Şahbaz Xuduoğlu: "Oxucu azlığı ilə bağlı qınaqları düzgün hesab etmirəm, ortada oxunacaq bir əsər yoxdursa, insanlar niyə əlavə xərc çəkməlidir"
Mirmehdi Ağaoğlu: "Kitab oxumaq istəyən nə qədər insan var ki, mütəmadi şəkildə kitab almağa gəlirləri imkan vermir"
"Forbes” jurnalı 2018-ci ilin 11 ən çox qazanc əldə edən yazıçılarının adlarını açıqlayıb. Onlar cari ildə ABŞ-da 24,5 milyon ədəd kitab sata biliblər və bunun müqabilində 283 mln. dollar vəsait qazanıblar.
Yazıçı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə "Sputnik Azərbaycan"a deyib ki, bütün dünyada kitaba münasibət dəyişib: "İnsanlar kitabı əyləncə kimi qəbul edirlər. Azərbaycan balaca ölkə olduğu üçün burada böyük tirajla kitablar çıxa bilməz. Amma tanınmış yazıçılarımız heç olmasa 5-7 min sayla kitab nəşr etdirə bilər. Kitabın yayılması üçün mütləq reklam lazımdır. Televiziyalar yerli yazarların kitablarını təqdim etsələr, bu işə faydalı olar. Bizim yazıçılarımızın dünyaya çıxması üçün böyük işlər görülməlidir. Kitab təbliğ olunmalıdır ki, oxucuya çatsın”.
Qeyd edək ki, Azərbaycan reallığında çap olunan kitabın tirajı naşirləri və əsər müəlliflərini daim düşündürən məsələdir. Kitabın tirajı nə qədər olmalıdır ki, tələb-təklif arasındakı tarazlıq pozulmasın.
İndi nəşr olunan kitabların böyük bir qisminin tirajı 1000-2000-dən o yana keçmir. Yazarlar da hesab edir ki, obyektiv səbəblərdən ölkədə çap edilən kitabın orta tirajı çox aşağı olur.
"Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun fikrincə, ötən illərə nisbətən Azərbaycanda nəşr olunan kitabların tirajı 1000-i keçib. O, 5-10 il əvvəl bu sahədəki durumun daha pis olduğunu deyib:
"İnsanların kitabı əyləncə kimi qəbul etməsi məsələsinə gəldikdə isə fikrimcə, bəzi kitablar məhz əyləncə məqsədi ilə yazılır və oxunur. Detektiv janrında yazılan bədii əsərlər bunun üçün alınır. Amma elə kitablar da var ki, elm öyrənmək, dünyagörüşünü formalaşdırmaq, bilgilənmək, konkret bir sahəni mənimsəmək üçün oxunur. Bir naşir olaraq Azərbaycanda əyləncə tipli kitabların daha az satıldığı qənaətdindəyəm. Nəinki tarixi, elmi, siyasi, bədii əsərlər. Tirajın az olması elə bir böyük problem deyil. Təki kitab oxunsun və oxucular oxumağa kitab tapsın. Gərək yaxşı kitab olsun ki, oxucular da alsın. Oxucu azlığı ilə bağlı qınaqları düzgün hesab etmirəm, ortada oxunacaq bir əsər yoxdursa, insanlar niyə əlavə xərc çəkməlidir. Maraqlı kitab nəşr olunan kimi oxucu tələbatı artır”.
Yazar Mirmehdi Ağaoğlu isə hesab edir ki, kitabın satışına təsir edən onlarla səbəb var. Biri də əhalinin sosial durumudur:
"Məncə, kitab tirajının və alıcılığının az olmasının başlıca səbəbi əhalinin aylıq gəlirlərinin az olmasıdır. Kitab oxumaq istəyən nə qədər insan var ki, mütəmadi şəkildə kitab almağa gəlirləri imkan vermir. Əgər o zümrənin gəlirləri kitab almağa imkan versə, kitabların tirajları da xeyli artar”.
Şəymən