamıza daxil olub, "O qızı axtarıram” deyərək məni soraqlayırdı. Yaxınlaşdım, özümü təqdim etdim ki, axtardığınız o qız mənəm. Əvvəlcə çox sərt baxışlarla məni təzim etdi -”Axı məndən xəbərsiz mənim filmim haqqında necə yaza bilərsiz?” deyə iradını bildirdi. Bir az sakitləşməyini gözlədim, yer göstərdim ki, oturaq həmsöhbət olaq. Bir stəkan çay süzüb söhbətə başladıq. Qısa müddət sonra yaranan soyuqluq aradan qalxdı. Ələkbər Muradovla sonralar dost da ola bildik. Bilmirəm niyə, amma "Güllələnmə təxirə salınır” filmi onun yaradıcılığında xüsusi yer tuturdu. Qaldı filmin itməsinə və sonradan rejissorun onu necə tapmasına, bunun da maraqlı tarixçəsi olub. Necə? Rejissor kinostudiyanın zirzəmisindən min bir çətinlik hesabına tapdığı lentlərin yararsız hala düşdüyünü görür. Artıq kimsə inanmırdı ki, onlar nəyəsə yaraya biləcək. Amma rejissor inamını itirmir. Lentləri uzun fasilədən sonra yararlı hala gətirir. Nəticədə bu gün də maraqla izlənilən əmircanlı Xan haqqında filmi bizə qaytarır.
Oskara namizəd Azərbaycan filmi
Bu, yuxarıda haqqında danışdığımız "Çölçü” filmidir. Filmin əsas uğuru ilk dəfə olaraq nüfuzlu "Oskar” mükafatının "Ən yaxşı xarici film” nominasiyasına təqdim edilərək, uzun siyahıya düşməsidir.
Ən çox filmə çəkilən Azərbaycan aktyorları
Xalq artisti Şahmar Ələkbərovun adıyla bağlı 148 ekran işi var. Təbii ki, bunların hamısı onun çəkildiyi bədii filmlər deyil. Bu rəqəmə aktyorun çəkildiyi bədii və sənədli filmlər, ondan bəhs edən sənədli proqramlar, rejissor kimi çəkdiyi bədii və sənədli filmlər, ən nəhayət səsləndirdiyi filmlər daxildir.
Rasim Balayevdə bu rəqəm 113, Həsən Məmmədovda isə 73-dür.
Milli kinoya dövlət dəstəyi
2008-ci il avqustun 4-də cənab Prezidentin Sərəncamı ilə təsdiq olunan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” artıq öz müsbət nəticələrini verir. Prezident İlham Əliyevin imzaladığı sərəncamda isə kino sahəsində məsələlərin həlli kompleks şəkildə qoyulur. Belə ki, proqramın qəbulundan sonra kino sənətimizdə əsaslı yeniliklər müşahidə olundu, kinoda yeni inkişaf tendensiyası yarandı. Bu həm filmlərin çəkilişində, həm nümayişində, həm də texniki təchizatın gücləndirilməsində özünü büruzə verir. Onu da bildirək ki, son bir neçə ildə Azərbaycanda dövlət sifarişi ilə 70-dən çox sənədli, 30-dək tammetrajlı film çəkilib. 2006-2011-ci illərdə ekran əsərlərimiz 40-dək ölkədə, 100-dən artıq festivalda uğurla iştirak edib.
64-cü Beynəlxalq Kann Kinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil olunub. Londonda film festivalı keçirilən "XV Rainbow” Beynəlxalq Film Festivalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış "Çölçü” filmi "Ən yaxşı bədii film” nominasiyasında mükafatlandırılıb.
Kinoşünas-alim Aydın Kazımzadənin Azərbaycan kinosu barədə maraqlı açıqlamaları oldu: "Son illər müxtəlif prodakşnlar tərəfindən çəkilən komediya filmlərini və serialları Azərbaycan kino sənəti ilə bir tutmaq olmaz. Azərbaycan kinosu deyərkən kinostudiya tərəfindən çəkilən filmlər nəzərdə tutulur. Bura "Dolu”, "Nabat”, "Qanlı yanvar”, "Çölçü” və digər filmləri nümunə göstərmək olar.
Son dövrlərdə çəkilən filmlərimiz arasında Aqil Abbasın eyniadlı romanı əsasında çəkilən "Dolu” filmini xüsusi qeyd etmək olar. Yerli tamaşaçıların rəğbətini qazanan film Rusiya və Türkiyədə də kinosevərlərə təqdim olunub. Bu filmi "məğlubiyyət haqqında ən yaxşı qələbə filmi” adlandırırlar”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızının da Azərbaycan kinosu barədə maraqlı fikirləri var. Zülfiyyə Eldarqızı Azərbaycan kinosunun 120 illiyi ilə bağlı Prezident sərəncamını çağdaş kinomuzun inkişafına böyük dəstəyin təzahürü kimi qiymətləndirdi: "Azərbaycan kinosu, birmənalı olaraq, dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycan dövlətinin kino siyasəti bu sahəni inkişaf etdirməyə, milli kinomuzu dünya kinosuna qovuşdurmağa böyük dəstəkdir. Son 10 ildə milli kinomuzun siması tamamilə dəyişib.
Tarixi köklər üzərində inkişaf edən kinomuz eyni zamanda da dünyanın müasir sağlam kino tendensiyalarından kənar deyil. Demək olar ki, kino inkişafdan dayanmışdı. Lakin dövlət kinoya yardım etdikdən sonra kinomuz ayağa durdu. Azərbaycan kinosu dövlət dəstəyi nəticəsində xilas oldu.” Z.Eldarqızı qeyd etdi ki, Azərbaycan kinosunun 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi yalnız müasir kinoya dəstək deyil, bu həm də kino tariximizə, böyük kino irsimizə böyük hörmətin ifadəsidir.
Son illər çəkdiyi filmlərlə Azərbaycan milli kinosunu dünyanın ən mötəbər kino festivallarında təmsil edən kinorejissor Şamil Əliyevlə də milli kinomuzun bu gunündən danışdıq. Şamil Əliyevin milli kinomuzun gələcəyinə inamı böyükdü: "Hər bir xalqın mədəniyyətində, incəsənətində kino sənətinin xüsusi yeri var. Zaman-zaman kinomuzun inkişafı ilə yanaşı, tənəzzülü dövrü də yaşanıb. Ancaq bu gün Azərbaycan kinosu inkişaf edir. Dövlət başçısının "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 4 avqust tarixli sərəncamı Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı həmin Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin müvəffəqiyyətlə icrasının nəticəsidir. Kino tarixinə ekskursiya etsək, bu zəngin kino dünyasında maraqlı məlumatlar əldə etmək imkanı qazanmış olarıq. 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərini isə Azərbaycan kino tarixinin ən çətin dönəmi adlandırmaq mümkündür. Yeni əsrin başlanğıcında kino sənətimizi tamamən itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldıq. Bu acı həqiqət təbii ki, kino sahəsində olanları narahat etməyə bilməzdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə "batmış gəmi”ni yerindən tərpədə bildi. Milli Kino Günü təyin edildi. O gündən Azərbaycan kinosunun yeni mərhələsi başladı. Bu missiyanını davamını isə cənab prezident İlham Əliyev davam etdirir. Azərbaycan filmləri 300-dən çox ən nüfuzlu beynəlxalq kino festivallarda iştirak edib, müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.
Təvazökarlıqdan uzaq olsa da, bu prosesin inkişafına xidmət göstərdiyimdən bəzi məqamları diqqətə çatdırmaq istərdim. Bakıda İncəsənət İnstitutunu bitirmişəm. Sonra İsveçrənin "Avanti” və İFASK layihəsi üzrə beynəlxalq kino kurslarında təhsil almışam. Mən 4 məşhur kinematoqrafçı, Oskar mükafatı laureatlarından dərs almışam.1992-ci ildə "Azərbaycanfilm” kinostudiyasında "Təsadüfi görüş” adlı qısametrajlı film çəkmişəm. Bu film bir neçə nüfuzlu beynəlxalq kinofestivalda mükafat qazanıb. ABŞ-ın Hyuston beynəlxalq kino festivalında Azərbaycanı təmsil edirdi və bu ölkədə göstərilən ilk Azərbaycan filmi olub ki, Azərbaycana mükafat gətirmişdi. Heydər Əliyev Fondunun sifarişi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iki sənədli film çəkdim. Onlardan biri "Azərbaycan xalçası” , digəri isə "İz qala” filmləri idi. Filmlərim, bütövlükdə, 70-dən çox beynəlxalq festivalda iştirak edib, 30-a qədər mükafat qazanıb. Ən uğurlu beynəlxalq taleyi olan filmim isə 2012-cü ildə çəkdiyim "Çölçü” filmi oldu. 5 qitədə 37 beynəlxalq festivalda bu film 13 mükafat alıb.
"Çölçü” dünyanın 4 məşhur kino karifeyinin adına təsis edilmiş mükafatların laureatıdır. "Çölçü” filmi ABŞ-ın, Avropanın bəzi ölkələrinin, İngiltərənin və Hindistanın kino məktəblərinin tədris proqramına salınıb. Mən bütün bunları ölkəmizdə mədəniyyətə, incəsənətə, o cümlədən kinomuzun inkişafına yaradılan münbit şəraitin nəticəsi hesab edirəm. Yeni ssenarim də var. Hələlik, "Xalı” adlı bu ssenari barədə danışmaq istəmirəm. Amma yaxın zamanlarda bu yeni işimlə bağlı məlumat verəcəyəm”.
Azərbaycan kinosunun zəngin inkişaf potensialı var. Sadəcə, bu potensialı hərəkətə gətirmək, yeni yaradıcı qüvvələrə geniş meydan vermək lazımdır. Kino sənətimizin 120 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident sərəncamı da məhz milli kinomuzun inkişafına yönəlmiş çox dəyərli bir sənəddir.
Tahirə Məmmədqızı